“Muzeyimiz dünyada “Ən gözəl xalça evi” olacaq”

18:16 - 1 İyun 2018 - Cəmiyyət

“Üç nöqtə” qəzetinin Azərbaycan xalça Muzeyindən reportajı

Ünvanımız Azərbaycan Xalça Muzeyinədir. Muzeyin binasına daxil oluruq. Səhər saatları olmasına baxmayaraq gələnlər var idi. Hətta get-gedə artmağa başlayırdı. Onu da deyim ki, gələnlərin əksəriyyəti turistlər idi. Bizi muzeyin mətbuat katibi Zeynab Kazımova xoş qarşıladı. Salamlaşıb, hal-əhval tutandan sonra bir qədər söhbət etdik. Söhbət əsnasında bildirdi ki, keçmiş sovet ölkələri içərisində belə bir muzey ilk dəfə Azərbaycanda yaradılıb və dünya üzrə ilk muzey kimi tarixə düşüb: “Muzeyin yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak edib. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə edib.

 Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alınıb. Azərbaycanda 1983-cü ildə ilk dəfə xalça sənətinə həsr olunmuş beynəlxalq simpozium da keçirilib.  Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovdur. Eyni zamanda, xalçaçılıq sənətinin elmi səviyyəyə yüksəlməsində Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun əvəzsiz xidmətləri olub. Bu binanın təməli 2007-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə qoyulub və 2014-cü ildə təhvil verilib. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi. Bina yüksək Avropa standartlarına cavab verən, dünyanın nüfuzlu muzeylərinin strukturuna əsaslanıb. Muzey davamlı inkişaf edərək Azərbaycan milli mədəniyyət nümunələrinin saxlanma və mühafizəsinin başlıca mərkəzlərindən birinə çevrildi. Xalça Muzeyi 2017-ci ildə ən çox ziyarət olunan muzey seçilib. Belə ki, muzeylər içərisində rekord göstəriciyə imza ataraq ziyarətçilərinin sayı 80 mini ötmüşdür. Burada xarici ölkələrdən gələn rəsmi nümayəndə heyətləri də, turistlər də, yerli əhali də var. Hər ayın son şənbə günü muzeydə “Açıq qapı” günü çərçivəsində “Ailə günü” təşkil olunur. Ziyarətçilərə maraqlı proqram təqdim olunur” – deyə o, əlavə etdi.

Qeyd edim ki, muzey 1967-ci ildə yaradılsa da, ilk ekspozisiyası 1972-ci ildə nümayiş olunub. 1993-cü ilə qədər Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır. 

Foyedə olan söhbətimiz zamanı burada diqqətimi çəkən maraqlı bir nüansı qeyd edim. Belə ki, muzeyə gələn qonaqların xalça toxuması üçün xüsusi xana qoyulmuşdu. İnsanlar çox maraq və həvəslə toxumağa çalışırdılar. Əyri toxuyan kim, rəngləri qarışdıran kim... Amma nəticədə maraqlı bir iş alınacaqdı deyəsən...

Daha sonra bələdçi Ülkər Rəhimzadə ilə söhbətə davam etdik. Ekskalatorla birinci mərtəbəyə qalxa-qalxa o, bildirdi ki, muzeydə fondlarla bir yerdə 11 mindən çox eksponat mövcuddur. Onların bir hissəsi isə muzeydə nümayiş olunur: “Muzey özü üç hissədən - mərtəbədən ibarətdir. Binaya daxil olduğumuz foye sıfır sayılır, daha sonra üç mərtəbədə eksponatlar nümayiş olunur. Azərbaycan xalçaları toxunuş texnikasına görə iki qrupa bölünür, xovsuz və xovlu xalçalar. Xovsuz xalça toxunanda ilmələr kəsilmir, dolana-dolana vurulur, ona görə üzəri hamar olur. Birinci mərtəbədə ən qədim xovsuz xalça növləri, ikinci mərtəbədə xovlu xalçalar, üçüncü mərtəbədə isə müasir xalçalar nümayiş olunur”.

Həsir döşənmiş evlər

Birinci mərtəbəyə qalxanda gözoxşayan xalçalar insanı heyran edirdi. İlk öncə qədimlərdə istifadə olunan həsir xanasınının yanından keçdik. Bu xana insanı sanki keçmişə aparırdı.  Ü.Rəhimzadə bildirdi ki, həsirlər toxuculuğun ilk nümunələrindəndir: “Həsirlər qamışlardan hazırlanır. İnsanlar keçmişdə hələ sapın necə əldə olunmasını bilmədiyi dövrlərdə qamışlardan həsir hörür və bunu paral aləti ilə sıxlaşdırırdılar. Həsirlərdən nəmişliyin qarşısını almaq üçün istifadə olunurdu. Həsir döşənmiş evlər qışda isti, yayda isə sərin olurdu. Hətta bəzən həsirlərdən dənli bitkiləri təmizləmək üçün aşsüzən kimi də istifadə edirdilər”.

Palazlar, cecimlər, kilimlər...

Bir neçə addım irəlilədikdən sonra yer xanasını gördük. Bələdçi bildirdi ki, əsasən maldarlıqla məşğul olan əhali yaylağa, qışlağa köçəndə bunu asanlıqda söküb özləri ilə apara bilirdilər: “Bunda da cecim toxunurdu. Xananın formasına görə burda toxunan xalçalar (cecimlər) enli yox, dar olardı, uzunluğu isə 30-40 metrə kimi uzanardı. Xovsuz xalçaların ilk növü palazlardır, daha sonrakılar isə cecimlər və kilimlərdir. Kilimlərin hər iki üzündən istifadə etmək mümkündür. Bu xalçalarda da öz əksini tapan dörd simmetriya Azərbaycan xalçalarının əsasını təşkil edir - od, torpaq, su və hava... Xovsuz xalçanın növbəti növü isə Şəddədir, adını şahmat sözündən götürdüyü üçün damalardan ibarətdir ”.

Qız-gəlinlərin arzu tutduğu şəddələr

Bələdçi Ü. Rəhimzadə deyir ki, şəddələr üç tipdə olurmuş -  süjetli, dama-dama və bir rəng şal şəddələr: “Bir rəng şəddələrdən əsasən geyimlər üçün istifadə edirdilər. Deyilənə görə, Göyçə mahalında qız-gəlinlər şəddələri yerə salar, çərşənbə axşamı üzərində fala baxar, arzu tutardılar. Sonra hər kəs şəddəni öz həyətinin hasarına atar və 7 gün yığmazlarmış ki, ayı, ulduzu, günəşi görsün, arzularını həyata keçirsin. Deyirlər ki, Göyçə mahalına həmin vaxt yuxarıdan baxış keçirsən mahal qırmızı rəngə bürünmüş olardı. Hər evdə qız-gəlin var, arzusu var. Ümumiyyətlə, xalçaların demək olar ki, hamısında qırmızı rəng üstünlük təşkil edir”.

Xalçanın hazırlanma texnikası

Sol tərəfdə isə, xalçaçılığın necə yarandığını göstərən stend mövcud idi. Bələdçi qeyd etdi ki, ilk öncə yunun qırxılması üçün qayçı lazımdır. “Yun qırxımı ildə iki dəfə - payız və yazda həyata keçirilir. Bundan sonra yunun daranması mərhələsi gəlir. Yunu təmizləmək üçün yun daraqlarından  istifadə olunur. Yunu darayanda incə, xəfif forma əmələ gəlirdi. İpin əyrilməsi zamanı ortasında düyünlər yaranmaması üçün onu yaxşıca daramaq lazımdır. Bundan sonra təmizlənmiş və daranmış yundan ip əyrilir. İp əyirmək üçün iy başlıqlarından istifadə olunurdu. Bəzi kəndlərdə hələ də bu alətlərdən istifadə olunur. Cəhrədə ipin əyrilməsi mərhələsindən sonra boyaqçılıq gəlir. Çox adam bunun asan olduğunu düşünsə də , elə deyil. Bunun da özünün ustaları var, rəngi almaq üçün onun qaynama dərəcələri var”. Bütün bunları əks etdirən alətlər və şəkillər stendlərdə nümayiş olunur. Bələdçinin sözlərinə görə, bu proses ən sonda xalçanın toxunması ilə bitir.

Xovlu xalçalar

Daha sonra ikinci mərtəbəyə qalxdıq, burada xovlu xalçalar nümayiş olunur. Bələdçi deyir ki, xovlu xalçalar bölgələrə uyğun olaraq məktəblərə bölünür: “Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz və Bakı xalça məktəbləri. Bu məktəıbləri görkəmli xalçaçı rəssam Lətif Kərimov elmi şəkildə əsaslandırmış və bölgələrə uyğun bölmüşdür. Rəng çeşidlərinə, kompozisiyalarına və ilmə sıxlığına görə məktəblərin xalçaları bir-birindən seçilir. Xalçalarda ən əsas məqam ilmə sıxlığıdır. İlmə sıxlığı Azərbaycan xalçalarında kvadrat dm-lə götürülür. Misal üçün, Quba xalçalarında bir ilmə sıxlığı 1 kv dm-də 40x40, 60x60 nisbətində götürülür. Xalçalar ya toxunduğu yerin adına görə, yaxud da üzərində verilən hər hansı bir elementə görə adlandırılır”.

“Salmasoyud”

İrəlilədikcə qarşımıza çıxan “Salmasoyud” adlı xalçanı gördük. Bələdçi deyir ki, söyüd ağacı əks olunan bu xalça nakam sevgini əks etdirir. Daha sonra Ərçivan və Mərəzə xalçaları ilə tanış olduq. Bələdçi qeyd etdi ki, Gəncə-Qazax xalçalarında iri elementlər üstünlük təşkil edir, çünki burada ilmə sıxlığı azdır. Borçalı xalçaları dörd kompozisiyada toxunur.

Yalnız bizdə olan Şamaxı xalçası

Ü. Rəhimzadənin sözlərinə görə, muzeyə yeni daxil olmuş Sırt-Çiçi xalçası XIX əsrə aiddir. Keçən həftə hər iki xalçanın nümayişi olub: “Vaxtilə Qubada toxunan bu iki xalça İtaliyalı kolleksioner Andrea Stefano İoneskunun böyük dəstəyi və muzeyin direktoru Şirin xanım Məlikovanın səyləri nəticəsində muzeyə gətirildi. Sırt-Çiçi Qubada kənd adıdır, üzərində çarx və qarmaqlı elementlər var ki, bu da xalçada olan əsas bəzək elementidir. Muzeyimizin yeni incilərindən sayılan və XVII əsrin sonlarına aid olan növbəti stenddəki Şamaxı xalçası isə Avstriyada hərrac şirkətindən alınıb. Bu günə qədər Azərbaycanda hərracdan alınma xalça olmayıb, bu ilkdir. İpək və yunun qarışığından hazırlanıb. Bu cür xalçalar əsasən saraylarda istifadə olunurdu. Bəzi xarici ölkələrdə bu xalçanın hissələri mövcud olsa da, bütöv forması yalnız bizdədir”.

“Qarabağ evi”

İkinci mərtəbədə diqqətimi çəkən və mənə çox maraqlı gələn yerlərdən biri “Qarabağ evi” adlanan otaq idi. Gözoxşayan və ürəkaçan bir mənzərədir. Divarlar və yer xalçalarla döşənib. Həqiqətən də əsl Qarabağ evlərini xatırladır. Bələdçi bildirdi ki, burada Qarabağ evlərinin necə bəzəndiyi göstərilib. Otaq ensiz və uzundur. Çünki Qarabağ evləri bu formada olarmış... Otağın sağ tərəfində yuxarı hissədə taxça var idi. Buraya qabları yığırdılar, bəzək üçün istifadə olunurdu. Sol tərəfdə aşağıda isə yorğan-döşək yığmaq üçün divarda yer var idi, Qapı-pəncərənin üst hissəsində istifadə olunan şəbəkə var idi”.

Təmənnasız öz yurduna geri qaytarılan Azərbaycan xalçaları

Bələdçi Salyan xiləsi və əjdahalı xalçadan bəhs etdi. O, bildirdi ki, bu xalçaların muzeyə gəlməsinin  çox maraqlı tarixçəsi var. Qarabağ qrupunun XVII əsrə aid “Əjdahalı” xalçası amerikalı kolleksiyaçı mərhum Qrover Şiltsin vəsiyyəti əsasında xanımı Beverli Şilts tərəfindən 2013-cü ildə muzeyə hədiyyə olunub : “Deməli, bu xalça uzun  müddət Amerikada şəxsi kolleksionerin kolleksiyasında saxlanılıb. O dünyadan köçəndə öz xanımına vəsiyyət edib ki, iki ədəd Azərbaycan xalçası var, onları öz ölkəsinə bağışla... Həmin xanım bizim muzeylə əlaqə saxladı və bildirdi ki, hər iki xalçanı tam təmənnasız şəkildə muzeyə bağışlamaq istəyir. Həmin xalça okeanı aşıb başqa ölkələrə getsə də, axırda gəlib öz doğma Vətəninə çıxdı”.

Qarabağın daha bir “Əjdahalı” xalçası

Qeyd edək ki, bu il aprelin 4-də Heydər Əliyev Fondu tərəfindən də daha bir XVII əsrə aid Qarabağın “Xətai” (Əjdahalı) xalçası xaricdən ölkəmizə gətirilərək muzeyə təqdim edilib. Bu, muzeyə Fond tərəfindən verilən ikinci hədiyyədir.

Əsirlikdə olmuş xalça

Azərbaycan Xalça Muzeyinin xovlu xalçalar kolleksiyasında Qarabağ qrupunun qeyri-adi tarixə malik “Baxçada güllər” xalçası saxlanılır.

2017-ci ilin fevral ayında əslən Azərbaycandan olan ABŞ vətəndaşı Elşad Tahirov incəsənət əşyalarının virtual ticarətini həyata keçirən saytda onun diqqətini cəlb edən xalçaya rast gəlir. Qeyd edək ki, Los-Anjelesdə yaşayan E. Tahirov Azərbaycan xalçalarımızı və görkəmli alimi, xalçaçı-rəssam, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun yaradıcılığı haqqında kitabları toplamağı sevir, tez-tez internetdə maraqlı sənət əsərləri və məlumatlar axtarır. Bu dəfə kolleksiyaçının diqqətini cəlb etmiş xalçanı təsvir edən yazıda qeyd edilirdi: “Qədim Ermənistan. Qarabağ xalçası”. Lakin xalçada Azərbaycan dilində kiril əlifbası ilə toxunmuş “1 yanvar 1979 il. Sərvərin doğum gününə anasından hədiyyə” yazısı bu əşyanın Azərbaycana aid olduğunu dəqiq sübut edir və belə bir nəticəyə gəlinir ki, xalça erməni işğalçıları tərəfindən ölkəmizdən çıxarılmışdır. Və budur, əsrin dörddə biri keçdikdən sonra, Elşad Tahirov bu xalçanı hərracda alır və 2017-ci ilin mayında Bakıya − Azərbaycan Xalça Muzeyinə göndərir. E. Tahirov əşya sahibini tapmağa çalışsa da, buna nail ola bilməyib və xalçanı muzeyə hədiyyə edir. Qeyd edək ki, bu uzun illərdən sonra erməni işğalından qayıtmış ilk xalçadır.   

Lətif Kərimovun xalçaçılıqda əvəzsiz rolu

Üçüncü, yəni sonuncu mərtəbədə isə müasir xalçalar nümayiş olunur. İlk olaraq qarşımıza çıxan 1969-cu ildə toxunmuş idman xalçası oldu, üzərində idman hərəkətləri əks olunmuşdu. Daha sonra suvenir xalçalar, toxunma corablar var idi. Sovet dövrünə məxsus bir xalçada laboratoriya əks olunmuş, üzərində şagird və müəllim təsvirləri var idi. Digər xalçada isə, qırmızı qalstuklu pioner oğlan, sovet ailəsi təsviri vardı. Ümumiyyətlə, muzeyin bu hissəsində Azərbaycanda sovet dövrünün ideoloji təsiri ilə toxunan xalça nümunələri sərgilənir.

Bələdçi dedi ki, Azərbaycanın xalq rəssamı Lətif Kərimov Xalça Muzeyinin yaranmasında böyük əməyi olan şəxsiyyətlərdən biridir. Muzey 1967-ci ildə yaransa da, ilk ekspozisiyası 1972-ci ildə açılıb. Çünki 5 il ərzində Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzib, bu qədim milli irsimizi toplayıblar. Xalça Azərbaycanda sənət kimi həmişə mövcud olub, lakin onu elm kimi dünyaya tanıdan məhz Lətif Kərimov olub”. Muzeyin üçüncü mərtəbəsində onun şəxsi əşyalarını - çox zaman əynində daşıdığı jiletini, papağını, stəkanını gördük. 

Ekspozisiya ilə tanış olduqdan sonra aşağıya endik, Xalça Muzeyinin direktoru ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Şirin Məlikova ilə görüşdük, söhbətləşdik. Muzeyin direktoru muzeyin fəaliyyətindən, son görülən işlərdən bəhs etdi: “Xalça Muzeyi  Azərbaycanın hal-hazırda ən böyük və ən qabaqcıl muzeylərindən biridir. Kolleksiyalarımızı saxlayırıq, bərpa edirik və ziyarətçilərə gözəl bir şəkildə təqdim edirik. Müxtəlif təhsil proqramları ilə müxtəlif yaş təbəqəsinə məxsus olan insanları muzeyimizə cəlb edirik. Sosial proqramlarımız var, daimi olaraq konfranslar, beynəlxalq simpoziumlar keçiririk. Həmçinin, ustad dərslərimiz var, dekorativ tətbiqi sənətdə nailiyyətləri olan yerli və xarici mütəxəssisləri muzeyə dəvət edirik”.

Ş. Məlikova qeyd etdi ki, YUNESKO və H.Əliyev Fondu muzeyə böyük dəstək verir: “2016-cı ildən bütün kolleksiya üzrə yeni bir strategiya hazırladıq. Bu ən uğurlu proqramlardan biridir, belə ki, proqrama əsasən, eksponatları seçib alırıq. İllər ərzində muzeyimizə həqiqətən də bir neçə unikal eksponat daxil olub. Avstriyadan çox gözəl Şamaxı xalçasını əldə etdik. Ötən il muzeyin 50 illik yubileyində onun təqdimatını da keçirdik. Bu cür xalçalar dünyada demək olar ki, qalmayıb. Bir neçə muzeylərdə var, lakin bütöv şəkildə deyil. Bizim xalçamız isə bütövdür”.

Muzey rəhbəri deyir ki, əsirlər boyu ölkəmizin gözəl xalçaları digər ölkələrə aparılıb: “Əslində bu çox gözəl bir şeydir. Azərbaycan xalçalarını dünya muzeylərində, şəxsi kolleksiyalarda, saraylarda, tanınmış rəssamların əsərlərində görəndə bununla fəxr edirik. Mədəniyyətimiz dünyada yüksək qiymətləndirilir. Şəxsi kolleksiyalarda xalçalarımız o qədər gözəl saxlanılır ki... Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu yaxınlarda İtaliyadan iki xalçamızı qaytardıq. Sırt-Çiçi xalçasını saxlayan italyan kolleksioner deyirdi ki, mən onu yerə atıb üstündə gəzməyə qıymırdım. Onu sadəcə baxmaq üçün açırdım, estetik gözəllik alırdım. Xalçaları yığdığım xüsusi dolaba qoyurdum, əzizləyə-əzizləyə saxlayırdım”.

Ş. Məlikovanın sözlərinə görə,  Heydər Əliyev Fondu muzeyə daha bir gözəl hədiyyə edib. Bu, əjdaha kompozisiyalı xalçadır: Ümumiyyətlə, bu xalçalar Azərbaycan üçün çox vacibdir. Vaxtilə Qarabağda, Şirvanda toxunurdu. Həmin xalçalardakı motivlərdən biri əjdahadır ki, bu da türk xalqının əsas mifoloji varlıqlarından biri olub. Hələ qədim dövrdən mis qablarda, metal üzərində işləmələrdə bu təsviri görə bilirik. O dövrdə bütün dünyada çox qiymətli xalça hesab olunurdu, ona görə də ölkədən çıxarılırdı. Azərbaycanda bir dənə də olsun XVI-XVII əsrin xalçası qalmamışdı. Çox təəssüflər olsun ki, bu xalçalar ermənilər tərəfindən mənimsənilir. Dövlətimiz tərəfindən ermənilərin yalan iddialarının qarşısını almaq üçün böyük işlər görülür, biz də bu sahədə öz fəaliyyətimizi qururuq. XVII əsrin sonuna aid “Əjdahalı” (Xətai) xalçasının Qarabağ qrupuna aid xalça nümunəsi olaraq bizim muzeydə sərgilənməsi mühüm bir hadisədir. Fürsətdən istifadə edərək, Fondun rəhbəri, Birinci Vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Məhz Fondun köməyilə muzeyimizə xaricdən gətirilən nadir eksponatlar hesabına kolleksiyamız gün-gündən zənginləşir. Həmçinin, xaricdən Azərbaycana aid maddi-mədəniyyət nümunələrinin, qədim mədəni irsimizin Vətənə qaytarılmasında bizə dəstək olan bütün digər təşkilat və qurumlara təşəkkür edir, onları bu missiyanın həyata keçirilməsində hər zaman muzeyimizə dəstək olmağa çağırıram. Muzeyimiz dünyada “Ən gözəl xalça evi” olacaq. Hamı istəyəcək ki, Azərbaycan xalçaları öz Vətəninə qayıtsın, bu gözəl “evdə” yaşasın və sevinsin”.


Könül Əhmədova 


Xəbər xətti