Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi tənzimlənir

18:09 - 29 May 2019 - KİVDF

Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır

İlk növbədə apellyasiya qaydasında şikayət verilməsinin obyekti və predmeti müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraata dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 41-ci fəslinin (Apellyasiya instansiyası məhkəməsində icraat), o cümlədən 372-ci maddəsinin (Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri) təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər.

Bu məcəllənin 372-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (372.1). Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın(372.2). Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

Bunlardan başqa, maddədə qeyd olunur ki, tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.
Beləliklə, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsinin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri apellyasiya şikayətinin həm obyekti, həm də predmeti baxımından müəyyən olunur.

Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir. Məcəllənin 371-ci maddəsi ilə Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi tənzimlənir. Bildirilir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsı.

Qeyd edək ki, bu hədləri üç qrupa bölmək olar:  yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması. Sübutların təqdim edilməsində məhdudiyyətlər MPM-in 371, 372.1 və 372.2-ci maddələrində nəzərdə tutulub.

 MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulub. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:   işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir.

MPM-in 373-cü maddəsi ilə işə baxılması tənzimlənir. Bu maddəyə əsasən, sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin şikayəti ilə və hansı məhkəmənin qətnaməsinə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.

Məcəllənin 374-cü maddəsində isə qeyd edilib ki, sədrlik edən məhkəmə tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə hüququnu izah edir. Etiraz üçün əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin edilməsinin nəticələri bu Məcəllənin 19-23-cü maddələri və bu fəsillə müəyyən olunur. 19-cu maddəyə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.

Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: O, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.

Vurğulamaq lazımdır ki, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.  Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

Bu məcəllə ilə işdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi də tənzimlənir. 373-cü maddəyə əsasən, sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir

(davamı var)

Xəbər xətti