Ana səhifə
19 Noyabr 2018

ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil

Nazim İbrahimov: " Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək "

"Ümumrusiya Azərbaycan Konqresinin ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılandı. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək". Bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. N.İbrahimov bildirib ki, bununla bağlı indidən fikir söyləmək tezdir: “Sentyabrda Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarını gözləmək lazımdır. Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən mənfi qarşılanan bir haldır. Biz düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür”. Komitə sədri qeyd edib ki, hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər: “İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, biz fikrimizi bildirəcəyik".
Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi Azərbaycanda birmənalı qarşılanmır və iki ölkə arasında münasibətlərə təsir etdiyi bildirilir. ÜAK-ın  qeydiyyatının ləğvinin yaratdığı narahatlıq açıqlamalarda da açıq aydın görünür. Məsələn, Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov bunu müəyyən qüvvələrin Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığa zərər vurmaq cəhdi kimi qiymətləndirir. Deputatın sözlərinə görə, ÜAK hər zaman Rusiyanın siyasətini dəstəkləyib. S.Novruzov hesab edir ki, belə məsələnin yaranması iki ölkə arasında narazılıq səbəb olub: "İki dövlət arasında əlaqələri korlamaq istəyənlər anlamalıdırlar ki, Azərbaycan-Rusiya münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan regionda mühüm rol oynayır. Eyni zamanda, Rusiyanın Türkiyə və İranla münasibətlərində xüsusi rol oynayır".
Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə bildirib ki, iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz. O qeyd edib ki, bu hər iki ölkənin dostluq münasibətlərinə xaincəsinə atılan güllədir. Görünür, Rusiyadakı antiazərbaycan dairələr, xüsusən erməni lobbisi Rusiya-Azərbaycan arasında münasibətlərini yenidən sınaq qarşısında qoymaq istəyir. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Eyni zamanda, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır".
S.Vəliyeva düşünür ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin Rusiyada qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin xarakterinə ziddir: "Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən ciddi faktordur. Burada ölkəmizə qarşı kin və qərəzin də olduğu aydın görünür. Ona görə ki, çoxmillətli Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Axı Rusiya cəmiyyətində böyük hörmətə və nüfuza sahib olan Ümumrusiya Azərbaycanlıları Konqresi kimi ciddi bir təşkilatın texniki məsələlərə görə qeydiyyatının ləğvi hüquqi cəhətdən də düzgün deyil. Həmçinin, bu addım Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır. Rusiyada hüquq təmsilçiləri çalışmalıdırlar ki, hər iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməsinlər".
Diasporla İş üzrə Dövlət Komitəsi də Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı narahatlığını bildirmişdi. "2017-ci il mayın 15-də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qarşılanıb. Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin edib və bununla da ədalətsizliyə yol verib".
Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq, bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir: "Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.
Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq, bir daha vurğulamağı vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər".
Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət qurumlarının, habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. Ümumrusiya Azərbaycan Konqresinin bütün qurultayları, toplantıları Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilib. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülüb. Buna görə də məhkəmənin qərarında göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar var:
"Məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq. ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq".
Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri də  münasibət bildirmişdi. "Ü mumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, Konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər. Səfirin sözlərinə görə, onlar ÜAK Rusiya Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə qeydiyyat məsələsi ilə bağlı xəbərdarlıq alsa da, buna reaksiya verməyiblər: "Bizim fikirmiz budur ki, bütün təşkilatlar mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatları Azərbaycan qanunvericiliyinə riayət edir". Rusiyalı diplomat deyib ki, RF üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir: "Və ümid edirik ki, bu insident bizim münasibətlərə heç bir mənfi təsir göstərməyəcək".
V.Doroxin əlavə edib ki, bu məsələnin həlli üçün işlər görüləcək.
Görünür məsələ yaxın günlərdə öz müsbət həllini tapacaq. Diaspora təşkilatmız uğurlu fəaliyyətini davam etdirəcək.

Tarix
24 Avqust 2017 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin