Apreldə anomal soyuqlar olsa da, 2004-cü ilin apreli daha soyuq keçib - NAZİRLİK

16:41 - 23 Aprel 2019 - ÖLKƏ İÇİ

 

Bu ilin aprel ayında anomal soyuq hava şəraiti müşahidə edilir, ən soyuq gün isə aprelin 20-də olub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

U.Tağıyeva nəzərə çatdırıb ki, aprelin 20-də Bakıda iqlim normasından 6.6 dərəcə aşağı olub: "Həmin gündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyək isti, havanın minimal temperaturu dağlıq rayonlarda 8-13 dərəcə şaxta olub".

Departament direktorunun sözlərinə görə, aprelin 18, 19, 20 və 21-də ölkə ərazisində havanın temperaturu çoxillik iqlim normasından 3 dərəcədən 6 dərəcəyədək aşağı olub:

"Aprelin 18-dən 22-dək dağətəyi rayonlarda havanın temperaturu iqlim normasından 5-6 dərəcə, Bakıda və Abşeron yarımadasında 4-6 dərəcə aşağı olub. Aprelin 18-21-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi şimal və şərq rayonlarında yağıntı intensiv olub. Ən çox yağıntı Oğuzda olmaqla, 68 mm (70%) Qəbələdə 35 mm (34%), Zaqatalada 129 mm (126%) Şəkidə 73.4 mm (80%), Qubada 38 mm (79%) Balakən də 94 mm (92%), Naxçıvanda 28 mm (72%) Şərurda 29 mm (69%), Lənkəranda 78 mm (140%) Astarada 74.4 mm (118%) qeydə alınıb.

Qırızda 14 sm, Şahdağda 13 sm, Xınalıqda 10 sm, Qusarda 7 sm, Altıağac, Daşkəsəndə 2 sm qar örtüyü əmələ gəlib".

U.Tağıyeva qeyd edib ki, builki aprel ayında anomal soyuqlar müşahidə edilsə də, temperatur göstəricilərinə görə rekord göstərici qeydə alınmayıb. O, 2004-cü ilin aprel ayının daha soyuq keçdiyini xatırladıb.

Xəbər xətti