Ana səhifə
17 Fevral 2019

Apellyasiya məhkəmələri yuxarı instansiya məhkəmələridir

Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir  

Azərbaycanda 2007-ci ilin iyulun 16-dan başlayaraq apellyasiya məhkəmələri fəaliyyət göstərir. Apellyasiya məhkəmələrinin yaradılması ilə ölkəmizdə 3 pilləli (birinci instansiya, apellyasiya və kassasiya) məhkəmə sisteminin əsası qoyulub. Xatırladaq ki, əvvəllər ölkəmizdə ikipilləli (birinci instansiya və kassasiya) məhkəmə sistemi mövcud idi. Məhkəmə sistemindəki bu yenilik “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Qanununun tətbiq edilməsindən sonra mümkün olub. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin regionlarında apellyasiya məhkəmələri fəaliyyət göstərməyə başladı və əvvəl mövcud olan respublika apellyasiya və iqtisad məhkəmələri ləğv edildi.

Qanunvericiliyə əsasən, apellyasiya məhkəmələri mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlərə baxır. Hər bir apellyasiya məhkəməsinin öz yuridik ərazisi olur və yalnız bu ərazidə fəaliyyət göstərən birinci instansiya məhkəmələri tərəfindən baxılan işlər üzrə məhkəmə aktlarından verilən apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə mübahisələrə baxır. Hazırda ölkəmizdə 6 apellyasiya məhkəməsi fəaliyyət göstərir. Bunlar Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Naxçıvan MR Ali Məhkəməsidir. Apellyasiya məhkəmələrinin fəaliyyəti, iş sistemi, səlahiyyətləri “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanunla tənzimlənir.

Qeyd edək ki, Apellyasiya məhkəməsi mülki, iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Apellyasiya məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin  32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.

Apellyasiya məhkəməsi Rəyasət Heyətindən, mülki işlər üzrə kollegiyadan, iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyadan, cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin işləri üzrə kollegiyadan ibarətdir. Apellyasiya məhkəməsinin kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır. Apellyasiya məhkəməsi hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxildirlər. Apellyasiya məhkəməsi hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.

Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.  
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

 Apellyasiya məhkəməsinin Rəyasət Heyəti apellyasiya məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir; qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;
Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin, məlumatlarını dinləyir;
Apellyasiya məhkəməsində baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır; qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 64-cü maddəsi ilə Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iş qaydası tənzimlənir. Bu maddəyə əsasən,Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.

Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər. Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.Onun qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir. onun qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır. Apellyasiya məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri tədbirlər görür.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 65-ci maddəsi ilə  Apellyasiya məhkəməsi kollegiyalarının səlahiyyətləri  tənzimlənir. Apellyasiya məhkəməsinin kollegiyaları: apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar.Apellyasiya məhkəməsinin kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

Apellyasiya məhkəməsinin sədrin bir sıra səlahiyyətləri var. O apellyasiya məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir; Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür;  
Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair apellyasiya məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir; apellyasiya məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir; apellyasiya məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını,müəyyən edir; apellyasiya məhkəməsi və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

(davamı var)

Tarix
12 Fevral 2019 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin