Yerli özünüidarəetmə institutu hüquqi dövlət quruculuğu sahəsində xüsusi yer tutur
Demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri ölkəmizdə yerli özünüidarəetmə institutunun-bələdiyyələrin yaradılmasıdır. Insan hüquqları, qanunun aliliyi, hakimiyyət bölgüsü, müstəqil məhkəmə sistemi və digər elementlərlə yanaşı yerli özünüidarəetmə institutu da demokratiyanın əsas şərtləri sırasında xüsusi yer tutur. Yerli özünüidarəetmənin əsas məqsədi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Ümumilikdə yerli özünüidarətmə öz statusuna görə əhaliyə ən yaxın qurum hesab edilir, vətəndaşlarda idarəetmə bacarığını təlqin edir. Bu, vətəndaşların bir növ məsuliyyət və idarəetmə təcrübəsidir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bununla bağlı deyib ki, yerli özünüidarəetmənin anlayışı çox aydın şəkildə «Bələdiyyələrin statusu haqqında» qanunun 1-ci maddəsində göstərilib. Həmin maddəyə əsasən yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə qeyri-dövlət sistemidir ki, bu sistem vasitəsilə onlar qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həyata keçirirlər. 2-ci maddədə isə bildirilir ki, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Onun sözlərinə görə, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Kamran Bayramov bildirib ki, yerli özünüidarəetmə institutunun əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bələdiyyələrə dövlət dəstəyinin göstərilməsi təbii ki, Heydər Əliyevin adı ilə bağılıdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizdə geniş miqyaslı demokratik islahatların əsasını qoyub. Konstitusiyada respublikamız üçün yeni olan yerli özünüidarə institutu ilə bağlı müddəaların nəzərdə tutulması xüsusi əhəmiyyət kəsb edib, bu sahədə müvafiq münasibətləri tənzimləyən mühüm normativ sənədlərin hazırlanmasına xüsusi təkan verib. “1995-ci ildə qəbul olunmuş Konstitusiyada bələdiyyələrə xüsusi olaraq IX-cu fəsil həsr olunub. Həmin fəsildə bələdiyyələrin statusu, işinin təşkili, müstəqilliyinin təminatı və digər məsələlər öz əksini tapıb”.
Onun sözlərinə görə, bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsas altı şərt var. “Bunların sırasına bələdiyyələrin fəaliyyəti üçün hüquqi bazanın mövcudluğu, seçkililiyi, müstəqilliyi, təşkilatlanması, müstəqil maliyyə resurslarına malik olması, kadr təminatı daxildir. Bütun bu məsələlər nəzərə alınmaqla hər bir sivil dövlətdə, demokratik cəmiyyətlərdə belə qurumların yaradılması təmin edilə bilər”.
Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün möhkəm, dayanıqlı, təkmil normativ hüquqi baza yaradıldı. Qısa müddət ərzində bələdiyyə institutu ilə bağlı bir sıra normativ hüquqi aktlar, o cümlədən “Bələdiyyələrin statusu haqqında, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verlməsi haqqında”, “ Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və digər mühüm qanunların layihələri hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olundu. Qeyd olunan və digər tədbirlər 1999-cu ildə demokratik seçkilərin keçirilməsinə və ölkəmizin tarixində ilk dəfə olaraq yeni bələdiyyə institutunun formalaşdırılmasına şərait yaratdı. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirildi. O dövrdə Respublikamızda 2667 bələdiyyə 21 min nəfər bələdiyyə üzvü seçildi, bu orqanlarda 25 min nəfər müxtəlif peşə sahibləri işləməyə başladılar. Sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirildi.
Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri isə hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirildi. İlk iki seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmayıb. Təbii ki, bu işlə məşğul olmaq üçün bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə, yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında təsəvvürə malik olmayıblar. Kamran Bayramob bildirib ki, 2009-cu ildə keçirilən seçkilərin nəticələri isə göstərdi ki, bələdiyyə üzvlüyünə layiqli insanlar seçilib, onların arasında ali təhsillilərin, gənclərin, qadınların sayı artıb. “Nəhayət, 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində göstəricilər daha da yüksək oldu. 2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,86 faiz olduğu halda, 2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə seçici fəallığı artıb, onların 38,93 faizi seçkilərdə iştirak edib, bu da əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını göstəribdir. 2014-cü il bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayı 38 min nəfəri ötübdü. Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu göstərici 2,5 nəfər olmuşdur. O zaman 1607 bələdiyyəmiz və 15035 bələdiyyə üzvü var idi. Yəni əvvəlki seçkilərlə müqayisədə rəqabət yüksək idi.
2014-cü ildə yeni seçilmiş bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin sayı 89,8 faiz təşkil edib. Eyni zamanda, qadınlar sayı 35,0 faiz, gənclərin sayı isə 36,4 faiz olub. Bələdiyyə sədrliyinə seçilən şəxslərin isə 93,7 faizi ali təhsilli, 30,0 faizi qadın, 27,4 faizi gənc idi. Bütün bunlar ondan xəbər verir ki, bizim cəmiyyətimiz, seçicilərimiz bu qurumlara diqqətini artırır. İnsanlar nəinki seçmək, eləcə də seçilmək niyyətlərini daşıyırlar”.
Azərbaycan Respublikasında yerli özünüidarə orqanları olan bələdiyyələrə xüsusi əhəmiyyət verilərək bu sahədə zəngin normativ hüquqi bazanın yaradılması işi sonrakı illərdə də davam etdirildi, o cümlədən bir sıra qanunlar, ölkə Prezidentinin Fərmanları və Nazirlər Kabinetinin Qərarları qəbul edildi. Ümumiyyətlə, bilavasitə bələdiyyələrin fəaliyyətini tənzimləyən 20-dən çox Qanun qəbul olunub, Azərbaycan Respublikasının Mülki, Torpaq, Su, Vergilər, İnzibati Xətalar və s. məcəllələrinə bələdiyyələrlə bağlı müddəalar daxil edilib, bu sahədə müxtəlif məsələlər digər çoxsaylı qanun və başqa normativ sənədlərdə nəzərdə tutulub. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub, ölkəmiz Avropa demokratik dəyərlərinə sadiqliyini nümayiş etdirərək Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş 25 dekabr 2001-ci il tarixli Qanunla Yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulub.
Yerli özünüidarəetmə orqanlarının üzvləri və həmin orqanların aparatlarının işçiləri tərəfindən bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsi, onların fəaliyyətinin müasir tələblərə, hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə və bələdiyyələrin işinə digər kömək göstərilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 08.02.2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradılıb.
(ardı var)