Mixeil Saakaşvili milliyyətini genetik testlə sübut edib - FOTO

22:45 - 17 Fevral 2019 - DÜNYA

"Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb".

Ucnoqta.Az "Report"a istinadən bildirir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.
O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə izah edib: "Ötən seçkilər sübut etdi ki, etnik azlıqlar bizi dəstəkləyir. Bu halda mənim genetik testimin əhəmiyyəti yoxdur. Mən bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm".

M.Saakaşvili qeyd edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb: "Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib".
Sabiq dövlət başçısı həmçinin ABŞ-da genetik testdən keçdiyini də yazıb: "Test göstərdi ki, mən təxminən 99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər".

 

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər.

 

Daha əvvəl Mixeil Saakaşvili bildirib ki, Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir.

Mixeil Saakaşvili erməni olmadığını genetik testlə sübut edib - FOTO

Xəbər xətti