Qanvermənin donor üçün heç bir zərəri yoxdur

15:56 - 11 Dekabr 2017 - Cəmiyyət

Məlahət Abbasova: “Əgər xəstənin belində ağrılar olarsa, özünü pis hiss edərsə, qanköçürməni dayandırmaq lazımdır”


 Amerikanın “Heart” adlı çox çox məşhur bir dərgisində yayımlanan araşdırmada qan verən insanların digərlərinə nisbətən ürək və damar xəstəliklərinə yoluxma riskinin az olduğu qeyd edilib. Bu fikri tədqiqatçılar belə bir maraqlı faktla əsaslandırırlar. Belə ki, qadınlarda aybaşı zamanı qanla dəmir itirmələri nəticəsində onlarda “dəmir çatışmazlığı” yaranır. Dəmir azlığı isə yağların oksidləşmə sürətini azaldır. Bununla da sərtliyə (ateroskleroz) kişilərə nisbətən qadınlarda daha az rast gəlinir. 
Başqa sözlə desək, sərbəst oksigen radikalları yağların oksidləşməsini təmin edir, bu isə damar sərtliyi yaradır. Bunun dəmirlə əlaqəsinə gəldikdə isə, dəmir yağları oksidləşdirən bu oksidant  molekullarının yaranmasını təmin edən reaksiyada yer alır. Yəni insan bədənində nə qədər çox dəmir varsa, bir o qədər də çox zərərli oksidant molekulu meydana gəlir. Bunun əksinə olaraq isə, qadınlarda aybaşı qanaxmaları, donorların qanvermə kimi qan itkisinə, yəni dəmir itkisinə yol açan vəziyyətlərdə orqanizmdə sərbəst dəmir azaldığı üçün oksidləşmə də azalır. Məhz buna görə də bu vəziyyətlərlə rastlaşmayan insanlarda ürək-damar xəstəliyinə daha çox rast gəlinir. Yuxarıda deyilənlərə əsaslanaraq  bir çox alimlər hesab edirlər ki, dəmirin qidada azaldılması, onun bədəndən çıxarılması və ya qanvermə yolu ilə azaldılması ilə ürək  böhranına yol açan aterosklerotik tıxacların kiçilməsinə nail olmaq olar. Digər tərəfdən, bədəndəki dəmirin azalmasının insulinin miqdarını artırdığı da məlum olub. Deməli, qanvermə həmçinin insanı  şəkər xəstəliyindən də qoruya bilər. Qeyd edək ki, mütəxəssislər yaz aylarının (aprel və may) qanvermə üçün çox uyğun bir vaxt olduğunu deyirlər. Çünki bu, qış boyunca yorulmuş sümük iliyinə yenilənməsi üçün çox yaxşı bir şansdır.


Məlum olduğu kimi, qanaxması olan bir xəstə və yaxud böyük bir əməliyyat üçün çoxlu miqdarda qan və donmuş plazmaya ehtiyac duyulur. Həmçinin problemli hamiləlik keçirən və ya qanaxması olan hamilə bir qadının yaşamını davam etdirməsi üçün qan və qan preparatları lazım gəlir. Həyatları boyunca qan və qan preparatları qəbul etmək zorunda qalan hemofiliyalı və talessemiyalı xəstələr hər zaman onlara qan verilməsini gözləyirlər. Ağır böyrək xəstələrinin həyatlarını davam etdirmələri üçün də qana ehtiyacları var. Bütün bunlarla bərabər nəzərə almaq lazımdır ki, qan süni yolla hazırlanmayan yeganə preparatdır. 


 Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən həkim terapevt Məlahət Abbasova bildirdi ki, qanvermə zamanı ilk olaraq qanın ümumi analizi yoxlanılmalıdır. Çünki qanın ümumi analizi insanın bədəni haqqında çox şey deyə bilər: “Şəkərli diabet yoxlanılır, donorların qanı əsas dörd infeksiya - sifilis, QİÇS, Hepatit C və Hepatit B üzrə yoxlanılır.  Donorların qan verə bilməsi üçün bunlar mütləq müəyyənləşdirilməlidir.  Bu infeksiyaların olmadığı halda qan vermək olar. Əgər bu infeksiyalar olarsa, xəstənin yoluxması halı yüzdə yüz olacaq deməkdir. Bundan başqa, kimsə öz sağlamlığına görə qan vermək istəyirsə, yenə də mütləq hemoqlobin yoxlanılmalıdır. Hemoqlobin az olarsa, qan dövranında qanın miqdarı azaldıqda bayılmalar və bir sıra hallar ola bilər. Təzyiqə xüsusi nəzarət olmalı, 90-dan aşağı olmamalıdır. Bədəndən 200-300 qram qan götürdükdə təzyiq düşə bilər və xəstədə bayılma halı baş verə bilər”. 

Həkim terapevtin sözlərinə görə qanvermənin donor üçün heç bir zərəri yoxdur: “Əgər donor sağlamdır, hemoqlobini yaxşıdır və infeksiyaları yoxdursa heç bir narahatçılığa səbəb yoxdur. Qan verəndə bədəndə olan  qanyaradacı orqanlardan (xüsusilə də dalaq) beyinə xəbər gedir ki, qanın bir hissəsi çıxıb. Onlar sürətlə işləyib, qana təzə eritrositlər və s. verirlər. Tezliklə- 45 gün ərzində bu tam bərpa olunur. Yəni, donor üçün zərərli olmur”. 


 M.Abbasova qeyd etdi ki, əgər sadaladığım infeksiyalar təmizdirsə, qan köçürülən adam üçün də təhlükə ola bilməz: “İnsana qan köçürülürsə, demək ki, onun bu qana ehtiyacı var. Mütləq qan köçürüləndə qanın qrupu, rezus-faktoru nəzərə alınmalı, hamısı yoxlanılmalıdır. Misal üçün, əgər qanköçürmə şöbəsindən qan alınırsa, xəstə də birinci qrupdursa, qanı köçürəndə hər ehtimala qarşı yenə də qanlar yoxlanılmalıdır. Çünki hansısa səhvlər ola bilər. Hətta, qanın üzərində eyni qrup olduğu (yəni bir-birinə düşən qrup) yazılsa belə, qanı köçürməzdən öncə onu yoxlamaq lazımdır. Yoxladıqdan sonra köçürülməli və bundan sonra xəstənin vəziyyətinə nəzarət edilməlidir. Əgər xəstə özünü yaxşı hiss edirsə, belində ağrı olmursa deməli bu qanı qəbul edir. Əgər xəstənin belində ağrılar olarsa, özünü pis hiss edərsə, qanköçürməni dayandırmaq lazımdır”.


Könül Əhmədova 

Xəbər xətti