“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub

13:30 - 19 Fevral 2018 - Cəmiyyət

18.02.2018-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub. Əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib.

 

“Sərdar” sənədli filmi nümayiş olunub və film haqqında müzakirələr əsnasında araşdırma işi film çəkilən zaman nə qədər müddət alıb, hansı mərhələlərdən keçib layihə iştirakçılarına bildirilib.

Birliyin mətbuat xidmətindən bildirilib ki, araşdırmanı peşəkarcasına öyrənmək lazımdır ki, Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq mümkün olsun.

Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir.  İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.


Xəbər xətti