Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil

18:13 - 18 May 2018 - KİVDF

O məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur: “Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir. Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub. Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar. Dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq”.
Deputat xatırladıb ki, 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir İnşallah bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq”.

Komissiyanın üzvü Əliməmməd Nuriyev isə  deyib ki, Konstitusiyaya görə, əfv fərmanının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir. “Əfv siyahısına kimlər düşəcək bunu kimsə deyə bilməz. Biz yalnız bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk. Rəyin nəzərə alınıb-alınmaması cənab prezidentin səlahiyyətində olan məsələdir. Çünki bu, prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Ona görə də əfv fərmanının şamil olunacağı şəxslər siyahı yayılandan sonra məlum olacaq”.
Ə.Nuriyev deyib ki, Komissiyanın pozitiv qiymətləndirdiyi şəxs fərman zamanı nəzərə alınmaya bilər: “Prezident özü uyğun bildiyi şəxsin adının siyahıya salınması qərarını da verə bilər. Digər tərəfdən, bütün məhkumlar barədə olan məlumatlar konfedensialdır. Şəxsi məlumatların yayılması isə qadağandır. Ona görə də siyahıda kimlərin adının olacağını açıqlamaq doğru deyil”.
Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv fərmanı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Qeyd edək ki, sonuncu əfv fərmanı 2017-ci il martın 16-da imzalanıb və 423 nəfərə şamil olunub. Fərmanla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib. Bununla bağlı Yeni Azərbaycan Partiyasının funksioneri, deputat Aydın Mirzəzadə  deyib ki, əfv fərmanı Azərbaycan dövlətinin və şəxsən prezident İlham Əliyevin humanistliyinin göstəricisidir. “Sonuncu əfv fərmanı geniş tərkiblidir və 423 nəfəri əhatə edir. Bəzi məhbusların ömürlük həbs cəzaları müxtəlif müddətli cəza ilə əvəzlənib. Birinci dəfə deyil, indiyə qədər Azərbaycan prezidentinin imzladığı əfv fərmanları ilə minlərlə insan öz ailələrinə qovuşub. Bu əfv fərmanı bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının maraqlarını qoruyur, onlara yenidən şans verir. Bütün bunlar dövlətçiliyimizin mahiyyətindən, dövlət başçısının humanist siyasətindən irəli gəlir. Hesab edirəm ki, bundan sonra da belə humanist addımlar davam edəcək”. Mirzəzadə qeyd edib ki, 2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam Azərbaycan dövlətinin daha demokratik, humanist olduğunundan xəbər verir.

Yuxarıda qeyd edildiyi kimi əfvetmə Prezidentinin müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilir. Əfvermə haqqında əsasnamənin 3-cü maddəsində  bildirilir ki,  Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər; məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər; məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bundan başqa, Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı müvafiq dövlət orqanları tərəfindən fərmanda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır.

Onu da qeyd edək ki. əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. O məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür. Əsasnamədə əfvetmə barədə müraciətin kimlər tərəfindən verilməsi də öz əksini tapıb. Bildirilir ki, əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Müraciət, bir qayda olaraq, aşağıdakı müddətlərdə verilə bilər: islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;

Bundan başqa, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra; ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra; ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra; məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra da verilə bilər.

Xəbər xətti