“İstəyim səhnədə öz tərzi olan müğənni olmaqdır”

19:39 - 5 Fevral 2019 - Müsahibə

İslam Əlizadə: “Bir ixtisaslı kadr kimi deməliyəm ki, Nəsiminin qəzəlinə elə mahnı oxumaq olmaz”

“Bəzən vokal və xarici mahnıları oxuyarkən muğam boğazlarına ziyan dəyir. Bunu özümdə hiss edirəm. Amma daha sonra bunu tənzimləyə bildim”. Deyir ki, əsas istəyi səhnədə öz tərzi olan müğənni olmaqdır. Çünki ifa edə bilməyəcəyi tərzin olduğunu düşünmür. Türk, xarici, rus, pop, rok, muğam, vokal və s. ifa edə bilir. Qeyd edir ki, eyni zamanda bu janrların hamısında ifa etmək hədsiz dərəcədə çətindir. Müsahibimiz gənc müğənni-xanəndə İslam Əlizadədir.

- İstərdik ki, oxucularımız sizi daha yaxından tanısın. Özünüz barədə məlumat verərdiniz...
- 1994-cü il oktyabr ayının 31-də Göygöldə (Gəncəbasar) dünyaya gəlmişəm. 2011-ci ildə orta məktəbi bitirib Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. Buranı bitirən kimi Milli Konservatoriyanın magistraturasına daxil oldum və dərhal hərbi xidmətə yola düşdüm. Hərbi xidmət dövrüm isə Lələtəpə döyüşləri dövrünə təsadüf etmişdi və həmin döyüşlərdə iştirak etdim. 2016-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra magistr təhsilimi davam etdirmişəm. Bu günə qədər magistraturada solo oxuma üzrə ən yüksək balı mən yığmışam. Xanəndələrin adətən az bal yığma xüsusiyyəti var, 60-70 bal yığırlar, amma mən 90 bal yığmışdım (Gülür).

- Sənətinizə marağınız necə yaranıb, uşaq yaşlarınızdan həvəsiniz olubmu?
- Ta uşaqlıq yaşlarımdan bu sənətlə məşğulam. Bizim nəsildə çox adam yaradıcılıqla, musiqi ilə məşğul olub. Babam və qardaşı şair idilər, musiqi ilə məşğul olublar. Bu gen məndə də var (Gülür). Arada qəzəllər, şeirlər də yazıram. Amma professional şəkildə səhnəyə gəlişim 2008-ci ildə olub. Düzdür, arada müəyyən fasilələr vermişəm.

- Bəs ustadınız kim olub?
- Ustadım respublikanın əməkdar müəllimi Sərdar Bağırov idi. Muğam sənətinin dördüncü əməkdar müəllimi idi. Təəssüf ki, o, rəhmətə gedəndə saytlar onun ölümü haqqında heç bir şey yazmadılar. Sanki belə bir insan heç olmayıb. O insan ölkəmizdə çoxlu istedadlı ifaçılar yetişdirib, çoxlu tələbələri olub.

- Siz hind musiqisi əsasında “Bəxti qarə” mahnısını yazıb, ifa etdikdən sonra, bir çox yerli sənətçilər də hind musiqisi əsasında mahnılar ifa ediblər. Buna münasibətiniz necədir? 
- Münasibətim pis deyil. Həmin hind musiqisi bizim deyil. Məndən əvvəl o musiqidə mahnı ifa etsələr də, tutarlı olmamışdı. Amma Türkanla Pərvizin ifa etdiyi “Divanən olmuşam” dueti də məhz həmin hind musiqisinin üzərində yazılıb. Düzdür, burda həmin musiqi o qədər də üzə çıxmır, amma musiqiçilər bunu hiss edir.

- Bəs mahnı yazmaq qərarına necə gəldiniz? 
- Tanış qarmon ifaçısı var, onlar ansambl şəklində bu hind musiqisini ifa etmişdilər. Məclislərin birində “dj” həmin musiqini səsləndirdi. Bu zaman çox xoşuma gəldi və maraqlandım. “Dj” dedi ki, musiqi formasında çalıblar, amma sözləri yoxdur. Yolda gedərkən ağlıma gəldi və musiqiyə söz yazdım. Və aranjeman üçün aparıb bəstəkar Ruslan Səfəroğluna verdim. Məndən sonra bir neçə ifaçı da artıq bu musiqi üzərində mahnılar oxumağa başladılar. 

- Mahnıların sözlərini özünüz yazırsınız. Əsas nəyə üstünlük verirsiniz? 
- Musiqiyə söz yazmaq mənim üçün çox asandır. Qəzəl və əruzda yazmaq çətindir. Musiqi hazır olduğu üçün,  onun üçün söz yazmaq mənə asandır.  Mahnıların süjet xətti olmalıdır, indiki mahnıların çoxunda bu süjet xətti yoxdur.

- Afət Fərmanqızı da hind musiqisi əsasənda Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini ritmik formada ifa etdi...
- Düzdür, Afət xanım yaxşı ifaçıdır. Onu oxumağına bir söz deyə bilmərəm. Amma bir ixtisaslı kadr kimi deməliyəm ki, o sözlərə elə mahnı oxumaq olmaz. Nəsiminin qəzəli sanki Allahın mədhidir, ağıryanə bir qəzəldir. Mən Nəsiminin “Yanaram” qəzəlinə kontata yazmışam. Bəstəkar deyiləm, buna görə bəstəkarlardan icazə alacam. Amma istedad varsa, niyə də yazmayım?

- Ancaq öz ifalarınız üçün yazırsınız, yoxsa başqaları üçün də? 
- Müraciət etsələr yazaram, niyə də olmasın? Təklif gəlsə qəbul edərəm. Bir neçə nəfər istəyib. Muğam üstündə təsnif üçün söz istəyiblər, onlar üçün yazacağam.

- Həm muğam, həm də estrada janrında mahnılar ifa edirsiniz. Hər iki janra səsin uyğunlaşması çətin olmur? 
- Bəzən vokal və xarici mahnıları oxuyarkən muğam boğazlarına ziyan dəyir. Bunu özümdə sonradan hiss edirəm. Amma daha sonra bunu tənzimləyirəm. İstəyim səhnədə tərzsiz müğənni olmaqdır. Çünki ifa edə bilməyəcəyim tərz yoxdur. Türk, xarici, rus, pop, rok, muğam, vokal və s. ifa edə bilirəm. Amma bu janrların hamısında ifa etmək hədsiz dərəcədə çətindir.

- Bir ifaçının inkişafı üçün müsabiqələr nə dərəcədə əhəmiyyətlidir? 
- Müsabiqələrin əhəmiyyəti sözsüz ki, olur. Amma indiki müsabiqələrdən razı deyiləm. İndi yaxşı müsabiqə azalıb, “Yeni ulduz”, “Xalq ulduzu” kimi müsabiqələr artıq yoxdur. Bu müsabiqələrdə çox yaxşı münsiflər heyəti var idi. “Səs Azərbaycan 1-də” də iştirak etmişəm. Bu müsabiqəni “O səs Türkiyə” müsabiqəsinə oxşar hazırlamaq istəyirdilər, amma tez dayandı. Yarış davam etsə çox yaxşı olardı. Tünzalə Ağayeva, Faiq Ağayev kimi münsiflər heyəti var idi. Bundan əvvəl “Azərbaycanın səsi” müsabiqəsində iştirak etmişdim. Ancaq müsabiqə ifaçıları tanıtmaq baxımından bir az zəif oldu. Çünki 64 nəfər ifaçı var idi və hər komandada 16 nəfərdən ibarət idi. Təsəvvür edin ki, 3 həftədən bir efirə çıxırdıq, belə olan zaman isə tanınmaq olmurdu. Bu müsabiqədən razı deyildim.

- Bu gün məşhurlaşmaq üçün bir çox ifaçılar qalmaqala üstünlük verirlər. 
- İnsanın sənəti olmayanda qalmaqala qaçır. İndi şou-biznes qalmayıb. 2000-ci ilin əvvəllərində şou-biznes var idi, səsi olanlar da qalmaqal yaradırdılar. Onların qalmaqalı maraqlı olurdu, indiki qalmaqallar sanki mənasız olub. Misal üçün, Afət Fərmanqızı hind musiqi əsasında mahnı oxudu, amma qalmaqal yaranmadı. Mən özüm də heç nə demədim. Oxuyub da, nə edim... Amma Flora xanım ona layiqli olan cavabı efirdə səsləndirdi. Flora xanım kimi sənətkarın nəyəsə rəy bildirməsi çox mühümdür.

- Planda nələr var? 
- Bu ilin ortalarına qədər solo konsert verməyi düşünürəm. Nəsiminin yubileyinə həsr olunmuş solo konsert vermək istəyirəm. Amma bu konserti sırf Nəsimi ilinə görə etmirəm. Nəsiminin “Yanaram” qəzəlinə hazırladığım kontatanı 2011-ci ildə yazmışam. Son vaxtlarda eşitdim ki, Nəsimi ili elan olunacaq. Ona görə də əsəri tamamladım. Tərzsiz müğənni olmaq istəyimi həyata keçirmək üçün xaricdə təhsil almağı düşünürəm. İtaliyada opera-vokal üzrə təhsil almağı planlayıram.

Könül Oruc 
Arzu Məmmədli

Xəbər xətti