Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir

18:16 - 31 May 2019 - KİVDF

Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz

Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilib. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapıb.

Konstitusiyanın 125 və 127-ci maddələri bu prinsiplərdən bəhs edir. 125-ci maddədəyə əsasən. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. 127-ci maddədə isə qeyd olunur ki, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Mülki prosesin prinsipləri sırasında çəkişmə və Mülki Prosessual Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipləri xüsusi yer tutur. Dispozitivlik və çəkişmə prinsiplərinin həyata keçirilməsində məhkəmənin rolunun müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini bildirib. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur.

Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-51.3-cü maddələri).

Mülki Prosessual Məcəlləsinin 5.1-5.3-cü maddələrinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. 5-ci maddənin 4-cü bəndində qeyf olunub ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.

Məcəllənin 51-ci maddəsi işdə bir neçə iddiaçının və cavabdehin iştirakı tənzimlənir. Bu maddədə bildirilir ki, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Qeyd edək ki, mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu  və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. İmperativ və dispozitiv şərtlərin uzlaşması ilk növbədə mülki – prosessual hüquq münasibətləri subyektlərinin, yəni bir tərəfdən bütün mülki prosessual hüquq münasibətlərinin mütləq iştirakçısı olan məhkəmənin, o biri tərəfdən – digər subyektlərin xarakterini əks etdirir. Hüquqi nizamasalma metodunun imperativliyi bütün mülki prosessual münasibətlərdə məhkəmənin – dövlətin ədalət mühakiməsini həyata keçirən və hakimiyyət səlahiyyətinə malik orqanın iştirakı səbəbindən onların hakimiyyət və tabelilik münasibətləri olmalarını şərtləndirir.

Məhkəmə qanunun tələblərini dəqiq yerinə yetirməli və mülki prosesin bütün digər iştirakçılarından da bunu tələb etməməlidir. Hakimiyyət orqanı kimi yalnız məhkəmə prosessual qanunvericiliyin təsbit etdiyi  məcburiyyət tədbirlərini tətbiq etmək hüququna malikdir. Dispozitivlik isə mülki prosessual hüququn təsirinin digər cəhətini özündə əks etdirir: verilmiş hüquqların və müəyyən olunan vəzifələrin azad, lakin yalnız qanun çərçivəsində reallaşdırılması; bütün subyektlərə bərabər hüquq və vəzifələrin verilməsi və həmçinin onlara zəmanətin verilməsi.

Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün audiatur et altera pars - digər tərəf də dinlənməlidir qaydası tətbiq edilməlidir. MPM-də çəkişmə prinsipinin  təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük veribdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 14-cü maddəsi ilə iş üzrə məhkəmə baxışının prinsipləri tənzimlənir.

MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Qeyd edək ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində-Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.

Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir.

Xəbər xətti