Maariflənərək maarifləndirən aparıcı

19:18 - 7 Mart 2019 - Müsahibə

Vüsalə Səid: “Layihəmə qara yaxanlar sadəcə özlərini biabr etdilər”

Azərbaycan gənclərinin inkişafı üçün əlindən gələni edir. Deyir ki, yekunda Azərbaycanın adı səslənir: “Nə layihə keçirirəmsə, nə yeni işlər görürəmsə, hansı verilişlərə qatılıramsa hamısını ölkəmiz adına edirəm. Milli geyimlərimizi, mətbəximizi, musiqimizi, adət-ənənlərimizi getdiyim bütün tədbirlərdə, layihələrdə əlimdən gəldiyi qədər nümayiş etdirməyə çalışıram”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı “Sinemanın kral və kraliçası” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri, teleaparıcı Vüsalə Səiddir

- Artıq bir neçədir gündür davam edən “Sinemanın kralı və kraliçası” layihəsi başa çatdı. Necə keçdi?
- Bildiyiniz kimi, “Sinemanın kralı və kraliçası” layihəsi Azərbaycanda artıq ikinci dəfə keçirilir. Layihəmizin kastinqi ötən il yanvar ayının 21-də, bu il isə fevralın 23-də baş tutdu. Layihənin bu tarixlərdə keçirilməsinin əsas məqsədi ağrı-acımızı türk qardaşlarımıza çatdırmaq idi. Türkiyədən gələn qonaqlarımız bizimlə birlikdə Şəhidlər və Fəxri Xiyabanda oldular. Və qonaqlarımız ümumilikdə fevral ayının 20-24 aralığında Azərbaycan gənclərini seçmək üçün səfərdə oldular. Layihənin rəhbəri gənclərlə əvvəlcədən görüşdü, yəni seçimə hazırlıq prosesi baş verdi. Artıq ayın 23-də gənclərimiz münsiflər heyəti qarşısında çıxış etdilər.

- Bu ilki layihənin ötən ilkindən fərqi nələr idi?
- Fərq onda idi ki, keçən il münsif heyətində Ceren Kaplakarslan var idi. Lakin onun Türkiyədə çəkilişləri olduğu üçün bu il gələ bilmədi. Aktyor Can Nərgiz əvəz olundu. Və ötən il kraliça olan Aslı Can Azərbaycan qardaşlarına nümayiş üçün münsiflər heyətində oturmuşdu. Digər münsiflər heyəti isə olduğu kimi qalırdı. Layihənin ortaqlarından biri - “BONNE VİE” jurnalının rəhbəri Hakan Solaker şərtlərə əməl etmədiyi üçün layihədən uzaqlaşdırıldı. Layihə ilə bağlı olan şərtlər isə dəyişilməyib, 18-26 yaş arası gənclər cəlb olunurdu. Xanımlarımızın boyu 1.65, bəylərimizinki isə 1.75 nəzərdə tutulmuşdu. Bu il daha bir istisnamız var idi ki, Xocalı hadisələri ilə bağlı tədbirlərə qoşulduq. Mən orda Xocalıdan olan gənclərimizi də cəlb etməyə qərar verdim. Şərtlərə görə uyğun gələn bir xanım və bir bəy seçdik. Amma SOS uşaq kəndindən sadəcə bir xanım cəlb edə bildik, digərləri isə şərtlərimizə uyğun gəlmədi.  Qalib də elə o xanım oldu. Münsiflər heyəti qalib Fəridə Qurbanovanın SOS uşaq kəndindən olduğunu bilmirdilər. Seçimdən sonra onlara dedim. Qeyd edim ki, birinci yerin sahibi Fəridə Qurbanova və Mirzəağa Axundzadə Mədəniyyət və İncəsənət Universitetinin, ikinci yerin sahibləri - Aydan Yeşildağ Musiqi Akademiyasının, Axund Əfəndiyev isə Dənizçilik Akademiyasının tələbələridirlər.

Allaha çox Şükür, layihəmiz uğurla başa çatdı. Mart ayının 31-də Türkiyəyə səfərə gedəcəyik və düşərgəyə qatılacağıq. Qala günü aprel ayının 9-da olacaq. Ona qədər seçilən uşaqlar qalada nümayiş etdirəcəkləri səhnə üçün çox ağır şərtləri olan düşərgə dərsi keçəcəklər. Sonra onlara verilən səhnəni təkcə münsiflər heyəti qarşısında deyil, çağırılan 500-ə yaxın qonaq qarşısında nümayiş etdirəcəklər. Ümid edirəm ki, gənclərimiz ölkəmizi layiqincə təmsil edəcək və biz vətənə qalib şəkildə dönəcəyik.

- Bu layihə ilə bağlı sizə qarşı edilən Qara Piarla necə mübarizə aparırsınız?
- Bu layihəmin başını bürüyən qara buludlara toxunduğunuz üçün minnətdaram.  Amma bu mövzuda danışaraq layihəmi ucuzlaşdırmaq istəmirəm. Çünki bu layihə artıq ikinci dəfə ölkəmizdə qarşı tərəfə nələrisə sübut etmək üçün, kimlərlə isə mübarizə aparmaq üçün keçirilmir. Qarşı tərəf ittihamlar və ünvanıma nalayiq fikirlər səsləndirdiyi üçün və bəzi jurnalistlərimizin reytinq və birtərəfli mövqe tutaraq (jurnalistika etikasına əməl etməyərək) qərəz nümayiş etdirdiyinə görə, heç bir açıqlama verməyərək susdum. Və bu işlə məşğul olması üçün məhkəməyə müraciət etdim. Artıq bu işlə vəkilim məşğul olur. Qarşı tərəf olaraq ölkəmiz adına doğru hərəkət etmədilər. Özlərini biabr etdilər. Deyirlər ki, Vüsalə bizim layihəmizi oğurlayıb. Axı Vüsalə sizdən öncə həyata keçirdiyi layihəni necə oğurlasın?! Belə “gülməli” şeylər danışırlar. Onların layihəsi haqqında danışmaq istəmirəm və mənə maraqlı da deyil.

Layihənin ödənişli olduğunu heç kimdən gizlətməmişik. Hətta ötən il videoçarx da hazırlayıb sosial şəbəkələrdə yerləşdirmişdik. Bu da sosial şəbəkələrdə sübut olaraq tarixi ilə yerləşdirilmiş kimi qalıb. Layihəyənin şərtlərinə əsasən “sinemaguzeli.com” və “sinemaninkralivekralichesi.com” saytları üzərindən fiziki məhdudiyyətli insanlara olunan 150tl bağışdan başqa, Azərbaycan tərəfi bir qəpik də olsa qətiyyən pul almayıb. Layihəmin barter sponsorları, rəsmi tərəfdaşları, informasiya dəstəkçiləri isə hamısı dostlarımdır.

- Bəs layihədən olan gözləntiləriniz özünü doğrultdumu?
- Ötən il olduğu kimi bu il də layihəmiz çox uğrula ərsəyə gəldi. Gözləntilərim özünü doğrultdu, çox istedadlı gənclər toplaşmışdı, ona görə də seçim etmək çox çətin idi. Amma ən layiqli olan qalib gəldi. İnşallah Türkiyədə qala gecəsində də ölkəmizi təmsil edərək qalib olarlar.

- Türkiyədə film sektorunda çalışan sənətçilərlə yaxşı əlaqələriniz var. Niyə özünüzü Türkiyə kino aləmində sınamırsınız?
- Bu istəyə bağlıdır, bu sahədə çalışmaq istəmirəm. Kino sahəsini istəmədiyim üçün isə bu əlaqələri istifadə etmirəm. Türkiyə tərəfi ilə dostluq münasibəti mənə kifayət edir.  Bildiyiniz kimi, uzun illər xəbər aparıcısı olmuşam, İctimai Telekanalda iki yeni layihə üzərində işləyirəm. Bunlardan biri “#itvtech” verilişi, digəri isə “Azərbaycanın dostları” verilişləridir. Hər iki verilişin aparıcısıyam. “Azərbaycanın dostları” verilişində dünyanın hər yerində yaşayan çox məşhur siyasətçilər, incəsənət adamları, alimləri və s. cəlb edərək ölkəmiz və məşhur insanlarımız haqqında fikirlərini bildirirlər. Haqqında danışdığımız məşhurlarla belə layihələr həyata keçirirəm ki, Azərbaycan gəncləri üçün əlimdən gələni edim. Yekunda Azərbaycanımızın adı səslənir.

Nə layihə keçirirəmsə, yeni işlər görürəmsə, verilişlərə qatılıramsa hamısını ölkəmiz adına edirəm. Həm milli geyimlərimiz, mətbəximiz, musiqimiz, adət-ənənlərimizi getdiyim bütün tədbirlərdə, layihələrdə əlimdən gələn qədər nümayiş etdirməyə çalışıram.

- Əvvəllər xəbər proqramlarında çalışmısınız, hazırda isə “#itvtech” verilişinin aparıcısısınız. Texnologiya sürətlə yenilənir, bütün yeniliklərdən anında xəbərdar olmaq sizə çətin olmur?
- Bu verilişlə bağlı İctimai kanaldan təklif gələndə əvvəlcə tərəddüd etdim. Mənim üçün yad sahə idi. Düşünürdüm ki, öhdəsindən gələ bilmərəm. Lakin məni inandırdılar. Və o gündən etibarən texnologiya ilə bağlı bütün layihələri öyrənməyə çalışıram. Əlimdən gələni edirəm. Qəbul etdiyimə heç peşman deyiləm. Maariflənərək maarifləndirirəm. Çox maraqlı sahədir, araşdırdıqca maraqlı məqamlar ortaya çıxır. Təbii ki bunlar hamısı zaman alır. Amma insanın xeyirinə alınan zaman onu xoşbəxt edir. Öyrəndikcə öyrənirəm. Bu sahədə mənə kömək olan dostlarıma minnətdaram. Yaxşı ki, onlar var. Bilmədiklərimi mənə başa salırlar. Birlikdə böyük bir qüvvə və ailəyik.

- İctimai kanalın “Oxşarabad” filminə çəkilmisiniz. Necə oldu təklif gəldi?
- Bu təklifi heç gözləmirdim. Çünki İtv-də təzə fəaliyyətə başlamışdım. Ümumiyyətlə, mənə gələn təkliflərin hamısı çox gözəl qarşılayıram. “Oxşarabad” filmi mənim üçün fərqlilik oldu, sevə-sevə çəkildim. Bilirsiniz ki, bu film rayonda çəkilib və çox soyuq idi. Soyuğu isə heç sevmirəm. Bir də gecə çəkilişləri olduğu üçün çox çətin oldu. Həmçinin Bakıdakı verilişimin çəkilişləri gedirdi, ikisini birlikdə etmək çox çətin idi. Bu filmdə məşhur aktyor və müğənnilərlə birlikdə çəkilmək həm şərəfverici, həm də məsuliyyətli bir hiss idi. Çox az hissədə çəkilmiş olsam belə, bacarmışamsa nə xoş mənə.

- Həyat yoldaşınız da, siz də televiziya sahəsində fəaliyyət göstərirsiniz. Bunun hansı müsbət tərəfləri var?
- Televiziyada çalışmağın mənfi tərəfləri yoxdur. Bəlkə də həyat yoldaşım başqa səhədə çalışan adam olsaydı, məni anlamazdı. Çünki bizim sahə ağırdır, elə olur ki, montaj uzun çəkir, gecə səhərə qədər işləyirik. Bunu başqa sahədə çalışanlar anlamaz və etiraz edərlər. Amma işimizin hər tərəfini bilən adamların bunu qəbul etməsi asandır. Bu baxımdan hər ikimiz rahatıq. Əvvəl bir yerdə işləyirdik, indi ayrı kanallarda fəaliyyət göstəririk. Ailədə əsas olan qarşılıqlı hörmət və bir-birini başa düşməkdir. Əgər bunlar varsa, bu özü elə böyük xoşbəxtlikdir.

- İşləriniz çox olur, ailənizə ayırmağa vaxtınız olurmu?
- İşim həddindən artıq çox olur. Yoldaşım da televiziya işçisi olduğu üçün evə gec gəlir.). Övladıma vaxt ayırmağa çalışıram, əsasən telefonla əlaqədə oluruq. Evimdə köməkçim yoxdur, bütün işlərimi özüm görürəm. Çox şükür çatdıra bilirəm. Övladım da çox məşğul olur, 13 yaşı var və onun dərslərinin ən ağır vaxtıdır. Gələcək üçün seçim etməlidir. İdmanla məşğul olur, üzgüçülüyə gedir, xarici dil öyrənir. Ona görə ancaq axşamlar görüşürük. Yatandan-yatan evə yığışırıq(gülür) Amma nəzarətsiz buraxmıram, görüntülü danışırıq. Boş vaxtımız olan kimi birlikdə əylənirik.

- Bir müddət əvvəl, həyat yoldaşınızla birgə Türkiyə telekanallarından birində “Ben bilmem, eşim bilir” adlı proqrama qatıldınız və qalib oldunuz…
- Bu proqrama daha çox oğlumla, yoldaşım baxırdı. Yarışmaya qatılmağımızı isə oğlumuz istədi. Biz də razılaşdıq. Anketi doldurub onların mail ünvanına göndərdik. Üstündən artıq iki il keçmişdi, Türkiyədən bizə zəng gəldi. Dedilər ki, bizim komanda bu yaxın günlərdə Azərbaycana gələcək və sizinlə görüşmək istəyir. Azərbaycanda 500-ə yaxın ailə qeydiyyatdan keçmişdi, onlar arasından sona cəmi 4 Azərbaycan ailəsi qaldı, biri də biz idik. Bir həftə keçəndən sonra Türkiyədən yenidən zəng gəldi. Söylədilər ki, seçilmisiz, filan tarixdə bura gəlin. Sevə-sevə iştirakçı olduq. Qalib olmaq arzusunda deyildik, sırf əyləncə xatirinə getmişdik. Efirdən baxanda asan görünə bilər, amma orda oyunlar çox çətin olur. Sona qədər uduzurduq, axır vaxtda şans bizim üzümüzə güldü. Qalib olduq, maşını qazandıq. Yaddaşımıza gözəl bir xatirə kimi yazıldı.

Könül Oruc  


Xəbər xətti