Konstitusiya ölkədə siyasi sabitliyin qarantı kimi çıxış edir

18:27 - 4 Dekabr 2018 - KİVDF

O dövlət quruluşunun əsaslarını, dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir 

Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir. Konstitusiya dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Bunu Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dildirib. Onun sözlərinə görə, dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də ictimai maraqların qorunması məqsədilə cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. 
Konstitusiyanın qəbulu Azərbaycanda, həmçinin vətəndaş cəmiyyətinin bərqərar edilməsi, əhalinin layiqli həyat səviyyəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün hərtərəfli zəmin yaradır, ölkəmizin hüquqi, siyasi, iqtisadi və digər sahələrdə inkişafının gələcək istiqamətlərini müəyyənləşdirir. Yeni Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixən formalaşmış dövlətçilik ənənələrinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyanın tələblərinə cavab verən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, plüralizm əsasında siyasi sistemin və hüquq sisteminin inkişafı üçün möhkəm özülün yaradılması baxımından mühüm hadisə idi.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir (maddə 7, I hissə), insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit edir.
Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə Konstitusiyasında geniş əksini tapıb. Dövlətçiliyin Əsas Qanunu xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur. Konstitusiyada qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyanın 71 maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı öz əksini tapıb və bildirilib ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.  İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.  Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

 Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
Bu, o deməkdir ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində durur. Hər bir demokratik cəmiyyətin əsas xüsusiyyətlərini insan hüquqları və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin tərəqqisi yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu mənada əminliklə deyə bilərik ki, bəşəriyyətin uzun illər ərzində nail olduğu əhəmiyyətli dəyərlərdən olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmlərinin geniş şəkildə təsbit edilməsi ölkə Konstitusiyasının ən mühüm nailiyyətlərindən biridir. Bu, həm də Azərbaycanın demokratiya ideallarına və bəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.

Konstitusiyanın ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquqlar və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulub. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının geniş siyahısı təsbit edilməklə yanaşı, həmin hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olaraq müəyyənləşdirilib.

 

Xəbər xətti