Müstəntiq Sumqayıt hadisələrinin arxasındakı xüsusi xidmət orqanlarından DANIŞDI

10:57 - 22 Fevral 2018 - SİYASƏT

"Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib".
 
 
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
 
 
 
N. Mirzəyevin sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin Rusiya, Ukrayna və Belarusun müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib: "İstintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa edilməsində maraqları olmayıb, buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib, Azərbaycan milliyyətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə məşğul olublar. İstintaqla müəyyən edildiyi kimi, Sumqayıt şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən ediblər ki, şəhərdə özlərini «Qafandan qovulmuş azərbaycanlılar» kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanılması təşkil edilməyib və nəticəsiz qalıb. Həmçinin müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamın qaldığı, iğtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun  günahını azərbaycanlılarının  boynuna atmaq istəyiblər. İstintaqla baş vermiş kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan ermənilərin bu hadisələrə qədər məlumatların olduğu da müəyyən edilib”.  
 
 
 
N. Mirzəyev həmçinin bildirib ki, kütləvi iğtişaş ərəfəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində video çəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar (videokameranın yerləşdirilməsi üçün ştativlər və s.) yerləşdirilib, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus evlərin qarət edilməsi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin razılığı ilə videogörüntüyə alınıb. Bu faktlar da Sumqayıt şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir”.
 
Nadir Mirzəyev onu da bildirib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb.
 
 
O qeyd edib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərilən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 064 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib.
 
 
 
N. Mirzəyevin sözlərinə görə, istintaq zamanı həmçinin müəyyən edilib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri dəfələrlə məhkum edilmiş, milliyətçə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub: “Eduard Qriqoryan öz ətrafında adamları çəmləşdirib onlara rəhbərlik edərək, «Ermənilərə ölüm», «ardımca» və sair çağırışlarla özündə olan və  əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumları həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərəçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsi və zorlanmasına görə məhkum olmuş Eduard Qriqoryan 22 dekabr 1989-cu ildə hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 26 avqust 1991-ci ildə Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı "xidmətlərinə" görə Eduard Qriqoryan Ermənistana təhvil verilib?  9 fevral 2015-ci il tarixdə Eduard Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib”.
 
 
 
Müstəntiq həmçinin qeyd edib ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin «Krunk» cəmiyyətinə pul vəsaiti köçürməsi müəyyən edilib: “Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən «Krunk» cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri «Krunk» cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, «Krunk» cəmiyyətinə pul köçürən ermənilərin evləri demək olar ki, hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan müsiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini «Krunk» cəmiyyətinə köçürüblər”.


Xəbər xətti