Ana səhifə
22 Fevral 2018

“Siyasi həyasızlıq, yoxsa ikili standartlar”? – Millət vəkilindən açıqlama

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Elmar Məmmədyarov Fransa bir sıra görüşlər keçirib. Bu gün isə Polşanın Krakov şəhərində Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək. Elmar Məmmədyarov Fransada keçirdiyi görüşlərdə bir sıra vacib məqamlara toxunub. Nazir fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd edib.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib. Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirdi və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini deyib.

Elmar Məmmədyarov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuen ilə görüşündə isə Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqla verən millət vəkili Rəfael Cəbrayılov bildirib ki, dünyanın müxtəlif ölkələrindən erməni əsilli insanların Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi, Cəbrayıl rayonunda erməni kilsəsinin inşa edilməsi, habelə işğal altındakı ərazilərimizdə müxtəlif biznes fəaliyyəti ilə məşğul olan şirkətlərlə dünyanın özünü demokratik hesab edən ölkələrinin əməkdaşlıq etməsi Azərbaycan cəmiyyəti üçün yeni bir hal deyil: “Bu məni təəccübləndirmir. Çünki bu kimi halları biz əvvəllər də çox görmüşük. Azərbaycanın qarşısında həyasızlığının həddi-hüdudu olmayan bir siyasi rejim dayanıb. Bundan başqa, Azərbaycanın qarşısında ikili standartlara addımbaşı əməl edən və bunu müxtəlif problemlərin həllində istifadə edən dünya birliyi var. Ancaq mən fəxr edirəm ki, Azərbaycan xalqı tarix boyunca heç vaxt heç bir kilsəni sökməyib. Azərbaycanın paytaxtında erməni kilsəsi saxlanıldığı halda, Ermənistanın ərazisində bir dənə belə məscid yoxdur. Hətta Cəbrayılda, heç vaxt ermənilər yaşamadığı, erməni kilsəsi tikilmədiyi halda, indi orada erməni kilsəsinin tikilməsi beynəlxalq həyasızlıqdır. Yəni bunlar mənim üçün yeni bir şey deyil. O ki, qaldı Avropa dövlətlərinə, ələlxüsus da ATƏT-in Minsk qrupunun üzvü olan Fransa kimi özünü demokrat hesab edən dövlətin, Dağlıq Qarabağla bağlı problemin həllində üç aparıcı dövlətdən biri kimi seyrçi mövqedə olması, ikili standartların bariz nümunəsidir. Bu da bizim üçün yeni hal deyil. Onu da vurğulamaq istəyirəm ki, böyük dövlətlərin bu cür ikili standartlarla yanaşması bizim mübarizəmizi ləngitməməlidir, yəni mübarizəmizi davam etdirməliyik”.

Millət vəkili bildirib ki, qarşımızda çox güclü, haqq-ədaləti heç də hər zaman rəhbər tutmayan böyük dünya birliyi var: “Bundan təəssüflənsək də, bu heç də mübarizənin zəifləməsi anlamına gəlməməlidir. Bunu ikili standartların bariz nümunəsi adlandırsaq da, dünyaya demokratiyadan dərs keçən, dünyaya insan hüquqlarından dərs keçməyə cəhd edən dövlətlərin siyasi həyasızlığı adlandırsam da, düşünürəm ki, zaman bizim xeyrimizə işləyir. Azərbaycan bir dövlət olaraq mübarizəsini aparmalıdır, dövlətimizin bugünkü xarici siyasətini çox yüksək qiymətləndirirəm. Çünki bu xarici siyasət eyni zamanda türk birliyinin, İslam birliyinin daha da möhkəmləndirilməsinə yönələn bir siyasətdir. Bu da artıq özünün səmərəsini göstərməyə başlayıb. Təsəvvür edin, 20-30 il əvvəlki illə müqayisə etsəz, görərsiz ki, o zaman heç türk birliyi anlayışı yox idi. Yəni mübarizəni dayandırmaq olmaz. Bütün imkanlardan istifadə edərək mübarizəmizi davam etdirməliyik”.

Rəfael Cəbrayılov bildirib ki, bu gün Polşanın Krakov şəhərindəki görüşdən isə heç nə gözləmir: “Çünki bu, həmsədrlərin növbəti dırnaqarası vəzifələrini icra etmək üçün həyata keçirdikləri tədbirdir. Ona görə də bu görüşdən böyük müsbət nəticə gözləmirəm. Amma bu cür görüşlərin keçirilməsi müsbət haldır, bundan yayınmaq olmaz. Çünki dediyim kimi, Azərbaycan bütün müstəvilərdə mübarizəsini davam etdirməlidir. Dünya birliyi artıq erməninin kim olduğunu anlayacaq”.

Tarix
19 Yanvar 2018 [01:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ