Niyə kitab oxumuruq?

10:41 - 30 May 2019 - Cəmiyyət

“Bir kitab oxudum həyatım dəyişdi”, bu fikir məşhur türk yazarı Orhan Pamuka aiddir. Və bu qiymətli kəlam kitabın özündə ehtiva etdiyi dəyərləri ən gözəl formada izah edir, kitab oxumağın insan həyatında nə qədər dəyərli bir yer tutduğunu ifadə edir. Kitab oxumaq düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəsini artırır, məntiqli qərarlar qəbul etməyə kömək edir. Uşaqların, yeniyetmələrin, gənclərin mənəvi tərbiyəsində, daxili dünyalarının zənginləşməsində kitabın rolu əvəzsizdir. İndi əvvəlki nəsillərin kitab sevgisi nostaljiyə çevrilib. Müasir gənclərin əksəriyyəti demək olar ki, kitab oxumur, asudə vaxtlarını digər elektronik vasitələrlə keçirir, mənəvi zövqlərini onlarla formalaşdırmağa çalışırlar. Amma kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın, həmçinin onların dünyagörüşünün formalaşdırılmasında böyük rolu var. Buna görə də hazırda kiutab oxuma mədəniyyətinin yenidən qaytarılmasına böyük ehtiyac var. Bu istiqamətdə ictimai maarifləndirmə aparmalı, bağçalarda, məktəblərdə kitab oxumaq vərdişləri aşınmalıdır.

“Uşaqların tərbiyəsində bədii əsərlərin seçilməsi vacibdir”

Elə bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu məsələ ilə bağlı öz fikirlərini bildirib: “Biz tələbə vaxtı hind filmlərinə baxardıq. Kinoteatrda çıxanda hamının, xüsusən qızların gözü yaşlı olardı. İndiki uşaqlar isə "Üzüklərin padşahı" kimi fantastik filmlərə baxırlar, anaya, bacıya, ətraf mühitə sevgi kimi hisslər yox olub gedir".

Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib ki, uşaqların tərbiyəsində filmlərin, bədii əsərlərin seçilməsi vacibdir. 

Burada valideynlərin üzərinə böyük iş düşür

Qaldırılan məsələnin psixoloji məqamları ilə bağlı “Üç nöqtə” qəzetinə danışan Psixoloq Vəfa Rəşidova bildirir ki, uşaqların, yeniyetmələrin milli mənəvi ruhda böyüməsi, tərbiyəsində kitabların, filmlərin də rolu böyükdür: “Amma burada əsas olan valideynlərin roludur. Çünki, onları bu istiqamətə məhz valideynlər yönləndirə bilər. Belə olmadıqda uşaqlar özləri nə filmə, nə də kitablara yönələ bilərlər. Hazırda bir çox valideynlərdən soruşsaq ki, hansı gün ailəliklə bir yerdə film izləmisiniz, görəcəyik ki, hətta bunu xatırlamırlar belə”.

V.Rəşidova vurğulayır ki, yeniyetmələrin əsas inkişaf dövrü 13-14 yaşından başlayır və məhz bu dönəmdə valideynlər onlara telefon alırlar. Onların əsas dialoqları da məhz bahalı telefonlar barədə olur. Övlad və valideyn arasında bundan başqa, vətən, itirdiyimiz torpaqlar və sair haqqında heç bir mövzu danışılmır”.

Psixoloq vurğulayır ki, diqqətsizlik üzündən yeniyetmələr qarşılarına çıxan hər filmi izləyir, bu filmlər isə hər cür ola bilər və onların yaşlarına uyğun olmaya, yaxşı mövzularda olmaya bilər. Bu məsələdə isə mütləq valideynlər uşaqlarını düzgün istiqamətləndirməlidirlər və diqqətli olmalıdırlar. 

Mənəvi zənginliyin açarı

Psixoloq Gülnar Orucova söyləyir ki, əvvəllər hər kəs özünü kitabla inkişaf etdirirdi. Amma indi sosial şəbəkələr həddən artıq inkişaf etdiyinə görə, insanlar kitaba çox müraciət etmirlər: “Ona görə də müşahidə edirik ki, insanlar mənən zəngin olmağın yollarını axtarırlar. Napoleon Hillin belə bir əsəri var, “Düşün və zəngin ol”, o əsərdə yazıçı özü deyir ki, bu kitabı ən azı on beş dəfə oxumalısınız ki, mənən zəngin olmağın yolunu tapasınız. Amma bu gün insanlar daha başqa yollarla mənəviyyatlarını zənginləşdirmək istəsələr də, buna nail ola bilmirlər”.

Gülnar Orucova vurğulayır ki, kitab oxuyan insanla, oxumayan insan arasında böyük bir fərq olur: “Onun zəkasında, düşüncəsində, nitqində, davranışında bu fərqlilik özünü büruzə verir. Diqqət etdikdə görürsən ki, kitab oxuyan insanın nitq qabiliyyəti daha yüksəkdir, nəinki oxumayanın. Hazırda insanları müşahidə etdikdə görürük ki, fikrini izah etməkdə çətinlik çəkən insanlar daha çoxdur. Səbəb isə odur ki, onlar bədii ədəbiyyatdan, digər kitablardan az istifadə edirlər, buna görə də  daha çox özlərini sosial şəbəkələrə həsr etdikləri üçün nitqlərində qüsur yaranıb”.

İnsanlarla ünsiyyət qurma bacarığının zəifliyi

“Elələri də var ki, nitqlərində qüsur olmaqla yanaşı, başqa bir problem də yaranıb. Bu isə insanlarla ünsiyyət qurma bacarığının zəifliyidir. Bu da sırf sosial şəbəkəyə aludə olmaq səbəbindəndir. Bu gün bir insan istəyirsə ki, övladının nitq bacarığı, düşüncəsi, qabiliyyəti artsın, digər uşaqlarla ünsiyyətə girsin, bunun üçün onda kitab oxuma bacarığı aşılamalıdır. Bu isə sırf uşaqlıq dövründən başlamalıdır. 6 yaşda şüuraltı tam formalaşdığı üçün bu yaşa qədər kitab oxuma vərdişini aşılamış olsaq, daha sonra onlar özü onu davam etdirəcək və mütaliə edəcək. Amma elə olur ki, çox zaman biz, uşaqda 6 yaşa qədər bunu formalaşdırmırıq, o böyüdükdən sonra isə deyirik ki, kitab oxumalısan və. s”-deyə psixoloq izah edir.

6 yaşa qədər kitab oxuma vərdişi aşılanmalıdır

Onun sözlərinə əsasən, bu zaman uşaqda kitaba maraq yaranmır: “Çünki o, həmin marağı digər sahələrdə tapıb, sosial şəbəkələrdə, fərqli hobbilərdə öz maraq dairələrini birləşdirib. Bu gün həm də biz özümüz etmədiklərimizi övladımıza etdirmək istəyirik. Misal üçün uzun müddətdən sonra qida rasionumuza faydalı bir qida daxil edirik. Amma həmin qida faydalı olsa da uşaqlar, yaxud evdəki böyüklər onu yeməkdən imtina edəcəklər. Səbəb isə o qidanın rasiona sonradan əlavə edilməsidir. Eləcə də biz özümüz kitab oxumadığımız halda, uşaqlarımıza kitab oxutdurmağa çalışırıqsa, uşaq da buna əməl etməyəcək. Yəni 6 yaşa qədər və məktəbli dövrünə qədər bu vərdiş inkişaf etdirilməlidir”.

Sinifdənxaric oxular yox dərəcəsindədir

G.Orucova qeyd edir ki, əvvəlki illərdə məktəblərdə həftədə bir dəfə sinifdənxaric oxu təşkil olunurdu: “Sinifdənxaric oxu onun üçün təşkil olunurdu ki, uşaqlar kitabı sevsin, əlavə kitablardan yararlansın. Amma bu gün həmin sinifdənxaric oxular yox dərəcəsindədir. Hazırda dərslərdə o qədər əlavə summativlər, testlər var ki, sinifdənxaric oxular yaddan çıxıb. Əvvəlki illərlə müqayisə etsək və statistikaya nəzər salsaq görərik ki, bu gün kitabxanalara müraciət daha azdır. Oxu zallarında adamlar azlıq təşkil edir. Bu isə onun əsasında formalaşır ki, orta məktəbdə bədii ədəbiyyata, qiraətə daha az yer verilir”.

Kitablar olmasaydı...

“Sözlər olmasaydı, yazı olmasaydı, kitablar olmasaydı; tarix olmazdı, insanlıq anlayışı olmazdı”, bu fikirlər isə Herman Hessenindir. Bəli, kitab oxumaq bir mədəniyyətdir. Kitab oxuyan cəmiyyət daha müdrik, daha mədəni, daha bacarıqlı, məntiqli, qabiliyyətlidir. Bu sahənin mütəxəssislərinin də dəyərləndirdiyi kimi, lap körpəlikdən uşaqlara bu dəyəri qiymətsiz vərdişi aşılamaq mütləqdir...

Nazlı

Xəbər xətti