"Qarabağ" "Arsenal"la qarşılaşır

08:36 - 4 Oktyabr 2018 - İDMAN

Bu gün “Qarabağ” komandası avrokuboklarda növbəti oyununa çıxacaq.

 Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə “Arsenal”nı qəbul edəcək. Bu, “topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması olacaq. "Qarabağ" isə bundan əvvəl bu ölkənin "Tottenhem” (0:1, 1:3) və “Çelsi” komandaları ilə üz-üzə gəlib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Ağdam təmsilçisi Portuqaliyada “Sportinq”ə 2 cavabsız qolla yenilib. “Arsenal” isə evdə Ukraynanın “Vorskla” komandasını 4:2 hesabı ilə üstələyib.
“Qarabağ” bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə “Çelsi”dən 4 top görüb. Londonlular isə ötən mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar.

“Arsenal” keçirdiyi son 7 oyunda qalib gəlib. Bu matçlardan 5-i İngiltərə Premyer Liqasına, 1-i ölkə kubokuna, 1-i isə Avropa Liqasına təsadüf edib. “Topçular” hazırda 15 xalla 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” Avropa Liqasının qrupunda mübarizəyə məğlubiyyətlə başlasa da, Premyer Liqada uduzmayıb. Ağdamlılar 6 oyundan 5-də qalib gəlməklə, 16 xal toplayıblar və “Neftçi” ilə liderliyi bölüşürlər.

“Arsenal” rəhbərliyi 22 ildən sonra bu ilin mayında komandanın baş məşqçisi postunu tərk edən Arsen Vengeri İspaniya “Sevilya”sı ilə 3 dəfə Avropa Liqasının qalibi olan Unai Emeri ilə əvəzləyib. 46 yaşlı mütəxəssisin əsas hədəfi London təmsilçisi ilə avrokubokda titul qazanmaqdır.

2017/18-ci illər mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Lakin heç vaxt qrupdan çıxa bilməyib.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. “Qarabağ”da müdafiəçilər - Rəşad Sadıqovla Donald Gerye və yarımmüdafiəçilər - Dani Kintana ilə Simeon Slavçev zədəlidir. "Arsenal"da isə qapıçı Petr Çex, müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da eyni səbəbdən matçı buraxacaq.

Avropa Liqası
Qrup mərhələsi, II tur

20:55. “Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə)

Baş hakim: Davide Massa

Yan xətt hakimləri: Filippo Meli, Alessandro Kostantso
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabri
Dördüncü hakim: Fabiano Preti (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan)

Bakı Olimpiya Stadionu
report

Xəbər xətti