QHT Yevlaxda məlumatlandırma sessiyası keçirib

12:21 - 27 May 2019 - Xəbər

Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Yevlax rayonunda məlumatlandırma sessiyası keçirib.

Tədbirdə Yevlax rayonunda fəaliyyət göstərən Ağdam rayon 23 saylı,  Kəlbəcər rayon 30 saylı, 48 saylı və 85 saylı tam  orta məktəblərdə çalışan 28 müəllim iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Ağdam rayon 23 saylı tam orta məktəbin direktoru Sevinc Əkbərova müasir təhsilin informasiya kommunikasiya texnologiyalarından istifadə edərək aparılmasının əhəmiyyətli olduğunu bildirdi.

Bu istiqamətdə hər bir müəllimin daim bacarıqlarını artırmalı olduğunu qeyd edən S.Əkbərova keçirilən məlumatlandırma sessiyasının da müəllimlər üçün əhəmiyyətli olacağına ümid etdiyini vurğuladı.

Daha sonra çıxış edən layihə rəhbəri Mehman Hüseynov bildirdi ki,  respublikamızda tətbiq edilən elektron xidmətlərin əhatə dairəsi ildən-ilə genişlənir: “Son illər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu istiqamətdə daha aktiv fəaliyyət göstərir. Şura özü elektron xidmətlərinin sayını artırmaqla yanaşı, həm də elektron xidmətlərin təbliği ilə bağlı layihələrə maliyyə dəstəyi verir. İcra etdiyimiz “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi də bunlardan biridir. Layihəsinin əsas məqsədi  məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir”.

Daha sonra məruzə ilə çıxış edən Xalid Kazımov təhsil sahəsinə aid elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verib: “Bu günədək orta məktəblərdə tədris olunan onlarla dərsliyin elektron variantı hazırlanaraq elektron resurslarda yerləşdirilib. Bu günlərdə elektron dərslik portalına V, VI, XI  sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materiallar əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq V, VI, VII, VIII, IX, X, XI  sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər. Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 241 elektron vəsait mövcuddur”.

Daha sonra məruzəçi elektron hökumət portalı, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi vasitəsilə, o cümlədən digər portallar üzərindən göstərilən elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verdi. Təhsil sahəsi ilə bağlı elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə nümayiş etdirildi.

Məruzəçi daha sonra iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradır. E-qht.az saytı üzərindən göstərilən bu xidmət bu il mayın 14-dən etibarən  istifadəyə verilib. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradır. Artıq vətəndaşlar sistemdə qeydiyyatdan keçərək 2019-cu ilin 2-ci qrant müsabiqəsi çərçivəsində Şuraya təqdim olunan layihələrin qiymətləndirilməsində iştirak edə bilər. Vətəndaş, maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab edilir”.

Qeyd edək ki, tədbir zamanı elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.


Xəbər xətti