Yeni yaradılacaq sistem vətəndaş məmnunluğunu təmin edəcək

18:06 - 27 Sentyabr 2018 - KİVDF

Mərkəzləşdirilmiş elektron informasiya sistemi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edəcək

Dünya birliyinin intensiv texnologiyaların inkişafı mərhələsinə daxil olduğu XXI əsrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi insan fəaliyyətinin təhsil, səhiyyə, məşğulluq, iqtisadiyyat və digər sahələrində əhəmiyyətli dərəcədə dəyişikliklərə gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, İKT iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artıraraq onun dünya təsərrüfatı sisteminə inteqrasiya olunması imkanlarını, dövlət idarəçiliyinin və yerli idarəetmənin səmərəliliyini artırmağa zəmin yaradır. İnformasiya texnologiyalarının inkişafı nəticə etibarı ilə cəmiyyəti keyfiyyətcə yeni bir mərhələyə - informasiya cəmiyyətinə çevirir. Bu da ölkədə bir sıra tədbirlərin görülməsinə, buna uyğun qanun və əsasnamələrin qəbulu, fərmanların imzalanmasını gündəmə gətirir. Artıq Azərbaycan Respublikasında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır.

Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini (bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir) rəhbər tutaraq bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında Azərbaycanda «Mərkəzləşdirilmiş elektron informasiya sistemi»nin (MEİS) yaradılması haqqında fərman imzalayıb. MEİS-in yaradılmasında məqsəd yuxarıda göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Sənədə əsasən, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi («ASAN xidmət») dövlət orqanları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin təmin edilməsi məqsədilə yeni yaradılacaq sistemin «Elektron hökumət» portalı vasitəsilə təşkili üçün tədbirlər görəcək.

Qeyd edək ki, Elektron hökumət” portalı (e-gov.az) vətəndaşların dövlət orqanları ilə təmaslarını daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil edilib. Portal dövlət orqanlarının göstərdikləri elektron xidmətləri kompeks şəkildə özündə cəmləşdirir. e-gov.az dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Portalda təqdim edilən e-xidmətlər dövlət qulluqçuları və vətəndaşlar arasındakı “məsafənin” maksimum azaltmasına, münasibətlərin sadələşməsinə və şəffaflaşmasına xidmət edir.  Beləliklə, dövlət başçısının imzaladığı yeni sənəd əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində vətəndaşlara şəffaf və operativ xidmət göstərilməsini hədəfləyir. Bu da hüquqi dövlət quruculuğu istiqamətində görülən səmərəli işlərdən biridir.

Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən göstərilən elektron xidmətlərin sayı daima artır və vətəndaşların bu xidmətlərdən istifadə imkanlarının təkmilləşdirilməsi diqqətdə saxlanılır. ƏƏSMN-nin rəsmi internet informasiya ehtiyatında "Elektron xidmətlər portalı" (www.e-mlspp.gov.az) bu gün istifadə edilir. Nazirlikdən verilən məlumata görə, portalda ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətləri ümumiləşdirilərək “Vətəndaşlar üçün xidmətlər”, “İşəgötürənlər üçün xidmətlər” və “Qeydiyyatsız xidmətlər” bölmələri üzrə əhatə olunub ki, bu da istifadəçilərin öz kateqoriyalarına və müraciətlərinin məzmununa, eləcə də autentifikasiya vasitəsinə malik olub-olmamalarına uyğun olaraq birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verir. Bölmələrdəki e-xidmətlərə daxil olduqda “Elektron hökumət” portalına avtomatik keçid təmin olunur.

“Vətəndaşlar üçün xidmətlər” və “İşəgötürənlər üçün xidmətlər” bölmələrində əksini tapan e-xidmətlərdən istifadə üçün müvafiq autentifikasiya vasitələri (elektron imza, asan imza və s.) tələb olunduğu halda, vətəndaşlara “Qeydiyyatsız xidmətlər” bölməsindəki e-xidmətlərdən (“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” və “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”) hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək imkanları yaradılıb. Portaldakı “Məktub” bölməsi isə vətəndaşlara heç bir autentifikasiya vasitəsi olmadan birbaşa ƏƏSMN-nin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar nazirliyə onlayn müraciət imkanı verir. Bu bölməyə daxil olan hər bir müraciət mövzusuna uyğun olaraq dərhal aidiyyəti üzrə ƏƏSMN-nin Aparatının şöbələrinə, Nazirlik yanında Xidmətlərə yönəldilir. Bununla yanaşı, portalda rəy və təkliflər üçün “Fikrinizi bildirin”, ƏƏSMN-nin e-xidmətlərlə bağlı məlumatları ilə tanış olmaq üçün “Xəbərlər”, habelə nazirliyin rəsmi internet saytına və “Elektron Hökumət” portalına keçid etmək üçün müvafiq bölmələr fəaliyyət göstərir.

Bu ilin ötən dövrü nazirlikdə informasiya texnologiyalarının tətbiqi işlərinin xeyli genişləndirilməsi, yeni elektron xidmətlərin yaradılması ilə müşayiət olunub. Bu dövrdə Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi, Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq tətbiq olunub. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Onlayn müraciət” e-xidmətləri hazırlanaraq istifadəyə verilib. Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi”nin informasiya sistemi qurulub, digər qurumların informasiya ehtiyatları ilə inteqrasiyanın və korporativ şəbəkənin təhlükəsizliyinin təmin edilməsi, nazirliyin inzibati binasında lokal şəbəkənin tənzimlənməsi və s. işlər aparılıb.

 

Xəbər xətti