Bu günə qədər 1,2 milyard manatdan çox ipoteka krediti verilib

19:19 - 9 Aprel 2019 - ÖLKƏ İÇİ

Aprelin 1-ə qədər İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, 26000-dən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.

Fonddan verilən məlumata görə, bu kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (01 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3109 nəfər ailəyə 203 mln. manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə edib.

2018-ci ildən etibarən Fond tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi də həyata keçirilir. Təkcə 2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün ümumilikdə 5,3 mln. manat məbləğində ipoteka krediti verilib. Ümumilikdə, 01 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 mln. manat (353 ədəd) təşkil edib.

Xəbər xətti