Bakıda anasını və qardaşını yandıran şəxs təkrar ekspertizaya göndərildi

22:50 - 20 Fevral 2019 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatət qaldıran təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. Vəkil V.Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib. V.Kolosov təkrar ekspertizaya göndərilib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Ötən məhkəmə iclasında dövlət ittihamçısı V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. İyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək od vurub.
Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır./trend

Xəbər xətti