Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında SƏRƏNCAM

17:43 - 22 Fevral 2018 - SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 

Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Dövlət başçısı hüquqi dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görmək; Azərbaycan regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görmək; vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etmək; Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırmaq tapşırılıb.
 

Vəkillər Kollegiyasına tövsiyə edilir:
 

- ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın;
 

- göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün;
 

- vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin;
 

- Azərbaycanın şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin;

 

- hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin;
 

- Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün;

 

- Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün.

Xəbər xətti