Laçın rayonunun işğalından 27 il ötür...

00:00 - 18 May 2019 - Xəbər

Azərbaycan Respublikasının Laçın rayonunun işğalından 27 il ötür...

18 may 1992-ci il tarixində Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb.

Ermənistanın işğalı nəticəsində rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib.

Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Laçın rayonunun təbiəti və təbii sərvətləri 27 ildir ki, talan edilir... Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.

Laçın rayonu ərazisində 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları var.

Laçın rayonun təbii sərvətləri talan edilməklə yanaşı, mövcud olan tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib.

Xəbər xətti