Prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir

18:14 - 5 Oktyabr 2018 - KİVDF

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, Prokurorluq haqqında Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir

Hüquqi dövlət quruculuğu istiqamətində həyətə keçirilən tədbirlərdən biri də prokurorluğun funksiyaları və statusu ilə bağlı olub. Sovet İttifaqı dövründə prokurorluq mahiyyət etibarilə ölkədə demək olar ki, qeyri-məhdud səlahiyyətlərə malik idi və hakimiyyətlər bölgüsü olmadığı bir şəraitdə hətta məhkəməyə, o cümlədən Konstitusiya Məhkəməsinə aid olan bir sıra funksiyaları da həyata keçirirdi.

Prokurorluqda həyata keçirilən islahatların əsas məqsədi isə ölkənin gələcək inkişafına və demokratik hüquqi dövlət quruculuğu prinsiplərinə uyğun olaraq prokurorluğun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kadrların peşəkar səviyyəsinin artırılması idi. Bu məqsədlə prokurorluq Konstitusiyada məhkəmə hakimiyyəti fəslinə daxil edilir və prokurorluğun demokratik cəmiyyətlərə xas olan funksiyaları müəyyən edilir. Azərbaycan Konstitusiyasının 125-ci maddəsilə məhkəmə hakimiyyətinin həyata keçirilməsi tənzimlənir. Bildirilir ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.  Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Bu maddənin III hissəsində qeyd edilir ki, məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. IV hissədə isə bildirilir ki, cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" Qanunla prokurorluğun məhkəmələr üzərində nəzarəti və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına mane olan ümumi nəzarət funksiyaları ləğv olunur, onun mülki və kommersiya işlərinə müdaxilə etməsi məhdudlaşdırılır. İnsan hüquq və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş hallarda və qaydada yalnız məhkəmənin qərarına əsasən yol verilir. Prokurorluğun islah-əmək müəssisələrində və nəqliyyatda qanunların icrasına nəzarət funksiyaları aradan qaldırılır.

Hazırda prokurorluğun fəaliyyət istiqamətləri aşağıdakılardır:  cinayət işi başlamaq və ibtidai istintaq aparmaq, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik etmək və qanunlara riayət edilməsini təmin etmək, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət etmək, məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etmək, məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etmək, dövlət ittihamını müdafiə etmək, məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak etmək.

Həmin Qanunun 27-ci maddəsinə görə, prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından protest verir. 

Bu maddədə deyilir ki, prokuror Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir. Məhkəmə qərarlarından protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna, hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur.[

Protest baxılanadək onu vermiş prokuror, yaxud yuxarı prokuror tərəfindən geri götürülə, yaxud başqa protestə əvəz oluna bilər.
İnzibati xətalara dair işlər üzrə icraat zamanı prokuror nəzarətinin hədləri İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində konkret inzibati xəta növləri üzrə icraatın prokuror tərəfindən başlanması müəyyən edilib. Həmin maddəyə görə, bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 445-1, 528-1.3, 531, 538-1.4 - 538-1.6, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601 və 606.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 99.1 və 99.2-ci maddələrində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi,. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması;  fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi göstərilib (99.1). Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır (99.2).
Bu Məcəllənin 99.1-ci maddəsində (göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır (İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinin birinci cümləsində sadalanan inzibati xətaların təhlili göstərir ki, dövlət orqanları və ya təşkilatları, habelə onların vəzifəli şəxsləri tərəfindən üzərlərinə qoyulmuş funksiyaların yerinə yetirilməsi zamanı dövlət mənafelərinə, insanların hüquq və azadlıqlarına zərər vuran inzibati xəta törədildikdə prokuror bu inzibati xətalar üzrə icraatın başlanması haqqında qərar qəbul edir.
Məcəllənin 54.4-cü maddəsinə müvafiq olaraq, prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.
Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi prokurora qanunçuluğun təmin edilməsi məqsədilə Məcəllənin 99.1-99.3-cü maddələrində nəzərdə tutulmuş hallarda da inzibati xəta haqqında iş üzrə icraatın başlanması və ya bu icraatın başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək hüququ verilib.

Xəbər xətti