Cinayət təqibi üzrə sübutların kifayət etməsi məhkəmə baxışının məqsədyönlü aparılmasına kömək edir

18:14 - 19 Fevral 2019 - KİVDF

Sübutetmə ittihamın qanuni həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

İbtidai araşdırmanın növü kimi təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat forması ibtidai istintaqla eyni ünsürlərə malikdir və ümumi prosessual qaydalara uyğun həyata keçirilir. Bu icraat aparılarkən ümumi prosessual qaydalara riayət olunması cinayətlərin tez və vaxtında açılmasına, təqsirkar şəxslərin ifşasına və cinayət qanununun düzgün tətbiqi vasitəsilə ədalətli cəzalandırmaqla məhkum olunmasına və nəticədə cinayət mühakimə icraatının əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.

Bununla yanaşı, məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatı ibtidai istintaqdan fərqləndirən prosessual qaydalar da mövcuddur. Bu qaydalar Cinayət-Prosessual Məcəllənin 293-297-ci maddələrində (Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat) müəyyən edilib. Belə ki, təhqiqatın bu növündə həyata keçirilən icraatın daha qısa müddəti nəzərdə tutulub. Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 (on) gün müddətində aparılır (CPM-in 295.1-ci maddəsi). Sadələşdirilmiş icraat zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və ya nümayəndəsinin yazılı şikayət ərizəsi və ya şifahi şikayətin qəbul edilməsi barədə tərtib edilmiş protokol əsasında, törədilmiş cinayət barədə məlumatları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret şəxs tərəfindən törədilməsini, bu əməlin törədilməsini təsdiq edən sübutları göstərməklə açılır. CPM-in 293.2 maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şifahi formada verildiyi halda o, protokola daxil edilir və şikayəti verilmiş və protokolu tərtib etmiş şəxslər tərəfindən imzalanır. 293.3 və 293.4 maddələrində isə qeyd olunub ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi protokolda qeyd edilir.  Bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq Prokuror cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı şikayətə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açır (294.1.2). Bu icraatın nəticələrinə dair yekun protokol özündə həm təqsirləndirilən şəxs qismində cəlb edilməni, həm də ittihamı ehtiva edir (CPM-in 295 və 296-cı maddələri).

CPM-in sadələşdirilmiş icraatla bağlı qeyd olunan maddələrinin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, CPM-in 214.4-cü maddəsinə  (Cinayət işləri üzrə təhqiqatın aparılması) sadalanan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərin sübut edilməsi cinayət işindən fərqli olaraq, bütün zəruri istintaq hərəkətləri icra edilmədən də həyata keçirilə bilər və bu, məhkəmə baxışında iş üzrə qərar qəbul olunması ücün yetərli sayılır. Belə ki, CPM-in böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətin verilməsi qaydasını tənzimləyən 293-cü maddəsindən aydın olur ki, belə cinayət üzrə yazılı şikayət və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilən məlumatlara cinayət qanunu ilə nəzərdə tutulan əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında xahiş də daxildir. Bu baxımdan cinayət əməlinin törədilməsi, onun törədilmə vaxtı, yeri və üsulu, dəymiş zərər və ən əsası isə cinayəti törətmiş şəxsin ibtidai araşdırmadan əvvəl təqsirkar kimi zərər çəkmiş şəxsə məlum olması (müvafiq sübutlar məcmusu da olmaqla) qanunverici tərəfindən aşkar cinayət kimi qəbul olunur.

Eyni zamanda, nəzərə alınmalıdır ki, CPM-in 139-cu maddəsində (Sübut edilməli hallar) cinayət təqibi üzrə icraat zamanı sübutlarla sübut edilməli hallar göstərilib. Bu maddəyəəsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi, bu halların sırasına cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir.

Təsadüfi deyil ki, qanunverici cinayət mühakimə icraatının vəzifələrindən irəli gələrək CPM-də zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret şəxs tərəfindən törədilməsini təsdiq edən sübutları göstərmək vəzifəsini nəzərdə tutmaqla yanaşı, belə icraat zamanı təhqiqatçının məhkəmə baxışının hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədilə təxirəsalınmaz istintaq hərəkətlərini həyata keçirmək səlahiyyətini müəyyənləşdirib (CPM-in 295.2, 295.3 və 295.4-cü maddələri).

Xüsusilə vurğulanmalıdır ki, ibtidai araşdırmanın bu növündə də cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə təhlil olunur və bir-biri ilə müqayisə edilməklə, onların mötəbərliyi müəyyənləşdirilir. Məcəllənin 138.1 maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 144-cü maddədə isə qeyd edilib ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yalnız cinayət təqibi üzrə yekun və mötəbər nəticəyə gəlməyə imkan verən mümkün sübutların məcmusu cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından sübutların kifayət etməsi kimi qəbul olunur. Məsələn, Məcəllənin 146-cə maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Sübutların məcmusunun toplanması isə  sübut materiallarının lüzumsuz artıq toplanmasına, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır.

 

Xəbər xətti