Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir

18:28 - 18 Mart 2019 - KİVDF

Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun.

Bu maddənin birinci bəndinə əsasən, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi – beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 206.2 maddəsində qeyd olub ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə –beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Mәcәllәnin 206.1 – 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa düşülür. Bu Məcəllənin 206.2-ci maddəsində "mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar" dedikdə isə Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür.

Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir.
Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.

GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür.
Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi (bundan sonra - qanunvericilik) ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlərin edilməsindən ibarətdir.

Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə gömrük sərhədindən keçirilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin və GM-nin 1.0.34 və 1.0.42-ci maddələrinin tələblərinə müvafiq olaraq daşınar əşyalara aid edilmiş nəqliyyat vasitələri də daxil olmaqla mal hesab edilən istənilən əmlak, eləcə də qanunvericilikdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin müəyyən qaydası və şərtləri müəyyən edilmiş, mal olmayan digər əşyalar (məsələn, beynəlxalq daşımalar üçün istifadə olunan, mal əlamətlərinə malik olmayan nəqliyyat vasitələri, elmi məqalənin əlyazması və ya mal dəyəri olmayan, material daşıyıcıda olan digər əqli mülkiyyət obyekti, xüsusi olaraq faydalı model, sənaye nümunəsi və sair), habelə nağd xarici valyuta, Azərbaycan Respublikasının milli valyutası, yol çekləri, sənədli formada xarici və (və ya) daxili qiymətli kağızlar, qızıl-zinət əşyaları və CM-nin 206.2-ci maddəsində sadalanmış əşyalar aiddirlər.

 Şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar.

Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-nin 82.5-ci maddəsi və sair ).

Gömrük Məcəlləsinin 82.5-ci maddəsində qeyd olunub ki, gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdırılan qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.

 

Xəbər xətti