“Mənə bir hərf öyrədənin köləsi olaram”

15:03 - 8 Fevral 2019 - Müsahibə

Mirzəyeva  Nuriyyə:  “Mənim üçün ən böyük hədiyyə uşaqların sevgisidir”

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlıqlarının keşiyində dayanır, mühəndis fabrik və zavodlar işlədir, hündür binalar ucaldır, kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşəsi vardır - müəllimlik. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Deyirlər ki, hər kəsin taleyində müəllimin rolu var. Bu həqiqətən belədir. Müəllim əməyini çox vaxt bağban əməyinə bənzədirlər.
Bağban min bir əziyyətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhvələr verir.

“Üç nöqtə” qəzetinin qonağı İbtidai pedoqogika və metodika ixtisası üzrə müəllimə Mirzəyeva Nuriyədir. Müsahibiz bildirdi ki,  uşaqlar müəllimələrini o qədər sevirlər ki, hətta çəkdikləri rəsmlərdə belə onun sevdiyi rəngdə çəkirlər. İnsan rəsmi çəkəndə belə onun üzünü bənövşə rəngə boyayırlar: “Onların kiçicik dünyalarındayamsa, nə xoş mənə. Bundan gözəl duyğu ola bilərmi?”. 

- İlk öncə özünüz haqda məlumat verin. Oxuyucularımız sizi daha yaxından tanısınlar?
- 1985-ci ildə 5 dekabr Gədəbəy rayonunda anadan olmuşam. 1990-cı ildə Gəncəyə gəlmişik və üçüncü sinfə qədər təhsilimi burda almışam. Sonra 1995-ci ildə Bakı şəhərinə köçmüşük, orta məktəbi Xətai rayonu 191 saylı tam orta məktəbdə almışam. 2004-cü ildə 430 balla Azərbaycan Müəllimlər İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuşam. 2008-ci ildə universiteti bitirmişəm. Universiteti bitirdiyim ildə ailə həyatı qurmuşam. Ailə həyatı qurmaq o demək deyildi ki, mənim müəllimlik arzum sönəcək. Övladım dünyaya gəldi, üç yaşına kimi işləmədim.
Ondan sonra müəllimlik fəaliyyətimlə məşğul oldum. Özəl tədris kurslarından birində fəaliyyətimi davam etdirdim. İkinci övladım dünyaya gəldikdən sonra yenə üç il fəaliyyətimi dayandırdım. Həyat yoldaşım elə bilirdi ki, bu fasilədən sonra mənim müəllimliyə olan sevgim azalmışdır. Lakin bu belə deyildi. Bu illər  ərzində öyrəndiklərimi unutmamışdım. Çünki bildiklərimi, öyrəndiklərimi övladlarımla bölüşürdüm. Məqsədim fərqli müəllimə olmaqdır. Hər kəs müəllim adını daşıya bilər, amma bu ada layiq olmaq lazımdır. 2014-cü ildə övladlarımı baxçaya qoydum və fəaliyyətimi davam etdirdim.

- Uşaqlıqdan bu vaxta qədər sizdə qalan vərdiş hansılardır?
- Hər zaman birincilik arzusu ilə yaşamışam. Təssəvür edin, mən ibtidai sinifdə olarkən belə həmişə ön sıralarda oturmasaydım bağrım çatlayardı(gülür). Hansısa fəndən “4” qiyməti alsaydım, bəlkə də bir ay onu düşünərdim. Bu ibtidai sinif illəri idi. Ondan sonra yuxarı sinif dərsləri get-gedə çətinləşir. Çıxılmaz vəziyyətdə qalırdım, amma birinci olmalı idim. Özümə ən çətini bacara bilərəm deyirdim. Sinifdə hansısa oyun, yaxud bilik üzrə həmişə birinci olmalıydım.
O qədər özümə birinci-birinci dedim, artıq qanıma işləmiş və vərdiş halını almışdı. Universitetdə də belə oldu. Hər zaman orda birinci olmaq barədə düşünürdüm və olurdum da. Universitetdə bilirsiniz ki, baloniya sistemidir. Bir tələbə çıxıb dərs danışırdısa, gələn dəfə danışmırdı. Mən isə hər zaman dərsə hazır vəziyyətdə gəlirdim. Bəlkə də həmin an müəllimə məni dərsə qaldırmasaydı ondan küsə bilərdim. Müəllimlər də məni hər dəfə dərsə çıxartmaq istəmirdilər, çünki o biri tələbələrin qiyməti yox idi. Birinci olmaq vərdişini çalışıram ki, şagirdlərimə, övladlarıma ümumiyyətlə, hər kəsə aşılıyım. 

- Bir qədər tələbəlik illərinizdən danışardınız. Necə keçib tələbəlik illəriniz?
- Tələbəlik illərim çox yaxşı keçib. Tələbə olanda da fərqlənmişəm. Hamı mənə bir təhər baxırdı, çünki qız tipli, oğlan xasiyyətli idim. Sevmək, sevilmək adına qəribə baxırdım(gülürük). Buna görə də çoxları mənlə dostluq etmirdilər. Çünki onların aləmində deyildim. Ancaq dərs oxumaq, birinci olmaq arzusunda idim. Hətta onlar söhbət edəndə belə mən gələn zaman söhbətlərini dayandırırdılar. İnsanların dünyagörüşləri fərqli olur. Tələbəlik illərində unutmadığım bir hadisə vardır. İnformatika fənnindən imtahan verməli idik, müəllim sualları belə verəmişdi.
Bildiyimiz kimi, informatika çox çətin fənndir. Hamı deyirdi ki, kəsiləciyik. Amma mən çalışdım, oxudum və bu fənndan beş qiyməti aldım. Patok üzrə birinci oldum. Hətta universitetə daxil olanda bu qədər sevinməmişdim. Hamıya sübut etdim ki, insan istəsə hər şeyi bacarar. 

- Ailəniz peşənizlə bağlı sizə dəstək olublar?
- Ailəm mənə hər zaman dəstək olub, peşəmlə bağlı heç bir söz deməyiblər, çünki mən diplomumu alanda artıq ailəli idim. Diplomumu həyat yoldaşımla bir yerdə götürdük. Həyat yoldaşım bilir ki, mən bu arzu ilə yaşayıram, nəfəs alıram. O, uğurlarımı gördükcə mənimlə bərabər sevinir və dəstək olur. 

- İstədiyiniz kimi müəllim ola bilmisinizmi?
- Bəli, istədiyim kimi müəllim olmuşam, hətta ən alisindən. Müəllimlərin bəziləri adlarına layiq olmayan hərəkətlər edirlər, rüşvət alırlar. Amma mən belə şeyləri beynimin ucundan belə keçirtməmişəm. Uşaqlarımın valideynlərində belə o düşüncəni yaratmamışam. Bu fərqliliyi ona görə bacarmışam. Mən ancaq o körpələrin sevgisi ilə yaşayan bir insanam. Onlar mənim qanadlarımdır. Necə ki qanadsız quş uça bilməz, mənim də qanadlarım uşaqlardır. Sevgini pulla, maddiyatla ölçmək olmaz. Uşaqlar arasında ayrı-seçkilik qoymuram. Hamısı mənim gözümdə, qəlbimdə öz övladlarım kimidir.
Hətta məni sevməyəni  belə sevərəm ki, ürəyində mənə qarşı nifrət olmasın. O da çox şükürlər olsun istədiyimin artıqlaması ilə qazanmışam. Dediyim fərqli müəllimlik səviyyəsinə gəlib çatmışam. Valideynlər mənim haqda hamıya danışırlar. Deyirlər ki, siz inanmırsız, amma doğurdan da belə müəllimə var. Öz şagirdlərimə analıq duyğusunu dərs zamanı belə yaşadıram. 

- Sizcə, balaca uşaqlarla işləmək çətindi, yoxsa yuxarı sinif şagirdləri ilə?
- Təbii ki, körpələrlə işləmək çətindir. Yuxarı sinif çagirdləri ilə işləmək çox asandır. Mən balaca uşaqların fikirlərinə, dünya görüşlərinə, arzularına heyranam. Amma ən çox zövq balacalarla işləməkdədir. Onların dünyalarının bir parçasıyam. Körpə uşaqlar bəzi şeyləri anlamaya bilirlər. Fəxr edirəm ki, bizim yurdumuzda ağıllı, savadlı,böyük ürəyə sahib olan uşaqlar var. 

- Bu gün müasir təlim metodları ilə dərslər keçirilir. Sizin fikrinizcə müasir müəllim necə olmalıdır?
- Ənənəvi təlimlə, müasir metod arasındakı fərqlər var. Biz əvvəl müəllimə hansısa bir sözü deməyə çəkinirdik. Elə düşünürdük ki, müəllim yemək yemir, içmir. Müəllimdən o qədər qorxardıq ki, hər hansı bir səhvi müəllimə deyə bilmirdik. Əzbərçilik metodu çox idi. “Öyrəndin, gəl danış, otur yerinə, sən orda kimlə söhbət edirsən? Danışma!” - ənənəvi təlim bu tərzdə idi.
Amma indi keçdiyimiz metod isə şagirdi bir şəxsiyyət kimi formalaşdırmağı, fikrini aydın izah etməyi öyrədir, fikrini sərbəst olaraq müəllimə çatdıra bilir. Müəllim bilmədən nəyisə səhv edərsə uşaq bunu müəllimə deyə bilər. Bəlkə onun kiçicik dünyasında doğru yolu göstərən biləcək şagird ola bilər. Şagirdin fikrinə önəm vermək, hörmətlə yanaşmaq lazımdır. Yoldaşlarına tənqid yox, təkliflərini irəli sürə bilərlər. Özlərini dərsdə sərbəst şəkildə aparmalıdırlar. Hal-hazırda bizim təlimlərimiz belə keçirilir. Hətta mən şagirdlərimi vətənpərvər bir insan kimi yetəşdirirəm. Onlar artıq kiçik yaşlarında olanda belə hansı torpaqlarımızın işğal altında olduğunu və düşmənlərimizin kimlər olduğunu əzbər bilirlər. 

- Balaca uşaqlarla işləmək necə bir duyğudur?
- Balaca uşaqlarla işləmək çox gözəl bir duyğudur. Onların dünyalarında yer almışam. Bənövşə rəngi çox sevirəm. Uşaqlar evdə rəsm çəkəndə belə hər şeyi bənövşəyi rəngə boyayırlar və dərsə gələndə isə göstərirlər. Buna çox sevinirəm, ürəyim fərəhlənir. Hətta gecə yatanda onlar mənə, onlara səs atmasam yatmırlar. Valideynlər deyirlər ki, sizi bezdirdilər. Deyirəm ki, onlar məni ruhlandırır, yaşadır. İnsan sevgidən bezərmi heç? Mənim üçün ən böyük hədiyyə uşaqların sevgisidir. 

- Daha öncədən müəllim olmaq istəmisiniz?
- Bəli, müəllimə olmaq mənim uşaqlıq arzum olub. Daha əvvəldən müəllim olmaq istəmişəm. Deməli, mən ibtiadi sinifdə oxuyarkən yoxlama dəftərlərimiz dolmuşdu. Müəllim onları aparacaqdı, mən müəlliməmdən çox çəkinirdim deyə heç nə deyə bilmirdim. Bir gün özümdə o cəsarəti topladım müəlimimin yanına getdim ki, müəllimə, siz o dəftərləri mənə verə bilərsiz? Müəllimə dedi ki, qızım, nə edəcəksən bunları, sənə ağır olar. Dedim ki, müəllimə mən də böyüyəndə sizin kimi müəllimə olacam, dəftərləri yenidən özüm yoxlayacam. Anam gəldi, müəllimə dəftərləri anama verdi. Anamla evə getdik, ona qırmızı qələm aldırıdm. Dəftərləri müəllimə kimi yenidən yoxladım. 

- Özünüzü şanslı hesab edirsiniz?
- Özümü çox şanslı hesab edirəm. Hər hansı bir  işim yaxşı getməsə belə bilirdim ki, pis bir hadisə yaxşı hadisəyə vəsilədir. Hər günümə şükür edirəm. Mənim gözəl həyat yoldaşım, sağlam övladlarım, ən əsası isə ən çox sevdiyim şagirdlərim var. Bunlara görə də özümü dünyanın ən şanslı müəlliməsi hesab edirəm. 

- Müəllim deyən də ağlınza ilk gələn nə olur?
- Atalarımız gözəl misal deyiblər,  “Mənə bir hərf öyrədənin köləsi olaram”. Bu çox hikmətli sözdür. Müəllim ilk növbədə bu ada layiq olmalı, şərəfi ilə xidmət etməlidir. Müəllimin qarşısında şagird ağ kağızdır. Müəllim o ağ kağıza, şagirdə ilk qələm tutmağı, onun dünya görüşünün formalaşmasına, həyatı, ətraf aləmi dərk etməsinə vasitədir. Şagird müəllimdən qorxmamalıdır. Qorxursa, əgər o şagird müəllimdən hansı savadı, hansı biliyi mənimsəyəcəkdir. Müəllim şagirdin bünövrə daşıdır. 

- Övladlarınızın sizin yolunuzu davam etdirməsini istəyərdinizmi?
- Övladlarım öyrətdiyim yolla davam edirlər. Onlat sənət, peşə baxımından azaddırlar. Qızım müəllimə olmaq istəyir, oğlum isə fərqli bir uşaqdır. O, müəllim olmaq istəmir. İlk növbədə əsgər olmaq istəyir. Oğlum beş yaşından məktəbə gedir. O nazirlikdə imtahan verdi və onu fərqli xüsusi istedadlar məktəbinə yazıblar. Hətta birinci sinifdə oxuyarkən, üçüncü sinfin məsələlərini həll etmək bacarığına malikdir. Yaşından iki yaş yuxarı səviyyəyə malikdir. 

Könül Oruc 
Arzu Məmmədli

 

Xəbər xətti