Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər

20:50 - 17 Fevral 2018 - SİYASƏT

Milli Məclisin deputatları Türkiyə və Almaniyada Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. "Ucnoqta.az" Milli Məclisdən Modern.az-a verilən məlumata istinadən bildirir ki, deputat Elman Məmmədov fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq. Deputat Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak edəcək. Deputatımız həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım Beyazit Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi konfrans və rəsm sərgisinə qatılacaq. Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman iştirak edəcək. Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş simpozium keçiriləcək. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədi Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər. Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq. Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər. Səfər fevralın 25-də başa çatacaq

Xəbər xətti