Günay Mehdizadə: “Fərqlənmək istəyirsinizsə heç kimi təkrar etməyin, özünüz olun”

11:00 - 18 İyun 2019 - Müsahibə

“Qanımız, genimiz, yaddaşımız bizə hər zaman dəstək olub”

Müsahibimiz tanınmış rəssamdır, eyni zamanda təcrübəli, peşəkar kuratordur. Ancaq gördüyü işlər bir rəssamın əldə etdiyi nailiyyətlərdən də ötədir. O, Türkiyə və Azərbaycanın mədəni əlaqələrinin qurulmasında önəmli bir missiyanın daşıyıcısıdır. Gördüyü işlər, əldə etmiş olduğu nailiyyətlər bunu deməyə əsas verir.

Onun yaradıcılıq nümunələri təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də uğurla nümayiş etdirilir. Günay Mehdizadə müasir rəssamlar içərisində özünəməxsus üslubu, dəsti-xətti olan, geniş yaradıcılıq imkanlarına malik, çox istedadlı bir rəssamdır. Onun Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə Türkiyədə fərdi sərgiləri yüksək şəkildə nümayiş etdirilib. 

İzmirdə rəssamın “Azərbaycan qardaşlıq və iş birliyi dərnəyi”nin fəxri üzvü seçilməsi, onun sənət uğurları ilə yanaşı həm də son illərdə Türkiyə və Azərbaycan arasında mənəvi körpü” rolunu oynamasının dəyərləndirilməsi kimi qəbul olunmuşdu. Onun Türkiyə Respublikasının qurucusu Atatürkə həsr etdiyi portretin bu gün görkəmli dövlət xadiminin Ankaradakı ev-muzeyində sərgilənən yeganə rəssamlıq əsəri olması da ilk növbədə azərbaycanlı yaradıcının istedadına olan rəğbətin ifadəsidir.

Eyni zamanda bu əsər Türkiyə Cümhuriyyətinin milli sərvəti kimi elan olunub. Ən sevindirici hallardan biri budur ki, Günay Mehdizadə çoxşaxəli yaradıcılıq diapazonuna malik rəssamdır. O, həm modern, avanqard, həm klassik, həm portret, həm də miniatür janrında rəsmlər çəkir. Bu o deməkdir ki, onun xüsusi baxışı, xüsusi tərzi var. Müsahibimizin bir sıra əsərləri Türkiyənin ayrı-ayrı muzeylərində sərgilənir.

 Son illər isə Günay Mehdizadəni beynəlxalq festivalların Azərbaycan üzrə təşkilatçısı kimi görürük. Belə ki, 15 aprel-4 may tarixlərində Türkiyədə böyük nüfuza sahib olan Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbaycan “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə təmsil olunmuşdu. Bu layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçısı, geyim  rəssamı məhz Günay Mehdizadə idi. Onlar bu festivalda 3 böyük mükafatla geri döndülər.

Geri döndükdən sonra bir çox layihələr imza atan Günay Mehdizadə ilə söhbət edib, yeniliklərini xəbər aldıq. Qeyd edim ki, iyun ayının 18-i müsahibimizin doğum günüdür.

- Günay xanım, doğum gününüzü təbrik edirik.
- Çox sağ olun, minnətdaram.

- Ad gününüzü necə qeyd etməyi düşünürsünüz? Bildiyimizə görə, ad gününüzlə bağlı sərginiz olacaq…
- Bəli, olmalıdır. Hansı təşkilatın edəcəyini demək istəmirəm. Başım qarışıq olduğu üçün işləri çatdırmaq çətin olur. Amma bu ayın sonuna kimi etməyi düşünürük. Həmçinin Türkiyənin Ankara şəhərindən ad günümü keçirmək üçün təklif almışam. Ola bilər ki, doğum günümü orda qeyd edim.

- Günay Mehdizadəni rəssam olaraq tanısaq da böyük maştablı layihələrin rəhbəri  və kuratoru kimi də tez-tez mətbuatda uğurlarınızı eşidirik.  Bu iki peşə bir-birinə nə qədər yaxındır?
- Bu iki peşə bir-birinə çox yaxındır. Təkcə rəsm çəkməklə iş bitmir. Bir yerdə dayanmağın tərəfdarı deyiləm. İnsan daima öz üzərində işləməli və özünü istənilən sahədə inkişaf etdirməlidir.  Əgər mən rəssamlıqla bərabər bu işlər də bacara bilirəmsə niyə də olmasın?

Gerçəkləşdirdiyim layihələr hamısı bizim şagirdlərimizin inkişafına, ölkəmizin, mədəniyyətimizin təbliğatına xidmət edir. Ötən ilin oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının əsərlərindən ibarət «Rənglərin qardaşlığı” adlı sərgi keçirdik.

- Yaradıcılığınıza nəzər salanda Mustafa Kamal Atatürk haqqında daha çox bilgilərə sahib olduğunuzu və onu sevərək portretini çəkdiyinizi görürük. Bu sevgi hardan qaynaqlanır?
- Əsərlərimin 80 faizindən çoxu Azərbaycanın milli dəyərləri, memarlıq abidələri ilə bağlıdır. Amma Mustafa Kamal Atatürkün əsərinin bu qədər çox işıqlanmasının səbəbi mənim o əsərlə daha çox tanınmağımla bağlıdır. O da Türkiyədə simpoziumda Azərbaycanı təmsil etdikdən sonra baş verdi. Mustafa Kamal Atatürkə üç böyük əsər və bir heykəl həsr etmişəm.

- Sizin kuratoru, dizayneri olduğunuz “Aləmin Nəfəsi: Nəsimi” tamaşası Kayseri 14-cü məktəblərarası Teatr festivalında 3 mükafata birdən layiq görüldü. Təəssüratlarınızı eşitmək istərdik.
- Ankaradan mənə çox gözəl bir təklif gəldi. Azərbaycan Milli Konservatoriya nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri ilə bu festivalda iştirak etdik.  Bundan öncəki il Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibindəki İncəsənət Gimnaziyası ilə Bursa Zəki Müren Gözəl Sənətlər Liseyi “Qardaş məktəblər” layihəsi həyata keçirdim.

Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “100 illik xatirələr” adlı proqramla Zəki Müren liseyində çıxış edik. Bu dəfə isə Nəsimi ili ilə əlaqədar möhtəşəm bir tamaşa  hazırladıq. İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında nümayiş olunan “Aləmin Nəfəsi:Nəsimi” tamaşası Kayseridə böyük ruh yüksəkliyi ilə qəbul olundu. Festivalın nüfuzlu ekspertləri bizim tamaşamız, dekorasiyası haqqında dəyərli fikirlər səsləndirdilər.

Festivalda dünyanın bir çox ölkələri iştirak edirdi. Onların içərisindən “Aləmin Nəfəsi: Nəsimi” tamaşamız 3 nominasiya üzrə – “Ən yaxşı səhnə dekorasiyası”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktyor oyunu”na görə mükafatlara layiq görüldü.

- Fikrinizcə, yaxşı rəssam olmaq üçün haradan və necə başlamaq lazımdır?
- Yaxşı rəssam olmağın iki yolu var. Birincisi, ya tanrı səni istedadlı yaratmalıdır, ya da sən öz üzərində çalışaraq, var gücünü ortaya qoyub amalın uğrunda mübarizə aparmalısan. Yəni gedib rəssamlığın sirlərini öyrənərək edə bilərsən.

Amma öz əsərini yaradacaqsansa bu tanrının sənə verdiyi istedaddır. Buna görə də yaxşı rəssam olmaq üçün insan daima çalışmalıdır. Dünyadakı bütün texnikaları öyrənməlidir. Azərbaycanı duyaraq yeni bir üslublar yaratmalıdır. Fərqlənmək istəyirsinizsə heç kimi təkrar etməyin, özünüz olun.

 Bütün əsərlərim mənə məxsusdur, kimisə təkrar etməmişəm. Mənim üçün hər şeydən vacib olan təhsildir, elm və yenilikdir. Sizi şəxsiyyət edən bir müəllimdir. Müəllimin düzgün yönləndirməsi vacib faktorlardan biridir. Tanrı sizə bir neçə yol açır. İstedadınız olmalı, özünüz çalışmalısınız və sizi düzgün yolda istiqamətləndirən müəllim olmalıdır.

- Əsərlərinizdə milli ənənələr, metallığımız, irsimiz öz əksini tapıb. Onları çəkərkən nələr düşünürsünüz?
- Biz azərbaycanlıyıq və bunu heç vaxt unutmamalıyıq. Elə bir ailədə böyümüşəm ki, nənəm xalçaçı, dərzi olub. Onun dövründə elə çox gəlin paltarları yox idi. O, xüsusi gəlin donları tikirdi. Uşaq vaxtı bunlar mənim diqqətimi cəlb edirdi və çox böyük maraqla izləyirdim.

Təbii ki bunlar öz təsirini göstərir. Biz hər zaman teatr, konsert, balet və s. hər bir növ mədəni tədbirlərə valideynlərimiz bizi aparırdı, orda iştirak edirdik. Milli ənənə insanların daxilində olur. Biz hansısa bir yerdən məlumat alırıq, öyrənirik. Amma özümüz kimi olduqda yeni bir şey yaradırıq. Elə bil ki, Üzeyir Hacıbəyli dünyada nə qədər opera dinləsə də, muğamın üzərində dayanıb. Və o muğamın üzərində durduğu üçün dünyada, yaddaşlarda qalıb.

Yaxud dahi rəssamlardan Səttar Bəhlulzadə ola bilər ki, texnikaları çox yerdə baxıb öyrənib. Amma o, hər zaman rəsm əsərlərində Azərbaycanın milli dəyərlərini göstərib. Bizim qanımız, genimiz, yaddaşımız bizə hər zaman dəstək olur. Bu bizə ruh, ilham verir. 

- Adətən rəsmi çəkərkən tarixlə maraqlanıb, ona köklənibmi çəkirsiniz?
- Mütləq. Heç bir şeyi məlumatsız etmək olmaz. Xüsusilə də, mənim son zamanlar Heydər Əliyev, İlham Əliyev, Mustafa Kamal Atatürkə aid işlədiyim tarixi əsələr var. Həmçinin Xocalıya aid böyük bir kompozisiyam var. Bu elədir ki, burda tarixi də, kompozisiyanı yaxşı bilmək lazımdır. Bir fiquru digərinin yanına qoymağa diqqət yetirmək lazımdır ki, onun mənası dəyişə bilər. Rəssam keyfiyyətli bir iş ərsəyə gətirmək istəyirsə, çox şey bilməlidir.

- Siz Azərbaycanda kifayət qədər tanınmış rəssamsınız, ancaq son illər sizi mədəni layihələrin təşkilatçısı kimi daha çox görürük. Gələcəkdə yalnız təşkilati və kurator işi ilə məşğul olmanız və rəssamlıqdan uzaqlaşmağınız gözlənilirmi?
- Yox, qətiyyən. Elə şey ola bilməz. Mən rəssamam. Mən özümlə bərabər bir çox gənclərə də yol açmağa, özlərini büruzə verməklərinə yardımçı olmağa çalışıram.  Üzərində işlədiyim, bitirdiyim rəsm əsərlərim çoxdur, onları hələ göstərmək lazımdır. Bu işlərdən də aldığım bazanı toplayaraq ola bilər ki, yeni bir texnika, üslub yaradım.

- Qarşıda yeni layihələriniz varmı?
- Qarşıda bir çox işlərimiz var. Moskvada üzv olduğum Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının üzvüyəm. Ola bilər ki, orda sərgi açarıq. Türkiyə ilə mən hər zaman çalışıram. Ola bilsin ki, Qarabağ, teatr və musiqi mövzusunda festivallar həyata keçirək. Qarşıda iki böyük portret işləməliyəm. Bunlarla yanaşı bir neçə layihə etməyi düşünürəm.

Könül Oruc


Xəbər xətti