Deputat nazirlərin təyinatından danışdı

14:12 - 6 Dekabr 2017 - SİYASƏT

Deputat Zahid Oruc prezidentin ötən gün iki nazirliklə bağlı verdiyi sərəncama münasibət bildirib.


Ucnoqta.az xəbər verir ki, Z. Oruc “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Fazil Məmmədov müstəqillik illərində tamamilə yenidən qurulan mühüm bir nazirliyə yüksək məsuliyyətlə rəhbərlik edib:

“O, Heydər Əliyev məktəbini keçib, son dərəcə mürəkkəb şəraitdə dövlətə sədaqətlə xidmət etməyə çalışıb. Bildiyiniz kimi, son 20 ildə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də sahə və coğrafi quruluşuna görə böyük dəyişiliklərə məruz qalıb. Vergilər Nazirliyi beynəlxalq təcrübə əsasında qeyd etdiyimiz transformasiyaya çevik şəkildə uyğunlaşmaya çalışırdı. Orada islahatlar,dövlət və vergi subyektləri arasındakı münasibətlər daimi həssaslığa malikdir. Nəzərə almalıyıq ki, yüksək məmur biznesi şəraitində mənafelərin daha çox toqquşduğu son dərəcə ağır bir sahəni formalaşdırmaq, sərt maliyyə-bank reallığında büdcə öhdəlikləri, hakimiyyətin tələbləri və iqtisadi subyektlər arasında maraqların balansını yaratmaq o qədər asan iş deyil. Hər halda dövlət və hökumət orqanları içərisində Fazil Məmmədovun obrazı konfliktlərə deyil, əməkdaşlıq formatında qanuni tələblərin yerinə yetirilməsi ideyasına xidmət edib.
 

Mikayıl Cabbarovun Vergilər naziri təyin olunması isə prezident İlham Əliyevin müstəsna səlahiyyətidir, eyni zamanda, ölkə başçısının son illər həyata keçirdiyi yeni kursun tələblərindən irəli gələn qərardır. Hər halda, ötən 4 il ərzində təhsil sahəsində əhəmiyyətli və millətimiz üçün son dərəcə faydalı dəyişiklərin şahidi olduq. Ali təhsilin rəhbər korpusuna gətirilən yeni simalar hesabına universitetlərin statusu və kölgəli imici kəskin dəyişdi, tələbə köçürülmələrində yaşanan qanunsuzluqları ləğv etmək və orta məktəb sistemində direktorların seçilməsində şəffaf, ədalətli mexanizmlər yaratmaq şübhəsiz ki, inqilabi xarakter daşıyan tədbirlərdir. Parlament üzvü kimi, millətin istedadlı gənclərinin böyük qvardiyası olan olimpiada qaliblərinin seçilməsində, eləcə də müəllimlərin biliyinin qiymətləndirməsi hesabına onların zəhmətinə differensial yanaşmanın tətbiq olunmasında yaxından müşahidəçi olduğumuzu yada salsaq, ictimai fikrə açıq, əlçatan, qabaqcıl modelləri ağılla tətbiq etməyi bacaran islahatçı bir obrazdan danışdığmızı vurğulaya bilərik.

Bütövlükdə götürəndə Mikayıl Cabbarov sistemli düşünməyi bacaran intellektualdır və dəqiq hədəflərə yönələn “yol xəritəsi” asasında çalışan bir insandır. Hər halda ümid edək ki, hər iki nazirlikdə yaradılan sağlam bünövrə dağıdılmayacaq, əksinə, milli mənafelərin və demokratik idarəçiliyin yeni mexanizmləri ilə zənginləşdiriləcək”.
 

O əlavə edib ki, son iki il ərzində hökumətin tərkibində xeyli dəyişiliklərin aparıldığını görmək olur: “Deməli, ölkə rəhbəri gələcək prezident seçkiləri və ondan sonrakı dövrün yeni komandasını ortaya qoyur, məmurların millət qarşısındakı fəaliyyətinə hansı prinsiplərlə yanaşdığının dəqiq mənəvi, siyasi prinsiplərini müəyyənləşdirir. Prezidentin elan etdiyi kurs seçki amilindən daha çox onun strateji planları ilə bağlıdır. Azərbaycan yeni dövrə qədəm qoyur və effektli idarəçilik siyasi, hərbi və sosial sabitliyin bir nömrəli təminatçısıdır. Ona görə də struktur islahatları qaçılmazdır”.

Xəbər xətti