Seriallar şüuraltımıza nələri ötürür? – PSİXOLOQ XƏBƏRDARLIQ EDİR

14:43 - 13 İyun 2019 - Cəmiyyət

Son 10 illiklərdir ki, TV məkanın ən baxımlı verilişləri seriallardır. Tamaşaçılar saatlarla həm yerli, həm də əcnəbi serialları izləməkdən doymur, yeni seriyasını səbrsizliklə gözləyirlər. Serialların mövzusu isə müxtəlif olur məişətdən bəhs edən, romantiki, dramatik, yaxud da komediya janrında. Demək olar ki, bu rəngarəng serialların hər birinin öz tamaşaçısı olur və televiziyalarda ən çox baxılan, reytinqlərdə birinci olanlar da bu seriallar olur. Buna görə də tələbatı nəzərə alaraq sezon finalına çıxan serial filmlərinin ardınca yeni-yeni  seriallar çəkilir. O da həqiqətdir ki, çəkilən serialların heç də hamısı yüksək keyfiyyətli, zövq oxşayan, səviyyəli süjet xəttində olmur. Diqqət etdikdə görürsən ki, çox bəsit mövzularda çəkilmiş, ucuz gülüş üzərində qurulmuş, bayağı sözlərdən ibarət komediyalar, şiddət, nalayiq sözlər, mənəvi dəyərlərə zidd hadisələrin baş verdiyi seriallar daha üstünlük təşkil edir. Təbii ki, bütün bunlar da səbəbsiz deyil və bu cür neqativ halların hamısı reytinq xatirinə edilir. 

Serial aludəçisinə çevrilən qadınlar

Bilirik ki, serialların əsas tamaşaçısı evdar qadınlardır. Mütəxəssislər bildirir ki, həmin qadınların əksəriyyəti  serial aludəçilərinə çevrilirlər və özlərini serial aləmində hiss etməyə başlayırlar. Ağlayırlar, hirslənirlər, depressiyaya düşürlər. Bütün işlərini ertələyərək günlərinin əksər hissəsini ekran qarşısında keçirirlər ki, bu da uşaqların diqqətdən kənar qalmasına, ev işlərinin yığılıb qalmasına gətirib çıxarır. Bir növ seriallara aludəçilik baxımlılıq yaradır. Sosioloqlar isə düşünür ki, bu hal hətta ailələrdə söz-söhbətin yaranmasına, hətta dağılmasına belə səbəbiyyət verir. Məsələn ailələrdə problemlər yaranır, xanım həyat yoldaşından daha çox şey gözləməyə başlayır. Həmçinin kişilər də, qadınlar da səbəbsiz yerə həyat yoldaşlarını qısqanmağa başlayırlar. Bir-birinə yalan söyləmə, şiddət, çətinliklərə qarşı dözümsüzlük yaranır, bu isə ailənin dayaqlarının laxlamasına səbəb olur.

Artıq özlərini serial qəhrəmanı kimi hiss etməyə başlayırlar...

Həmçinin illərlə eyni seriala baxanlar artıq özlərini həmin qəhrəmanlar kimi hiss etməyə başlayırlar. Orada göstərilən kimi, nikahsız həyat, öz məqsədinə çatmaq üçün min cür hiyləyə əl atmaq və.sair kimi arzuolunmaz davranışlara meylliyi gücləndirir. Yəni seriallarda baş verənlər real müstəviyə keçir. Bu isə heç də təqdirəlayiq hal deyil.  Televiziya kanallarında yayımlanan seriallar insanların boş zamanlarını maraqlı keçməsi üçün yayımlanır. Lakin seriallar aylarca, hətta illərcə davam etdiyinə görə istər-istəməz insanlara təsirsiz ötüşmür. Əslində serialı çəkənlərin əsas məqsədi yüksək reytinq və pul qazanmaqdır. Bu məqsədə nail olmaq üçün aktyorlar səylə çalışaraq serialda hər cür macəra, dedektiv və romantik hadisələrə geniş zaman ayırırlar. Bu isə insanların psixologiyasında, süuraltında dərin izlər qoyur.

Bunun fəsadları heç kimi düşündürmür...

Psixoloq Gülnar Orucova serialların mövzusu və bunun insan psixologiyasına təsiri ilə bağlı danışır ki, bu cür çəkilişlərdə vaynerlər güldürmək üçün etikadan uzaq səhnələrdən,  sözlərdən istifadə edirlər ki, bu da bizim milli mənəvi dəyərlərimizə uyğun deyil: “Yaxud çəkilişlərdə şiddət səhnələri olur. Məsələn, əgər bir ailə övladını kötəklə tərbiyə edirsə, 10 ailə sözlə tərbiyə edir. Bu cür çəkilişlərdə elə göstərirlər ki, Azərbaycanda aiələlərdə bu cür neqativ davranışlar var. Amma bu belə deyil. İnsanlar efirdən örnək götürürlər. Amma bunlar yaxşı örnək deyil və insanlarda mənəvi travmalar yaradacaq. Bəzən insan gördüyünü real qəbul edir və normal qəbul edir ki, bunu edirlərsə deməli düzgündür. Məsələn, ata qızını döyərək tərbiyə edirsə, mən də edə bilərəm. Bunun fəsadlarını isə heç kim düşünmür”.

İntihar halları, depressiya, psixoloji travmalı gənc nəsil

“Belə səhnələrin həyatda tətbiq edilməsi, intihar hallarının sayının artmasına, depressiyaların, psixoloji travmalı gənc nəslin yetişməsinə səbəb olur. Yəni çalışaq ki, özümüzü sözlə ifadə edək, güldürəndə belə, güldürmək xətrinə hər yola əl atılmamalıdır. Gülüş də səviyyəli olmalıdır. Necə ki keçmişdə bizim komediya artistlərimiz güldürürdülər, amma etikadan kənar çıxmırdılar. Amma hazırda bu ənənə pozulub. Bəzən elə sözlər deyirlər ki, onlar yanlış mənada işlənir. Daha çox yanlış mənalarda işlənib, insanı güldürmək xətrinə bu sözlərdən istifadə olunması gənclərdə etikadan uzaqlaşma, belə deyək o sözlərin adiləşməsinə və gələcəkdə öz yaxınlarına qarşı işlətməsinə gətirib çıxarır. Yəni o sözü o qədər adiləşdiriblər ki, insan həmin sözü yaxınlarına da işlədir. Hətta yanlış işlədilən bu sözün əsasında bəzən gənclər arasında kütləvi davalar da düşür, ailələrdə problemlər də yaranır, hansı ki, elə sözlər var ki, onları işlətmək olmaz”-deyə G.Orucova qeyd edir. Psixoloq söyləyir ki, çox zaman, səhnədə kişilər qadın paltarları geyinərək, insanları güldürməyə çalışırlar. Keçmişdə isə belə deyildi. Obraza girə bilərsən, amma  bütün səhnələrdə bunu tətbiq etdikdə , həddindən artıq bayağı formada edəndə yaxşı görünmür.

Şiddət süjetli seriallar  nəinki uşaqlara, hətta  böyüklərə də pis təsir edir

Gülnar Orucova həmçinin qeyd edir ki, teleseriallarda göstərilən şiddət mövzuları insanlarda psixoloji sarsıntılara səbəb olur: “Şiddət aqressiyadan yaranır. Hazırda insanlar özləri şiddətə, aqressiyaya meyllidirlər. Çox zaman bunu maddi durumla bağlayırlar, amma kifayət qədər maddi imkanı yaxşı olan, ancaq şiddətə meylli insanlar var. Bu insan psixologiyasına və hadisələrə yanaşma mövqeyindən irəli gəlir. Fikir versəniz bəzi seriallarda “13 yaş +” qoyulur. Artıq onun süjetində nalayiq  sözlər və şiddətə meyllik olur ki, yəni özləri də anlayırlar ki, bu doğru bir şey deyil. Əgər doğru olsa, heç bir yaş məhdudiyyəti qoyulmaz. Şiddət xarakterli süjetlər, nəinki uşaqlarda, hətta böyüklərdə də pis təsirə səbəb olur. Və bunu real yaşamda da həyata keçirməyə çalışırlar. Yəni insanlar gördükləri neqativ halları  normal qəbul edir və onu tətbiq etməkdə heç bir qəbahət görmürlər”. 

Mütəxəssi dəyərləndirməsindən də aydın olur ki, serialların insan psixologiyasına təsiri danılmazdır və təəssüf ki, əksər hallarda bu arzuolunmaz yöndə olur.  Təbii ki, seriallara baxmaq olar, amma bu zaman diqqət etmək lazımdır ki, o sadəcə bizim əyləncəmizi təmin etmə vəzifəsini daşısın. Həyatımızın bir parçasına çevrilib, şəxsi dünyamıza müdaxilə etməsin...

Xəbər xətti