Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər

18:15 - 10 İyun 2019 - KİVDF

Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir.

Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır; MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır.

Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər; MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Qeyd edək Kİ, MPM-in 418.3 və 418.4-cü maddələrində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin prosessual əsasları göstərilib. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Bu və ya digər prosessual pozuntunun apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq kassasiya məhkəməsi həll edir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.

Bundan fərqli olaraq, MPM-in 418.4-cü maddəsində apellyasiya məhkəməsinin qərarının, hər bir halda, ləğv olunmasına əsas olan prosessual pozuntular nəzərdə tutulub. Bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün şərtsiz əsasdır.

Qeyd edək ki, Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa, qətnamə və ya qərardad hər hansı hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə göstərilməyən hakimlər tərəfindən imzalanmışsa, qətnamə və ya qərardad işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılmışsa, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa, işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa ləğv edilir.

Maddi normalara gəldikdə isə, MPM-in 418.2-ci maddəsinə görə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Kassasiya icraatının bu cəhəti ilə bağlı nəzərə alınmalıdır ki, onun əsas predmetini apellyasiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlməsi təşkil edir. Beləliklə, kassasiya icraatı nəticəsində kassasiya məhkəməsi MPM-in 417-ci maddəsinə uyğun olaraq: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (417.1.1); apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər (417.1.2); apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər(417.1.3); apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;  apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilə (417.1.4); apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. (417.1.5).

Kassasiya və işə yenidən baxan apellyasiya instansiyası məhkəmələri arasındakı mülki-prosessual hüquq münasibətlərinin mahiyyəti də MPM-in məhz 417.1.3-cü maddəsi ilə bağlıdır. Bu mənada, işin MPM-in müvafiq müddəalarının, o cümlədən 372.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yeni apellyasiya baxışına göndərilməsi, bir tərəfdən, ona mahiyyəti üzrə yenidən baxılması zərurəti, digər tərəfdən, bunun MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya qaydasında işə mahiyyəti üzrə baxılmanın imkanları daxilində olması ilə şərtləndirilir.

Xəbər xətti