Sergey Lavrov: "Georgi Zuyevin təyinatına Azərbaycandan aqreman almamışıq"

15:22 - 8 Dekabr 2017 - SİYASƏT

"Biz Georgi Zuyevin səfir təyin olunması üçün Azərbaycan hökumətinə heç vaxt aqremanla bağlı müraciət etməmişik".

 
Ucnqota.az APA-ya istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında Georgi Zuyevin səfir təyin olunması üçün Rusiya tərəfinin müraciətinə ermənilərlə əlaqəsi olduğu üçün Azərbaycanın aqreman verməməsi barədə suala cavabında deyib.

 
O bildirib ki, bu barədə yayılmış xəbərlərlə tanışdır: “Lakin kimin kiminləsə hansısa əlaqələrinin olması və bunun siyasətə necə təsir etməsi məsələsi müasir mədəni tələblərə cavab vermir”.
 
Rusiya XİN başçısı bildirib ki, hazırkı səfir öz missiyasını bitirən kimi Azərbaycana yeni səfir göndəriləcək. 

 
Qeyd edək ki, bu il iyulun 5-də Rusiya KİV Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin namizədliyini təsdiqlədiyini yazıb.
 
Bir müddət əvvəl yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilirdi ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.

Xəbər xətti