Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

17:58 - 9 Aprel 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ucnoqta.az XİN-ə istinadən xəbər verir ki, baş katib Rəşid Alimov Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə etməsi üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə edib. Bununla əlaqədar məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və seçkilərin müşahidəsi üçün lazımı hazırlıq tədbirləri gördüklərini qeyd edib.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı olduğunu bildirən Baş katib son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən mədəni və ictimai tədbirlərdə fəal iştirakını təqdir edib.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə baş katib R.Alimova təşəkkürünü bildirən nazir E.Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ŞƏT üzv dövlətlərlə ikitərəfli səviyyədə dostluq və tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək ölkəmizin iştirakı ilə həyata keçirilən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizi layihələrinin ŞƏT çərçivəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını nəzərə çatdırıb.

Görüş əsnasında ŞƏT haqqında Azərbaycan ictimaiyyətində məlumatlandırmanın artırılması və ictimai diplomatiya təyinatlı layihələrin həyata keçirilməsi məsələsinə də toxunulub.

Söhbət zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti