“Beynəlxalq məhkəmə Sarkisyanı həbs etməlidir” — Türkiyə parlamentinin eks-spikerindən BMT-yə ÇAĞIRIŞ

16:40 - 26 Fevral 2018 - SİYASƏT

“26 il öncə yüzlərlə uçaq, qoca, qadın və digər günahsız insanları qətlə yetirən erməni terrorçularının başında indiki Ermənistan prezidenti Serj Sarkisyan dayanır”.

"Ucnoqta.az" xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, Baş nazirin keçmiş müavini, millət vəkili Cəmil Çiçək bildirib. 
 

Cəmil Çiçək təəssüflə deyib ki, Serj Sarkisyan beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılmaq əvəzinə, bu gün Ermənistana prezidentlik edir:
“Serj Sarkisyan qatı cinayətkardır. Bu adam beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmalıdır. BMT başda olmaqla, bütün beynəlxalq təşkilatların bunu tələb etməsi əvəzində biz onun əksini görürük. Çox təəssüf ki, həmin beynəlxalq təşkilatların nümayəndələri hələ də Serj Sarkisyanla görüşlər keçirir.  Bu, yolverilməzdir”.
 

Cəmil Çiçək qeyd edib ki, Xocalı soyqırımı BMT-nin və digər beynəlxalq təşkilatların üz qarasıdır: 
 

“Çox təəssüf ki, nə Xocalı soyqırımı törədilən an, nə də sonradan erməni silahlıları tərəfindən günahsız azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı heç bir beynəlxalq təşkilat səsini çıxartmayıb”.
 

Cəmil Çiçək Xocalı soyqırımı ilə bağlı bütün müsəlman və türkdilli dövlətləri birliyə çağırıb:
 

“Çox təəssüf ki, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı Azərbaycan və Türkiyədən savayı heç bir müsəlman və türkdilli dövlət fəal iş aparmır. Bu, həm İslam, həm də türk dünyası adına böyük eyibdir, utanc gətirir. Halbuki, Xocalı soyqırımı təkcə Azərbaycanın kədəri, acısı deyil. Xocalı, özünə türk və müsəlman deyən hər kəsin acısıdır. Xocalıda törədilənlərə susan adamlardan nə türk, nə də müsəlman ola bilməz. Çünki Xocalıda ermənilər tərəfindən dinc müsəlman əhaliyə qarşı soyqırım törədilib, körpə uşaq və qocalar qətlə yetirilib. Bundan əlavə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların ata, baba yurdları, evləri dağıdılıb, əllərindən alınıb. Təsəvvür edin ki, Xocalı soyqırımı törədilən zaman ana bətnində olan körpə bu gün 26 yaşına çatıb. Ancaq o uşaq öz doğma torpaqlarını görə bilməyib. Bu qədər böyük kütlə soyqırıma, qətliama, haqsızlıqlara, ədalətsizliklərə məruz qaldığı halda nə BMT, nə də digər beynəlxalq təşkilatlardan bir nəticə çıxmır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupu var. Ancaq bu təşkilatın yalnız adı qalıb. Minsk qrupu 26 ildir ki, heç bir irəliləyişə nail ola bilməyib. Ona görə Türkiyə sonadək dostu və qardaşı olan Azərbaycanın yanında olacaq, onu müdafiə edəcək. Zaman-zaman Türkiyə və Azərbaycanın arasını vurmaq, fitnə-fəsad törətmək istəyənlər olub. Ancaq bu hallara çox diqqətli olmaq lazımdır. Buna hər kəs əmin olsun ki, Türkiyə sona qədər Azərbaycanın yanında, işğalçı Ermənistanın qarşısında olacaq. Cənab prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında bildirdi ki, Türkiyə Xocalı soyqırımını və onu törədənləri əsla unutmayacaq”.

Xəbər xətti