Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələri genişlənir

18:49 - 3 Oktyabr 2017 - KİVDF

Heydər Əliyev adına Mədəniyyət Mərkəzi bu əlaqələrin inkişafında önəmli rol oynayır

Azərbaycanın Özbəkistandakı diaspora təşkilatlarından biri də Heydər Əliyev adına Mədəniyyət Mərkəzidir. Bu mərkəz iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfələr verir. Mərkəz azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşir və onun əsaslı təmir və bərpadan sonra (2010-cu il) açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev  (Özbəkistanın indiki prezidenti) iştirak ediblər. Mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir, binanın qarşısında ulu öndərin büstü qoyulub. 2015-ci ilin 12 dekabr tarixində Heydər Əliyevin anım günündə Daşkənddə Mirabad rayonunda Heydər Əliyev küçəsində, ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzinin qarşısında onun xatirə löhvəsi qoyulub.

 Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, mərkəz iki ölkə arasında bütün istiqamətdə əlaqələrin inkişafında öz töhvəsini verir. " Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın, eləcə də ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb". O deyib ki, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi, beynəlxalq tədbirlərdə ölkəmizin iştirakı, əlamətdar günlərin qeyd olunması, Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinə dair həqiqətlərin yayılması, ulu öndər Heydər Əliyevin irsinin təbliği, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə islahatların aparılması, qarşılıqlı səfərlərin təşkili, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, dövlətçiliyimiz, tariximiz, mədəniyyətimizlə bağlı təbliğat işlərinin aparılması, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin, dünyalarını dəyişmiş tanınmış soydaşlarımızın xatirələrinin əbədiləşdirilməsi Mərkəzin işinin prioritet istiqamətləridir. Qeyd edilib ki, Özbəkistan KİV-lərində Azərbaycanla bağlı materialların verilməsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda, həmçinin AMM-nin təşəbbüsü ilə Özbəkistanda çap olunan kitabların təqdimatlarının, mədəni tədbirlərin, sərgilərin baş tutması istiqamətində də əməli işlər görülüb. 2017-ci ildə təbii ki, bu istiqamətlərdə işlər davam etdiriləcək.

Bundan başqa, bu il Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdəki park - bulvarda Azərbaycan mədəniyyət günləri keçirilib. AMM-nin direktoru Samir Abbasov deyib ki, Azərbaycan mədəniyyət günlərinin keçirilməsində əsas məqsəd qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə ölkəmizin zəngin mədəniyyətini təbliğ etmək, xalqlarımız arasında dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Samir Abbasov Səmərqənd şəhərindəki Azərbaycan mədəniyyət günləri çərçivəsində silsilə tədbirlərin keçirildiyini və bu məqsədlə şəhərin mərkəzindəki park-bulvarda Azərbaycan və özbək musiqilərindən ibarət konsert proqramı, Səmərqənd Dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfrans keçirildiyini söyləyib. Diqqətə çatdırıb ki, mədəniyyət günləri çərçivəsində Səmərqənd kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunub, Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefi vurulub. Diqqətə çatdırılıb ki, turizmə dair təbliğat işini gücləndirmək, özbək turistlərini ölkəmizə cəlb etmək məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan videoçarx Özbəkistan Dövlət Televiziyasında nümayiş etdirilib. Videoçarx Özbəkistanın “Mədəniyyət və Mərifət” telekanalında da verilib. Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, İçərişəhər, şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi, Dənizkənarı Milli Park öz əksini tapıb. Videomaterialın musiqisində “Qarabağ şikəstəsi”dən istifadə olunub.

S.Abbasov bildirib ki, 2016-ci ildə Daşkənddəki Vestminister Universiteti, İslam Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti, Səmərqənd Dövlət Universiteti, Daşkənd Beynəlxalq Məktəbi, Daşkənddəki Britaniya Məktəbi ilə əlaqələr genişləndirilib, keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgi və stendlərdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı faktlar öz əksini tapıb, ermənilərin saxtakarlıq siyasətinə dair nəşrlər nümayiş etdirilib, Azərbaycan mədəni irsi ilə əlaqədar təbliğat işləri aparılıb, bu haqda materiallar yayılıb. AMM-nin direktoru deyib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Qarabağ geyimlərinin maraqlı kompozisiyası yaradılıb və müxtəlif tədbirlərdə nümayiş etdirilib və bu iş davam etdiriləcək. Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.

Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov iki dövlət və xalqlarımız arasında dostluq əlaqələrindən danışıb, qardaş Azərbaycana Səmərqənddə böyük maraq olduğunu bildirib. O, Səmərqəndin açıq havada bir muzey olduğunu söyləyib, şəhərdəki tarixi abidələrin tikilməsində azərbaycanlı memarların da böyük əməyi olduğunu vurğulayıb.

Səmərqənd Vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bu həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd edib. O, AMM-nə belə silsilə tədbirlərin təşkilinə və mədəniyyətimizi Özbəkistanda bu səviyyədə təbliğinə görə minnətdarlığını bildirib. Parkda təşkil olunan fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin təbiətinə, tarixi abidələrinə dair fotoşəkillər nümayiş etdirilib. Park ərazisində yaradılan ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən, milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük marağına səbəb olub.Milli suvenirlərimiz, mədəniyyətimizə dair eksponatlar, Azərbaycanın müxtəlif regionlarında hazırlanan xalçalarımız, habelə milli musiqi alətlərimiz də maraq doğurub.

Tədbir çərçivəsində AMM-nin təşəbbüsü ilə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, habelə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, dövlətçiliyimizə dair kitablar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunan nəşrlər nümayiş etdirilib. Qonaqlar Azərbaycan çayına, milli şirniyyatlarımıza qonaq edilib.

Martın 29-da isə Prezident Kitabxanasında "Azərbaycan ədəbiyyatı özbək dilində" layihəsinin təqdimatı keçirilib. Təqdimatı açan Kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, iki ölkə arasında inkişaf etmiş siyasi münasibətlərlə yanaşı, Azərbaycan və özbək xalqları arasında dərin köklərə malik olan mədəni-ədəbi əlaqələr də genişlənməkdədir.  Bu əlaqələrin bariz nümunəsi olaraq, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan ədəbiyyatının klassikləri, Azərbaycanın müasir şair və yazıçılarının əsərləri, eləcə də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə edilib..24 adda müxtəlif mövzulara dair özbək, Azərbaycan, türk və rus dillərində nəşr edilmiş bu kitablarla yanaşı bir neçə Azərbaycan filmi də dublyaj olunaraq özbək qardaşlarımızın istifadəsinə verilib.

(ardı var)

 

Xəbər xətti