Kreditdə olan maşını etibarnamə ilə almaq da, satmaq da təhlükəlidir – Ekspert

18:35 - 29 İyun 2018 - Müsahibə

Elməddin Muradlı: “Heç vaxt tanımadığınız birinin adına olan maşını “sürmək üçün etibarnamə” ilə alanlar təhlükə qarşısındadır”

Nağd vəsaitlə  şəkildə maşın almaq böyük xərc tələb etdiyi və çox insanın buna imkanı olmadığı üçün kreditlə maşın almağa üstünlük verirlər. Amma bəzən kreditə qoyulan maşınların keyfiyyəti də o qədər yüksək olmur, müəyyən problemlər ortaya çıxır. Ən əsas problemlərdən biri də etibarnamə ilə kreditə götürülən avtomobillərlə bağlıdır. Görəsən, indiki dövr üçün kreditə avtomobil götürmək nə dərəcədə sərfəlidir? Etibarnamə ilə kreditə avtomobil götürən sürücüləri hansı təhlükələr gözləyir? Sürücülər əsas olaraq nələrə diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı indiki dövrdə kreditlə maşın almaq istəyənlərə ilk növbədə tövsiyə olaraq bildirir ki, bu məsələdə son dərəcə ehtiyatlı olmaq, kredit şərtlərini diqqətlə oxumaq lazımdır:
“Dollarla kreditə razı olmaq məsləhət deyil. Çünki dolların bundan əvvəlki taleyi artıq avtomobil almaq istəyən şəxsləri nə qədər zərərə saldığının şahidi olduq. Hələ bu gün də məhkəmə müstəvisində döyüşən insanlar var. Hansı ki, 30-35 min manata gəlib çıxan maşının pulu ödənilib, amma bank bundan əlavə 15-20 min də hesablayıb. Təəssüf ki, məhkəmə bankların xeyrinə qərar qəbul edir. Ona görə də, kreditlə maşın almaq təhlükəlidir”.

E.Muradlının sözlərinə görə, əgər insanlar məcburiyyətdən bunu edirlərsə, bəzi şərtlərə əməl etməlidirlər: “Kreditlə satılan maşınların çoxu qəzalı vəziyyətdə olan, xaricdən gətirilən ikinci əl maşınlardır. Əksəriyyəti uzun müddət satılmır və müxtəlif adamlar tərəfindən bankda kreditə qoyulur və satışa çıxarılır. Bəzən satılmayan maşınları maşın alverçiləri bankda kreditə salıb elə şərtlə qoyurlar ki, insanlar baxıb aldanır. Alan görür ki, ayda cüzi məbləğ ödəyəcək, amma maşının içindən xəbəri olmur. Hətta bəzən elə hal olur ki, iki maşını söküb bir maşın yığırlar. Belə maşınlar qəza zamanı xırda bir toqquşmadan parçalanır. Çünki bu maşının arxası başqa maşının, ön hissəsi isə başqasınındır. Həmin hissələri qaynaq edib, rəngləyib satırlar ”.

Nəqliyyat eksperti qeyd etdi ki, digər tərəfdən artıq 2015-ci ildən bəri bankların kreditə verdiyi maşınlara ödəniş etmək gücü olmayan vətəndaşlar çox əziyyətdən sonra o maşınları banklara təhvil veriblər: “Hətta bank o maşınları hansısa formada həmin insanların əlindən alıb. Və o maşınlar bankların duracaqlarında qarın soyuğunda, yayın günəşində çürüyüb gedir. Bir müddət keçdikcə banklar həmin maşınlara kosmetik dəyişikliklər edib, kredit şərtləri ilə təklif edir və satışa çıxarır.  Ona görə də kreditlə maşın alarkən ehtiyatlı olmaq və yoxlatdırmaq lazımdır. Qətiyyən tələsmək olmaz. Çünki ödəniş şərtləri nə qədər sərfəli olsa da, maşının texniki nasazlığı insanları çox xərcə salacaq, əziyyət çəkəcəklər”. 

Digər bir məsələyə toxunan E.Muradlı vurğuladı ki, artıq son zamanlar avtomobil salonları özləri daxili kredit şərtləri təklif edir və burada da bəzən avtomobil almaq istəyən şəxsləri aldadırlar: “İnsanlardan kasko sığorta adı ilə çox miqdarda pul alır, hər hansı bir hadisə baş verdikdə isə yaxın durmurlar. Ona görə də, əgər insanlar avtomobili avtosalondan daxili kredit şərti ilə alırlarsa, kasko sığorta ilə sona kimi maraqlanmalıdırlar ki, bunu hansı sığorta şirkətində və necə edirlər. Yəni, avtomobil alan şəxsə yalandan kağız verə bilərlər ki, biz bunu kasko sığorta etmişik, heç bir narahatlığı yoxdur. Amma iki aydan sonra avtomobilin mühərriki dağılan zaman salon ona sahib çıxmır. Deyir ki, mən buna zəmanət verməmişdim. Ona görə də, kreditlə avtomobil alarkən o sənədlərlə mütləq yaxşıca tanış olmaq lazımdır. Ən azından hüquqşünasa 15-20 manat ödəniş edib oxutdurmaq olar. Bu zaman hüquqşünas nələrin həmin şəxsin xeyrinə, yaxud, ziyanına olduğunu deyəcək. Bunları oxuyub müəyyən edəndən sonra kreditlə maşın almaq olar”.
Ekspert deyir ki, bu gün avtomobil bazarında Çin avtomobilləri ölkəmizə yeni qədəm qoyur və bazarda satışı normal gedir: “Maşın bazarında hələ ki, elə bir problemləri çıxmayıb. Fikrimcə, işlənmiş maşındansa yeni Çin maşınlarını sınamaq olar”. 

Başqa bir məsələnin vacibliyini vurğulayan Elməddin Muradlı əlavə etdi ki, etibarnamə ilə kreditə maşın almaq çox təhlükəlidir: “Çünki avtomobili satanlar sadəcə sürmək üçün etibarnamə verirlər. Avtomobil dəllalları, fırıldaqçılar bu işlə çox geniş şəkildə məşğul olurlar. İnsanlardan pul alır, aylarla, illərlə ödəniş edirlər. Avtomobilin pulunu ödəyib tam qurtarandan sonra görürsən ki, maşını sürücünün adına keçirmirlər. Etibarnaməni də ləğv etdikdən sonra hər şey havada qalır. Əgər baş etibarnamə versələr onu aparıb başqa ailə üzvünün adına keçirmək olur. Amma sürmək üçün etibarnamə ilə heç nə etmək olmur. Avtomobilin texniki pasportu kimin adınadırsa, həmin adamın bankla hər hansı bir problemi yaranar, yaxud ailə-məişət problemləri olar və ailəsindən boşanar. Bu zaman məhkəmə əmlaka həbs qoyur ki, bütün əmlak ər-arvad arasında bölünsün. Bu zaman ödənilən pullar havaya gedəcək, heç kimə heç nəyi sübut edə bilməyəcəklər. Maşını da sürücünün  əlindən alıb həmin şəxsin həyat yoldaşına verəcəklər. Ona görə etibarnamə ilə kreditlə maşın almağı heç kimə məsləhət görmürəm. Elə bilin ki, kiməsə boş-boşuna pul verirsiniz. Bu formada maşın alarkən notarial qaydada müqavilə bağlayıb təsdiqlətdirmək lazımdır. Yəni, əldə rəsmi sənəd olsa o zaman hüquqi müstəvidə nəsə etmək olar. Yoxsa ömrünüzün sonuna kimi görə bilməyəcəyiniz bir adamın adına texniki pasportu olan maşını alıb, aybaay onun adına pul ödəmək boşunadır. O adam dünyadan köçsə, ailə üzvlərindən də gedib etibarnaməni ala bilməsəniz, hüququ cəhətdən heç nə etmək mümkün deyil”. 

“BOA Kollektor Agentliyi”nin rəhbəri Samir Mustafayev fins.az-a deyib ki, kreditdə olan avtomobilin etibarnamə ilə alınıb-satılması ilə bağlı problemlərlə bir neçə dəfə rastlaşıblar. Belə ki, kreditdə olan avtomobili alan şəxs bəzi hallarda bankın borcunu ödəmir. Belə olan halda avtomobili satan şəxs onun qanuni sahib olduğu üçün borc ondan tələb edilir. Hətta onun ölkədən çıxışına da qadağa qoyulur: “Məsələn, bir neçə il əvvəl istirahət üçün ailəsi ilə birlikdə xaricə getmək istəyən vətəndaşı hava limanında saxlamışdılar. Məlum olmuşdu ki, bir neçə il əvvəl bankda kreditdə olan avtomobilini etibarnamə ilə satıb. Amma avtomobili alan şəxs banka olan 500-600 manatlıq borcunu ödəməyib. Nəticədə ödənilməyən kredit daha da artaraq avtomobilin qanuni sahibi üçün əlavə yükə çevrilib. Və buna görə də onun ölkədən çıxışına qadağa qoyulub”.

S.Mustafayevin sözlərinə görə, avtomobilin etibarnamə ilə satılması təkcə bankda kreditdə olan avtomobil sahibləri üçün deyil, bütün sürücüləri gözləmədiyi halda əlavə xərcə sala bilər: ”Məsələn, avtomobili etibarnamə ilə alan şəxsin banka borcu yaranmışdı. Həmin şəxs avtomobilini satıb borcunu ödəmək istəyirdi. Amma maşının qanuni sahibini tapa bilmədiyi üçün maşını satmaq mümkün deyildi. Çünki avtomobili satan şəxs 4 il əvvəl Rusiyaya köçmüşdü”.
S.Mustafayev bildirir ki, belə müştərilərin problemləri banklara yaxşı məlumdur: “Ona görə də adətən onlara qarşı bəzi güzəştlər edilir. Belə ki, avtomobili etibarnamə ilə alıb banka kreditini ödəyə bilməyən müştərilərə çıxış yolu olaraq bəzi hallarda faizsiz kredit təklif edilir. Agentlik bank qarşısında öhdəlik götürərək müştəridən krediti hansı müddətdə ödəyə biləcəyi dəqiqləşdirir. Həmin müddətdə kredit qrafikə uyğun olaraq hissə-hissə ödənilir”.

Avtomobilin etibarnamə ilə satılması həm alıcı, həm də satıcı üçün əngələ çevrilə bilər. Adətən əlavə rüsum xərclərini ödəməkdən yayınmaq üçün avtomobilin etibarnamə ilə alqı-satqı prosesi aparılır. Belə “qənaət” sürücüləri gözlənilməz hallarla qarşı-qarşıya qoyur. Ekspertlər bildirirlər ki, avtomobil almağa hazırlaşan və ya avtomobili etibarnamə ilə alan vətəndaşlar avtomobili öz adlarına rəsmiləşdirməlidirlər. Sürücülər yalnız bu zaman, avtomobil aldığına görə, bankdan borcun qaytarılması, əmlaka həbs, ölkədən çıxışa qadağa kimi gözlənilməz hadisələrlə qarşılaşmayacaqlarına əmin ola bilərlər.

Könül

Xəbər xətti