“14 ildir, demək olar, hər gün müsahibə verirəm”

10:38 - 4 Yanvar 2019 - Müsahibə

İradə İbrahimova: “Müraciətləri cavablandırmaq, qarşı tərəfin məmnunluğunu təmin etmək əsas prinsipimdir”

Deyir ki, mətbuat katibi həm də mediada güzgü rolunu oynayır. Media güzgüsünə baxanda onun işlədiyi qurumun, necə varsa, olduğu kimi əksi görünməlidir: “Mətbuat katibi təmsil etdiyi qurumun simasıdır. İctimaiyyət arasında qurumunun nüfuzuna cavabdeh olan şəxsdir. Digər tərəfdən, hesab edirəm ki, bəzi mətbuat xidmətlərinin mediaya o qədər də açıq olmaması fikri nisbi xarakter daşıyır. Hər bir qurumun funksiyalarına uyğun olaraq öz iş prinsipi var və bu prinsiplərə uyğun vəzifələr müəyyənləşib”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dedi.

Qeyd edim ki, İradə xanım bu il də səsvermə nəticəsində “Ən yaxşı mətbuat katibi” seçilib. Bu münasibətlə kollektivimiz adından təbrik edirik, fəaliyyətində uğurlar arzulayırıq.

- İradə xanım, ilk öncə özünüz haqqında məlumat verin, oxucularımız sizi daha yaxından tanısın... 
- Bakıda anadan olmuşam, uşaqlıq illərim Gəncə şəhərində keçib. Ziyalı ailəsində böyümüşəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm.

- Jurnalistikaya gəlişinizdən danışaq bir az. Neçə ildir fəaliyyət göstərirsiniz? 
- Bu sahəyə gəlməyim təsadüfi olmayıb. Jurnalist olan qohumum məndə maraq yaradıb. 14 ildir, Nazirlikdə mətbuat xidməti işini yerinə yetirirəm. Ümumilikdə isə 30 ildir, jurnalist kimi fəaliyyət göstərirəm.

- Mətbuatla sıx əlaqədə olsanız da, amma demək olar ki, müsahibələriniz az saydadır. Müsahibə verməyi sevmirsiniz, ya necə? 
- Hesab edin ki, 14 ildir, demək olar, hər gün müsahibə verirəm. Sizin sorğuları cavablandırmaq müsahibə vermək deyilmi? (Gülür) Yarı zarafat, yarı ciddi deyirəm. Amma məncə, bəzi sorğuların cavablarını hardasa müsahibə kimi qəbul etmək olar. Əslində isə siz də bilirsiniz ki, bizim Nazirliyin çoxsahəli fəaliyyət istiqamətləri var və mütəxəssis rəylərinin verilməsinə daha çox ehtiyac yaranır. Mən də daha çox müsahibələrin mütəxəssislər tərəfindən verilməsini üstün tuturam və təşkil edirəm.

- Özünüz də jurnalistsiniz, jurnalistlərlə işləmək çətin deyil? 
- Çətinlik yoxdur, sadəcə elə günlər olur ki, işin həcmi daha çox olur. Media nümayəndələri ilə əlaqələrimiz normaldır. Hər dəfə məndən soruşanda, bu fikri deyirəm və bu dəfə də təkrarlayıram, çalışıram ki, özümü həmişə sorğu göndərən həmkarlarımın yerinə qoyam. Müraciətləri cavablandırmaq, qarşı tərəfin məmnunluğunu təmin etmək əsas prinsipimdir deyə bilərəm. Bir-birimizi başa düşməklə, səmimi olmaqla işbirliyi, yaxşı münasibət və ya dostluq yaratmaq olar. Düşünürəm ki, media təmsilçiləri ilə ümumi münasibətlərimiz bu müstəvidə formalaşıb və bundan sonra da belə davam edəcək. Onu da xüsusi qeyd etməliyəm ki, Nazirliyimizdə yaradılan şərait media ilə normal münasibətlərin qurulmasında ən əsas amildir.

- İşinizin maraqlı tərəfləri və elə də asan iş olmayan mətbuat xidmətinin rəhbəri olmağın çətin tərəfləri nələrdir? 
- Ənənəvi olsa da, belə deyim, həm maraqlı, həm çətin, həm də məsuliyyətli işdir. Maraqlıdır, ona görə ki, gün ərzində yeni məlumatlarla işləyirəm, həm də işimə həvəsliyəm. Digər tərəfdən, insan özünü istədiyi yerdə görəndə onun üçün iş maraqlı olur. Çətindir, çünki böyük bir kollektivin gördüyü işi, çəkdiyi zəhməti mətbuatın gündəmində saxlamalısan, ictimai fikrin formalaşması üçün daim məlumat axınına nəzarət etməlisən. Dövlət işçisi kimi, çoxsaylı KİV-lərlə əlaqələrin saxlanılması, dayanıqlığın təmin edilməsi və ən əsası sənə göstərilən etimadı doğrultmaq kimi də böyük məsuliyyəti var.

- Deyirlər ki, işləyən xanımlar ailəsinə vaxt ayıra bilmir. Siz necə, ailənizə vaxt ayıra bilirsinizmi? 
- Məncə, tədricən cəmiyyətimizdə gender bərabərliyi məsələsi, təkcə sözdə deyil, reallıqda da tətbiqini tapır. Qadınların işləməsi üçün, ailəni də, işi də idarə etməsi üçün istənilən şərait mövcuddur. Şükür, ailəyə də, işə də vaxtım çatır.

- Bəzi mətbuat xidmətləri mediaya o qədər də açıq olmur. Sizin fikrinizcə, əsl mətbuat katibi necə olmalıdır? 
- Məncə, mətbuat katibi həm də mediada güzgü rolunu oynayır. Media güzgüsünə baxanda onun işlədiyi qurumun, necə varsa, olduğu kimi əksi görünməlidir. Mətbuat katibi təmsil etdiyi qurumun simasıdır. İctimaiyyət arasında qurumunun nüfuzuna cavabdeh olan şəxsdir. Digər tərəfdən, hesab edirəm ki, bəzi mətbuat xidmətlərinin mediaya o qədər də açıq olmaması fikri nisbi xarakter daşıyır. Hər bir qurumun funksiyalarına uyğun olaraq öz iş prinsipi var və bu prinsiplərə uyğun vəzifələr müəyyənləşib.

- Qeyri-peşəkar jurnalistlərlərlə işləmək çətinlik yaratmır?
- Jurnalist əlbəttə, hər şeyi bilə bilməz. Amma bu da bir prinsipdir ki, hər hansı bir qurumla əlaqə saxlamamışdan öncə mütləq həmin qurum haqqında yönəldilən sualın mahiyyəti barədə kifayət qədər məlumatlı olmalısan. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bunu ona görə deyirəm ki, bəli, hərdən bəzi jurnalistlər qeyri peşəkar suallarla müraciət edir. Yəni bizə, bizim nazirliyə aidiyyəti olmayan məsələlərə görə bilməyərəkdən müraciət olunur. Çətinliyi yoxdur, sadəcə çalışırıq ki, maarıfləndirmə işlərini, təbliğatı gücləndirək ki, cəmiyyətdə məlumatlılıq çox olsun. Bizə daha çox ekologiyadan yazan jurnalistlər müraciət edir. Onların da əksəriyyəti ilə anlaşmamız yüksək səviyyədədir.

- Dövlət orqanında çalışan bir mətbuat katibinin bir günlük iş rejimindən danışın bir az...
- Adi iş günüdür. Bəzən gərgin, bəzən normal. Sorğuları cavablandırmaq üçün nazirliyin aidiyyəti şəxsləri ilə əlaqələr, materialların toplanması, yazılması, saytımıza və mediaya ötürülməsi... Bilirsiniz ki, Nazirlik tərəfindən əhalini narahat edən həlli vacib ekoloji problemlərin aradan qaldırılması üçün təbliğat kompaniyaları aparılır və maarifləndirici aksiyalar keçirilir. Havanın çirkləndirilməsinin qarşısının alınması, plastik tullantıların idarə olunması, çeşidlənməsi və plastik məmulatlardan tədricən imtina edilməsi, yaşıllıqların artırılması və mühafizəsi, o cümlədən sudan səmərəli və qənaətlə istifadə kimi prioritetlər müəyyənləşdirilib. Bu vacib məsələlərin həllində Nzirliyə kömək göstərən, vacib sosial aksiyaları dəstəkləyən bütün media və ictimaiyyət nümayəndələrinə, bizimlə əməkdaşlıq edən vətəndaşlara nazirliyin rəhbərliyi və kollektivi adından təşəkkür edirəm. Əminik ki, bu, həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması yolunda əhalinin və medi nümayəndələrinin göstərdiyi dəstək və qarşılıqlı əməkdaşlıq davam edəcək, bundan sonra da birlikdə daha uğurlu layihələrə imza atılacaq.

- Bu il də jurnalistlərin səsverməsi nəticəsində “ən yaxşı mətbuat katibi” seçilmisiniz. Deyəsən jurnalistlər sizi sevir... 
- Jurnalistlər məni sevməsə də, mən onları vəzifə öhdəliklərimi yerinə yetirmək üçün sevməliyəm. Üzr istəyirəm, “işimizin xatirinə görə” ifadəsi kimi yozulmasın. Həqiqətən, dövlət qulluqçusu kimi bu mənim vəzifə borcumdur. Amma bilirəm ki, media nümayəndələri ilə qarşılıqlı səmimi münasibətlərimiz mövcuddur, “məcburi sevgiyə” ehtiyac duyulmur. Pafoslu səslənsə də, məncə reallıq belədir... Bütün media təmsilçilərinə bizimlə daimi əməkdaşlığa görə, nazirliyimizin rəhbərliyi adından, kollektivi və öz adımdan təşəkkür bildirirərək, qarşıdan gələn yeni il bayramlarını və həmrəylik gününü təbrik edirəm.

Könül

Xəbər xətti