Rəssam Günay Mehdizadənin yeni sərgisi açılıb- Foto

“Fairmont Hotel”in təşəbbüsü ilə, tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin növbəti sərgisi açılıb.

Açılış mərasimində səfirliklərin nümayəndələri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, sənətsevərlər və jurnalistlər iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə Günay Mehdizadənin yaradıcılıq məziyyətlərindən danışıb, onun müasir Azərbaycan rəssamlıq sənətində özünəməxsus yerindən bəhs edib:

“Çox sevincli haldır ki, bu gün Günay Mehdizadənin Azərbaycanda nümayiş edilən üçüncü fərdi sərgisindəyik. Günay xanım müasir rəssamlar içərisində özünəməxsus üslubu, dəsti-xətti olan, geniş yaradıcılıq imkanlarına malik, istedadlı gənclərdəndir. Bu, çox gözəl haldır ki, Günay xanımın bundan öncə Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə Türkiyədə fərdi sərgiləri yüksək şəkildə nümayiş etdirilib. Bir azərbaycanlı olaraq, bu, bizim üçün çox böyük fəxr hissidir ki, Günay xanımın 2014-cü ildə hazırladığı Mustafa Kamal Atatürkün portreti hazırda Ankarada onun ev muzeyində sərgilənir, eyni zamanda, Türkiyə Cümhuriyyətinin milli sərvəti kimi elan olunub. Ən sevindirici hallardan biri budur ki, Günay xanım çoxşaxəli yaradıcılıq diapazonuna malik rəssamdır. O, həm modern, avanqard, həm klassik, həm portret, həm də miniatur janrında rəsmlər çəkir. Bu o deməkdir ki, onun xüsusi baxışı, xüsusi tərzi var. Onun bir sıra əsərləri Türkiyənin ayrı-ayrı muzeylərində sərgilənir.

Onun “Xocalı” əsəri olduqca dəyərlidir. O, xalqımızın bu faciəsinə özünəməxsus tərzdə yanaşıb. Əsərdə sanki bizim qələbəmiz öz əksini tapır. Personajları çox olan bu əsərdə Azərbaycan bayrağı yüksəklikdə sancılıb. Bu o deməkdir ki, biz gec-tez o bayrağı o torpaqlara sancacağıq. Rəssam özü buna inanır və tamaşaçısını da inandırır.
Onun 2012-ci ildə “Tarix və şəxsiyyət” kitabına daxil edilən “Novruz” əsəri də xalqımızın milli bayramına bir rəssamdan əlavə, bir xanımın, vətənini və onun keçmişini, adət-ənənələrini sevən, onları öz fırçasında yaşadan vətəndaşın baxışıdır. Orada Azərbaycan ab-havasını hiss etdirən rəng çalarları var.

Bu, heç də təsadüfi deyil ki, Günay Mehdizadə həm Azərbaycanın, həm də Türkiyənin rəssamı elan olunub. Biz inanırıq ki, vaxt gələcək o, bütün dünyanı öz fırçasıyla fəth edəcək”.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi Günay Mehdizadənin öz üslubu, yaradıcılıq potensialı və müraciət etdiyi mövzuları ilə təkcə Azərbayanda deyil, Türkiyədə də sevildiyini vurğulayıb: “Günay xanım həqiqətən də modern Azərbaycan rəssamlığında özünəməxsus çox incə, zərif milliliyi və universal tərzi olan rəssamdır. Həm texniki, həm də tematik baxımdan rəsmləri cəlbedicidir. Onun avanqard, modern, klassik və milli əsərləri diqqətdən kənarda qala bilməz. Bu çərçivədə bunlar hələ yeni-yeni gün işığına çıxır. Onun bu üslubu çox dərin və peşəkar mənbədən qidalanır. Günay xanımın müəllimləri Azərbaycan rəssamlıq sənətində öz adını tarixə yazdırmış ustalardır. Müəllimləri Qorxmaz Əfəndiyev, Bəyimxanım Hacıyevanın tərzini Günay xanımın əsərlərində görmək mümkündür. Onlarla yanaşı, Günay xanımın əsas müəllimlərindən biri də Sara Oğuzdur. Ondan gələn sufi temalar da var ki, bu, onun əsərlərinə başqa bir hava verir. Ona görə də Günay xanımın əsərlərinə baxanda həm Qərbin, həm də Şərqin cizgilərini görmək mümkündür.

Bugünkü sərgidə onun avanqard və modern rəsmləri nümayiş olunur. Bundan öncə isə miniatürləri sərgilənirdi. Deməli, artıq Azərbaycanın adını dünya səhnəsində yavaş-yavaş eşitdirə biləcək bir rəssamla qarşı-qarşıyayıq. Ona gələcək yaradıcılığında daha böyük uğurlar arzu edirik”.

Sərgiyə təşrif buyuran hər kəsə sonsuz təşəkkürlərini bildirən Günay Mehdizadə ona və əsərlərinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib: “Bu sərginin təşkili “Fairmont” tərəfindən həyata keçirilib. Onlara təşəkkürümü bildirirəm. Düzünü desəm, bu qədər böyük maraq və diqqət gözləmirdim. Çox insanı dəvət etmək imkanım olmamışdı, amma dəyərli qonaqlarım mətbuatdan eşidib gəliblər. Bu, mənə çox gözəl və xoş duyğular yaşatdı.

Əsərlər birinci və ikinci tərz olmaqla nümayiş etdirilir. Birinci tərz miniatürlərimdir ki, o sərgi oktyabr ayında açılmışdı və hələ də sənətsevərlərin ixtiyarındadır, davam edir. İkinci tərz isə bu gün açılır və yay aylarına qədər davam edəcək”.

Daha sonra müəllif sərgilənən ayrı-ayrı rəsmləri haqqında məlumat verib: “Nar” əsəri Azərbaycanın “Uşaq ensiklopediyası”na daxil edilib. Bu, mənim üçün çox böyük fəxrdir. Burada əsasən Azərbaycanın milli dəyərlərini, tarixi abidələrini əks etdirən əsərlərim nümayiş olunur. Məsələn, “Qız qalası” əsərim də onlardandır. Ümumiyyətlə, bir azərbaycanlı olaraq, mənim əsərlərimin böyük əksəriyyəti Azərbaycanla, bir hissəsi isə Türkiyə, ələxsus Atatürklə bağlıdır”.

Sonra qonaqlar sərgilənən rəsm əsərləri ilə tanış olublar. Onlara sərginin kataloqu təqdim olunub.
Mərasimdə iştirak edən qonaqlardan Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova və başqaları Günay Mehdizadə yaradıcılığı haqqında öz fikirlərini səsləndirib, onun sərgilənən əsərlərindən məmnunluqlarını ifadə edib, müəllifə gələcək fəaliyyətində uğurlar arzu ediblər. (525.az)

Tarix
11 Mart 2019 [13:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-11 13:13:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin