Əxlaqsız damğası ilə yaşamaqdan qorxub zorakılığa dözən qadınlar

12:35 - 20 Fevral 2019 - Cəmiyyət

Sevinc Fədai: “Ancaq daxili mənəvi və iqtisadi gücünə güvənən qadın öz hüquqlarını müdafiə edərək bütün maneələri aşa bilər”

Nə qədər mətbuatda işıqlandırılsa da, maarifləndirilmə işləri aparılsa da, qadınlara qarşı zorakılıq bu gün də var. Ondan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir. Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, onların inkişafın məhdudlaşdırır.

Müsahibim deyir ki, bütün hallarda şiddətə məruz qalan qadın özü başa düşməli, dərk etməlidir ki, bunu ona yaşatmağa heç kimin haqqı yoxdur: “Onun nəinki qadın, insan kimi hüquqları pozulub və o, öz hüququnu müdafiə etməlidir. Bunun üçün isə ilk növbədə, insan kimi öz həyatına, fikirlərinə dəyər verməli və öz hüququnu bilməlidir. Bilmirsə, öyrənməli, hüquqi dəstək almalıdır”. Müsahibim “Üç nöqtə” qəzetinin qonağı Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədaidir.

“Şiddətə məruz qalan qadın dərk etməlidir ki, ona bunu yaşatmağa heç kimin haqqı yoxdur”

Bir çox qadınlar şiddətə məruz qalsa da, qorxduqları üçün səslərini çıxara bilmir, dözür. Bu məsələyə münasibət bildirən S.Fədai deyir ki, bu, qadının hansı situasiyada və hansı şiddətə məruz qalmasına bağlıdır: “Bizdə adətən şiddət deyiləndə qadının döyülməsi, ağır zədələr alması nəzərdə tutulur. Halbuki, psixoloji və mənəvi şiddətin özü də insan həyatını çətinləşdirir və təhlükə altına salır. Bütün hallarda şiddətə məruz qalan qadın özü başa düşməli, dərk etməlidir ki, bunu ona yaşatmağa heç kimin haqqı yoxdur.

Onun nəinki qadın, insan kimi hüquqları pozulub və o, öz hüququnu müdafiə etməlidir. Bunun üçün isə ilk növbədə, insan kimi öz həyatına, fikirlərinə dəyər verməli və öz hüququnu bilməlidir. Bilmirsə, öyrənməli, hüquqi dəstək almalıdır. Şiddətə məruz qalan qadınların durumu, hansı həyat tərzini, hansı düşüncə və psixologiyada olan insanlarla yaşadığı məlumdur. Deyə bilərsiniz ki, bəzən hüququnu bilmək, müdafiə etmək də yetmir. Qarşısındakı insana bunu izah edə bilmir, bacarmır. Qorxur. Nədən qorxur?

Onları ilk olaraq qorxudan və bu qərardan çəkindirən, ailələrinin boşanmış qızı qəbul etməməsi, cəmiyyətin boşanmış qadına olan tənəli reaksiyası, təkbaşına bu həyatla bacarmaq gücünün, maddi təminatın olmamasıdır”.

Əxlaqsız damğası ilə yaşamaq qorxusu

Qadınların həyat hekayələrinə istinad edərək bir önəmli məqamı vurğulayan S.Fədai deyir ki, kişilər şiddət göstərdiyi qadınların onlarla yollarını ayıracaqlarını öyrəndikləri halda həyat yoldaşlarını təhdid etməyə başlayırlar: “Təhdid edirlər ki, məndən boşansan, səni hər kəsin yanında əxlaqsız kimi təqdim edəcəm, hətta bunu “sübut edərək” analıq hüququndan məhrum edəcəm, övladların sənin üzünə baxmaq istəməyəcək və s. Məhkəmə sistemlərindəki boşluq da qadının əleyhinə işləyir. Və onlar əxlaqsız damğası ilə yaşamaq qorxusundan illərlə şiddətə dözmək məcburiyyətində qalırlar”.

“Özünə güvənən qadınlar bütün maneələri aşa bilərlər”

İB sədrinin sözlərinə görə, ancaq daxili mənəvi və iqtisadi gücünə güvənən qadın öz hüquqlarını müdafiə edərək bütün maneələri aşa bilər: “Şiddətə məruz qalan qadının qərar verərkən, əvvəlcə psixoloji dəstək alması da yaxşı olar. Çünki yaşadığı həyatdan dolayı həmin mərhəldə doğru qərar vermək, eləcə də öz qərarının arxasında dayanmaq iqtidarında olmaya bilər. Onu da deyim ki, əgən qadının təhsili, savadı, dünyagörüşü yoxdursa, şiddətdən qurtulmaq üçün hansı mərhələləri keçəcəyini bilmirsə, qadın hüquqlarını müdafiə edən kəslərə, təşkilatlara müraciət etsin”.

Başlarını dərdə salmaq istəməyən qonşular...

S.Fədai nəzərə çatdırır ki, dəfələrlə qonşu evdə qadının və ya uşağın döyülməsindən narahat olan insanlar olub ki, hansı addımı atacaqlarını bilməyiblər və ya bildikləri halda etməyiblər. Niyə? Çünki insanlar üçün ictimai məsuliyyət anlayışı o qədər də əhəmiyyət kəsb etmir: “Onlar öz rahatlıqlarını, sakitliklərini pozmaq istəmir, loru dildə desək, başlarını dərdə salmaq istəmirlər.

Məsələn, gedib şiddət göstərən şəxslə bir qonşu kimi söhbət etməyə çalışsalar, görəcəkləri reaksiya təxminən bəllidir. Polisə müraciət etsələr, yenə də onlar izahat verməli, prosesin içində olmalıdır. Üstəlik, bu addımı atanların özləri də şiddətə məruz qalan qadının şikayətçi olmaması ilə çətin vəziyyətə düşür və əksəriyyət o çətinliyə düşməyi gözə almır. Amma düşünsək ki, qonşu evdə təhlükədə olan bir insan həyatıdır və biz o həyatı xilas etmək üçün addım ata bilərik. Ən azından həmin qadın mənəvi dəstəyi hiss edər, özündə güc tapar. Və ya ona müraciət edə biləcəyi ünvanlarla əlaqələndirmək olar. Ümumilikdə, bu mənada maarifləndirilməyə, bilgilənməyə ehtiyacı olan xanımlarla söhbətlər aparılmalıdır. Yəni hər kəs öz bacardığını cəmiyyət üçün əsirgəməməlidir.

“Zəmanənin “Başını aşağı sal, öz həyatını yaşa” tövsiyəsi

Həmsöhbətim bildirir ki, tutaq ki, biz sadəcə öz övladımızı, öz ailəmizi düşünüb yaşayırıq, ancaq sabah anası döyülən o uşağın aldığı travmalar müəyyən formada bizim övladımızı da incidəcək və ya ziyan vurmuş olacaq: “Elə ictimai məsuliyyət hissini aşılamaq məhz ailədən, bağçadan, məktəbdən başlamalıdır. Təəssüf ki, indi zəmanənin dəyişməsi, insanların azğınlaşmasını səbəb göstərərək, hər kəs övladına və ya ailəsinə ancaq “başını aşağı sal, öz həyatını yaşa” tövsiyəsi verilir. Amma dediyim kimi, yaşadığın, övladının formalaşdığı mühit çox vacibdir və bu mühiti sağlamlaşdırmaq üçün hər kəs öz beyni və ürəyi ilə çalışmalıdır”.

“Şiddətə məruz qalmış qadının hüquqlarının bərpası mümkündür”

Müsahibim qeyd edir ki, bu gün qlobal səviyyədə sosioloqların apardığı araşdırmaların statistik nəticəsinə görə, dünyada hər 3 qadından biri fiziki, psixoloji və mənəvi şiddətə məruz qalır. İnsanlığın, bəşəriyyətin özünün ən ali inkişaf səviyyəsinə çatdığı, bərabərlik və humanizm prinsiplərinin ön planda olduğu bir dövrdə belə bir statistika əlbəttə ki, insanlıq adına olduqca utancverici bir haldır:
“Hər il istər müvafiq dövlət qurumları, istərsə də QHT-lər və İctimai birliklər tərəfindən yüzlərlə maarifləndirmə tədbirləri keçirilib, insanlar arasında dialoq və anlaşmanın təməl prinsipləri izah edilsə də, cəmiyyətdə şiddət və zorakılıq hallarına tez-tez rast gəlinir. Təbii ki, yaşadığımız cəmiyyətdə qanunların aliliyi prinsipi, məhkəmə-hüquq sisteminin ədalətli təşkili sayəsində hər hansı bir formada şiddətə məruz qalmış insanın, o cümlədən qadının hüquqlarının bərpasını təmin etmək mümkündür.

Bunun üçünsə qadın ilk növbədə yaşadığı şiddət formasının fərqinə varmalıdır. Onu aradan qaldırmaq, öz hüquq və haqlarının bərpası və təmin edilməsi üçün də hüquqi yollara baş vurmalı, şiddətin növünə görə məhkəməyə və ya həmin problemin həllinə məsul olan dövlət qurumuna müraciət etməli, ona yardımçı ola biləcək QHT və İctimai birliklərin yardımından istifadə etməlidir. Təbii ki, bu şiddət halı, hüquq və haqların pozulması məhfumu çox genişdir, onları ayrı-ayrılıqda təsnifləndirmək və hər biri üçün qanunvericilikdə göstərilən hal və müddəaları, cəza, aradan qaldırılma formalarını hüquqşünaslar daha detallı izah edə bilər”.

Məruz qaldıqları şiddəti unudub ailəsini qorumağa üstünlük verən qadınlar...

S.Fədainin sözlərinə görə, bəzən fikirlər səsləndirirlər ki, qadın hüquq müdafiəçiləri susur. Amma belə deyil, çünki onların hüquqlarını müdafiə etdikləri qadınlar qərarlarının arxasında sona kimi dayana bilmirlər: “Onlar gördükləri şiddəti tezliklə unudur və ya unudub həmin ailəni qorumağa üstünlük verirlər. Amma şiddətin baş verdiyi ailəyə ailə demək mümkün deyil axı. Ona görə də qadınların hər şeydən əvvəl bir insan və şəxsiyyət kimi özlərinə sayğı duyduğunu görmək və döyülməyə, söyülməyə layiq olmadıqlarını anlamalarını görmək sevindirici olardı”.

“Heç bir üsul kömək etmirsə, çıxış yolu boşanmaqdır”

Şiddətdən qorunmağın yolunu şiddət gördüyü evdən uzaqlaşmaqda görən İB sədrinin sözlərinə görə, bütün hallarda qadının fiziki gücü ona qarşı durmağa yetmir: “Psixoloji şiddətə məruz qaldıqda danışmaqla, problemləri müzakirə etməklə, ailə psixoloquna müraciət etməklə vəziyyətdən çıxış yolu tapmaq olar. Heç bir üsul kömək etmirsə, çıxış yolu boşanmaqdır. Bunun üçün qadın özündə o gücü, o təfəkkürü, özünə inamı formalaşdırmalıdır. Ailə qurana qədər və sonra da daim özünü inkişaf etdirməlidir. Çünki heç kim hər hansı çətin situasiyadan sığortalanmayıb, kifayət qədər çətinliklərlə üzləşirik və problemlərin öhdəsindən gəlmək üçün gücə sahib olmaq lazımdır. Gücü də bizə təhsilimiz, intellektimiz, dünyagörüşümüz, sağlam ətrafımız, işimiz və maddiyyatımız qazandırır”.

Könül Oruc

 

Xəbər xətti