“Azərbaycan hökumətinin daha çox dəstək verəcəyinə ümid edirik” - ABŞ diplomatı

11:04 - 28 Fevral 2018 - SİYASƏT

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman Azərbaycanda səfərdədir.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Ölkə.Az”a ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib. 

Məlumata görə, Brok Birman səfər çərçivəsində Bakıda vergilər naziri Mikayıl Cabbarovla, Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla, kənd təsərrüfatı naziri Heydər Əsədovla, İqtisadiyyat və Sənaye nazirinin müavini Sahil Babayevlə, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə və digər hökumət nümayəndələri ilə görüş keçirib. 

Görüşlərdə ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb. 

Brok Birman Azərbaycanda göstərilən xarici yardımı müzakirə etmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o cümlədən Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də görüşlər keçirib. Bundan əvvəl isə o, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək onların fəaliyyətləri ilə bağlı vəziyyəti öyrənib.

Görüşlər zamanı çıxış edən Brok Birman bildirib ki, əsas məqsəd ölkələrlə birgə işləyərək onların inkişaf sahəsində tərəfdaşı olmaqdır: 
“Mən Azərbaycan üçün daha təhlükəsiz, demokratik və firavan gələcəyin qurulmasında ABŞ-ın Azərbaycanla birgə çalışmasına sadiq olduğunu göstərmək üçün burada səfərdəyəm. Azərbaycanın inkişafına daha səmərəli töhfə verə bilməyimiz üçün Azərbaycan hökuməti tərəfindən daha çox dəstək veriləcəyinə ümid edirik”.

Səfər çərçivəsində Brok Birman bu gün Xaçmaz rayonuna səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşüb. 

Xatırladaq ki, bu, Brok Birmanın Azərbaycana sayca ikinci səfəridir. 

İlk dəfə o, 2003-cü ildə Avropa və Avrasiya Bürosunda Aparat rəhbəri olduqda Bakıya səfər edib. 

Xəbər xətti