Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil

20:49 - 8 May 2018 - Cəmiyyət

1918-ci ilin 28 Mayında əsarət üfunətində boğulan xalqımızın qaranlıq göylərində istiqlal ulduzu parladı. 28 May könüllərdə yanan bir məşələ dönüb gətirdiyi hüriyyət şəfəqlərini adamların ömrünə, gününə səpdi. Xalqın başı üzərində üç rəngli, aylı, ulduzlu istiqlal atəşi yandı. Azərbaycan xalqı üç rəngli bu bayrağı sevdi, şanına şeirlər və nəğmələr qoşdu, onu bağrına basıb işığına toplaşdı. Əsarət zənciri qırılmışdı ! Xalq azad,Vətən azad olmuşdu.Bu bayraqdan adamların üzünə təbəssüm qonur, qəlblərinə sevinc axırdı. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır, böyüyürdülər. İnsanlar azad Azərbaycanda xoşbəxt ömür-gün sürürdülər. Onlar kiminsə əsiri deyildilər, özgə bir ölkənun yumruğu altında inləmirdilər. Rusun, ingilisin, erməninin ağalığına son qoyulmuşdu. Xalq öz müqəddəratının, malının, dövlətinin, yeraltı və yerüstü sərvətlərinin sahibi olmuşdu. Ölkə demokratik prinsiplər əsasında idarə olunur, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşılır, onların siyasi və vətəndaşlıq hüquqları təmin edilirdi. Cümhuriyyətdə yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradılmışdı.

Dünya ölkələri ilə dostluq münasibətləri yaranırdı. Azərbaycan Xaiq Cümhuriyyətini dünyanın 23 böyük dövləti rəsmən tanımışdı. Ölkəmizin sərhədlərinin bütövlüyünü və dövlətçiliyi qorumaq üçün milli ordu quruculuğuna başlanmışdı.Azərbaycan dili dövlət dili elan olunmuşdu. Mədəniyyət, incəsənət və təhsil inkişaf edirdi. Azad qəzet və jurnallar Azərbaycan istiqlalından bəhs edir,onun qəhrəmanlıqla dolu tarixini və işıqlı keçmişini təbliğ edirdi. Xalq Azərbaycanın istiqlaliyyət ətirli dadlı günlərini yaşamaqda idı. Siyasi, iqtisadi, mədəni, hərbi, səhiyyə və təhsil quruculuğu sahələrində mühüm addımlar atılırdı. AXC yarandığı gündən xalqın maariflənməsinə önəm verirdi. Cümhuriyyətin qurucuları yaxşı bilirdilər ki, təhsil xalqın və dövlətin taleyində ciddi əhəmiyyət daşıyır. Hələ vaxtı ilə M.Ə.Rəsulzadə elmsizliyi “böyük və dəvası tapılmayan dərd” hesab edir, “millətin millət olması üçün onun elmi, təhsili və mədəniyyəti olmalıdır”, - deyirdi. Maarif naziri N.Yusifbəyli isə 1918-ci ilin dekabrında Azərbaycan qubernatorlarına məktubunda yazmışdı: “...indiki zamanda ancaq yüksək maarifə malik olan xalq tərəqqi edə bilər...” Haqlı olaraq IV hökumət kabinəsinin proqramında yazılmışdı ki, “Əgər milli maarifsiz, milli məktəblərimiz tərəqqi etməzsə, bizim üçün fəlah və nicat ümidi qalmaz”.
 Təsadüfi deyil ki, hələ Tiflisdə ikən AXC-nin müvəqqəti hökumətinin yaratdığı ilk nazirliklərdən biri də XMN-yi olmuşdur. Bu nazirlik təhsil və mədəni maarif müəssisələrinə rəhbərlik etməli idi. I – III hökumət kabinələrində nazirliyə N.Yusifbəyli, IV kabinədə R. Qaplanov, V kabinədə isə əvvəl H.Şahtaxtinski, sonra isə N.Şahsubutov rəhbərlik etmişdilər. Bu adamlar Azərbaycanın dünyəvi təhsil sistemini yoxdan quran əsil təhsil fədailəri olmuşlar. Əsasnaməsi və strukturu təsdiq edildikdən sonra nazirlik hələ Gəncədə ikən konkret fəaliyyətə başladı. İşə xalq maarifinin vəziyyətinin dərindən araşdırılması və öyrənilməsi, bu sahədə həyata keçiriləcək ən vacib vəzifələrin müəyyənləşdirilməsi və hökumətə təkliflərin hazırlanması ilə başlandı. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olundu, məktəb və təhsilin idarə olunması XMN-nin və xalq məktəblərinin təlimatçılarının sərəncamına verildi. Əlavə olaraq 10 bölgədə xalq məktəbləri müfəttişliyi yaradıldı. Bu vaxt ölkədə cəmi 666 məktəb mövcud idi.

Bəri başdan qeyd edək ki, AXC-nin təhsil siyasəti və təhsil quruculuğu ilk gündən demokratik xarakter daşıyır, bəşəri və humanist məzmunu ilə diqqəti cəlb edirdi. Milli mənafelərə hörmət prinsipi yüksək tutulur, məmləkətdəki bütün millətlərin mənafeyi nəzərə alınırdı. Bütün vətəndaşlara bərabər təhsil hüququ verilmişdi. Hökumətin təhsil quruculuğu sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Dövlət dili haqqında qərarın qəbulu isə uşaqların öz doğma dillərində təhsil almasını qanuniləşdirdi. Beləliklə, təlimin ana dilində aparılmasına dair milli maarifçilərimizin uzun illər arzusunda olduqları ideya gerçəkləşdi. Onlar milli dili maariflənməyin ən güclü silahı hesab edirdilər. Məsələn: H. Zərdabi deyirdi ki, elmi və maarifi ana dilində mənimsəyib əxz etmək olar. Qeyd etmək lazımdır ki, AXC-yə qədər ölkədə ana dilli məktəb, demək olar ki, yox idi. Azərbaycan dili orta təhsil ocağı sayılan realnı məktəblərdə həftədə 1-2 saat keçirilən və məcburi olmayan fənn hesab edilirdi. Hökumətin 28 avqust 1918-ci il tarixli “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarına əsasən bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin ana dilində aparılır və bu məktəblərdə məcburən həftədə 3-4 saat dovlət dili – Azərbaycan dili tədirs edilirdi. Orta və ali tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyənlər üçün ibtidai təhsil müəssisələrinin 3-4-cü siniflərində Azərbaycan dili şöbələri açılırdı. İki il müddətində həmin siniflərdə uşaqlara Azərbaycan dili elə intensiv öyrədilməli idi ki, uşaqlar orta və ali təhsil müəssiələrində təhsillərini davam etdirə bilsinlər. Sonralar yaranmış çətinlikləri nəzərə alan hökumət yuxarıda adı çəkilən qərarda bəzi dəyişikliklər etdi. Belə ki, bir orta təhsil müəssisəsi olan yaşayış məntəqələrində paralel olaraq yuxarı hazırlıq siniflərində rus bölmələri açıldı. Bir neçə orta təhsil müəssisəsi olan məntəqələrdə isə onların bir qismi milliləşdirildi, qalan hissəsində isə dərslərin rus dilində aparılmasına icazə verildi. Şübhəsiz ki, rus dilində olan məktəblərdə Azərbaycan dili məcburi fənn sayılırdı.Dəyişikliyə görə azərbaycanlı uşaqlar ancaq milli məktəblərdə oxumalı idilər. Əgər uşaq azərbaycanca bilmirdisə, o zaman XMN-nin xüsusi razılığı ilə o, rus bölməsində oxuya bilərdi.

 1919 – 1920-ci dərs ilinin I yarısında hökumətin qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri, 3-4-cü Bakı məktəbləri, 2-3-4-cü Bakı qadın gimnaziyaları istisna olmaqla ölkədə fəaliyyət göstərən bütün orta məktəblərdə dərslər Azərbaycan dilində keçirilirdi. 1918-ci ilin dekabr ayında maarif nazirinin şəxsi dəstəyi ilə Xalq Məktəblər Müfəttişliyi müfəttişlərinin qurultayı keçirildi. Qurultay məktəb həyatının ən geniş məsələlərini müzakirə etdi və görüləsi ən vacib işləri müəyyənləşdirdi.Hökumət ümumtəhsil müəssisələri şəbəkəsinin inkişafına müstəsna əhəmiyyət verir və bu istiqamətdə ciddi işlər görürdü. Əvvəlcə icbari ibtidai təhsilə, sonra isə ümumi icbari təhsilə keçid nəzərdə tutulurdu. Lakin Bakı şəhərində xeyli məktəb binasının ingilis qoşunlarının sığınacaq yerinə çevrilməsi, bərbad vəziyyətə salınması, 1918-ci ilin martında ermənilər tərəfindən törədilən qırğın zamanı Bakı və qəzalardakı məktəb binalarının xeyli hissəsinin yandırılması və xarabaya çevrilməsi, bir sıra məktəb binalarında qaçqınların yerləşdirilməsi və müəllim çatışmazlığı vəziyyəti olduqca ağırlaşdırırdı. Məktəb binaları çatışmırdı. Hökumət vəziyyəti yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə edirdi. Şəhərlərdə məktəblər üçün xüsusi binalar icarəyə götürülür, kəndlərdə isə idarə binaları məktəblərə verilirdi. Dövlət məktəblərin bərpasına xeyli vəsait sərf edirdi. 1919-cu ilin noyabr ayında XMN-yi məktəb binalarının tikintisi, təhcizatı və əsaslı təmiri üçün 91.644 manat vəsait ayırmışdı.

 Təhsil quruculuğu sahəsində həyata keçirilən möhtəşəm işlər sayəsində ölkədə məktəb şəbəkəsi inkişaf edirdi. Faktlar göstərir ki, 1919-cu ilin əvvəlində Azərbaycanda hökumətin sərəncamında 23 orta, 637 ibtidai məktəb olmuşdur. Orta məktəblərdə 9611, ibtidai məktəblərdə isə 48070 nəfər şagird təhsil alırdı. 1919-cu ilin sonlarında orta məktəblərin sayı 30-a çatmışdı. Bunların 8-i kişi, 10-u qadın gimnaziyaları, 6-sı realnı məktəb, 2-si kommersiya məktəbi, 3-ü müəllimlər seminariyası, 1-i isə politexnik məktəb idi. 1919-cu ildə həmçinin ölkədə 15 milliləşdirilmiş ali ibtidai məktəb vardı ki, bunlar da Bakı, Ğöyçay,Quba,Qusar, Salyan, Lənkəran, Ğöytəpə, Gəncə, Şamaxı, Ğorus, Ağdaş, Şuşa, Şəki, Qazax və Zaqatalada yerləşirdi. Qısa müddətdə Bakı politexnik və kommersiya məktəblərindən başqa, bütün orta təhsil müəssisələri milliləşdirilmişdi. AXC hökuməti məktəb islahatı ilə əlaqədar məsələləri geniş müzakirə etmək və hökumətə təkliflər vermək üçün Azərbaycan müəllimlərinin növbəti (3-cü) qurultayının çağırılması barədə qərar verdi və bunun üçün XMN-nin sərəncamına 35600 manat vəsait ayrıldı. Müəllimlərin III qurultayı 1919-cu ilin avqustunda Bakı şəhərində keçirildi.
 Qurultayın XMN-nə təklifi əsasında proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq üçün hökumət komissiyası yaradıldı. Həmin komissiyanın təşəbbüsü və rəhbərliyi ilə 1919-cu ilin dekabr ayında Bakı şəhərində müəllim seminariyaları, xalq maarif inspektorları, ali və ibtidai məktəb müdirlərinin 15 günlük müşavirəsi keçirildi. Müşavirədə təhsil quruculuğuna dair xeyli sayda ən aktual məsələlər müzakirə olunaraq hökumətə təkliflər paketi hazırlandı. XMN-yi müşavirədə söylənmiş fikir və təklifləri əmr, sərəncam, göstəriş formasında reallaşdırdı və metodik vəsait kimi çap etdi. Azərbaycan XMN-yi ancaq məktəblərin deyil, onların rəhbərlərinin, hətta adlarının da milliləşdirilməsinə önəm verirdi. Çünki təhsil müəssisələrinin qeyri-millətdən olan rəhbərləri müəssisəsinin və təhsilin məzmununun milliləşdirilməsinə maneçilik törədirdilər. Ona görə də təhsil müəssisələrinin rəhbərliyinə milli ruha malik, milli-mənəvi dəyərlərə sahib olan, maarifpərvər və savadlı azərbaycanlı müəllimlər gətirilirdi. Belələrinə S.Yaqubova, R.Əfəndiyev, M.Maqomayev və başqalarını nümunə göstərmək olar. I Milli Qadın Gimnaziyasına müdir təyin olunan S.Yaqubova savadlı müsəlman qadınlarını işə cəlb etməklə qısa müddətdə 57 qeyri-azərbaycanlı müəllimdən 14-nü, M.Moqamayev I Bakı Qarışıq ibtidai ali məktəbin qeyri-azərbaycanlı müəllimlərindən 4-nü, R.Əfəndiyev isə Bakı kişi gimnaziyasında 24 qeyri-azərbaycanlı müəllimdən 17-ni azərbaycanlı ilə əvəzləmişdi. Ümumiyyətlə, təhsil müəssisələrinin azərbaycanlı maarifpərvər müdirləri müxtəlif şəhər, kənd və qəzalardan milli ruhlu, savadlı müəllimləri axtapıb tapır və işə qəbul edirdilər. Onların içərisində X.Ağayeva, H.Cavid, Ə.Əzimzadə, R.Təhmasib, Ə.Terequlov, P.Qasımov və s. kimi xalq müəllimləri də vardı.

(davamı var)

Imran Verdiyev


Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Respublikasının
Əməkdar müəllimi.

Xəbər xətti