ARGTMŞ nümayəndəsi Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib

11:49 - 24 İyul 2017 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Məryəm Məcidova gənc təmsilçi olaraq Nyu-Yorkda yerləşən BMT baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda iştirak edir. 
Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ilk Könüllü Milli İcmalı Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov tərəfindən təqdim edilib. Təqdimatda Azərbaycanın İnkişaf Gündəliyində Dayanıqlı İnkişaf Məsələləri, Minilliyin İnkişaf Məqsədlərində əldə olunan nailiyyətlər, DİM-lərin milli prioritetlərə uyğunlaşdırılması prosesi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirləri, Azərbaycanın ilk Könüllü Milli İcmalı və gələcək addımlar barəsində geniş məlumat verilib. 
Qeyd edək ki, Milli Şuranın nümayəndəsi Məryəm Məcidova Azərbaycanın Milli İcmalının təqdimatı zamanı rəsmi olaraq BMT-nin Uşaq və Gənclər üzrə Əsas Qrupunu təmsil edib. 19 iyul tarixində baş tutan hesabat zamanı o, öz çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinə tam çatılması üçün gənclərin Azərbaycan hökumətinin siyasətinə dəstəyinin tam olduğunu vurğulayaraq, Azərbaycan gənclərinin bu prosesə fəal qoşulduğunu və BMT-nin müvafiq qurum və agentlikləri ilə əməkdaşlığa cəlb olunduğunu qeyd edib.
Xatırladaq ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin sentyabrın 25-27 tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 
Məlumat üçün bildirək ki, Gənclər Təşkilatları Milli Şurası ölkədə Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlılığın artırılması və göstərilən problemləri həll etmək üçün Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə “Gənclər Daha Yaxşı gələcək Uğrunda” Kampaniyası çərçivəsində “Azərbaycan Gəncləri Daha Yaxşı Gələcək Uğrunda: Dayanıqlı İnkişaf Məqsədləri” layihəsini 15 noyabr 2016 - 15 iyun 2017-ci il tarixlərində həyata keçirib. Kampaniya gənclərin ictimai-sosial mövqeyinin formalaşması və beləliklə daha yaxşı gələcəkdə yaşamaları üçün məşğulluq, təhsil  sahəsində çatışmazlıqlar, sağlamlıq məsələlərində məlumatsızlıq kimi sahələri əhatə etməklə 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan Keyfiyyətli Təhsil, Gender Bərabərliyi, Yaxşı Səhiyyə və Rifah adlı 3 məqsədi özündə birləşdirir. 
Dayanıqlı İnkişaf Məqsədlərinin formalaşdırılmasına dəstək 2014-cü ilin iyul – avqust aylarını əhatə edən Gənclər arasında Milli Məsləhətləşmələrin həyata keçirilməsi ilə başlayıb. Gənclər və İdman Nazirliyi, Milli Şura və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən Milli Məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Quba şəhərlərində QHT-lər, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib. Tədbirlərdə iştirakçılar tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa məsələlər müzakirə olunmuş və ortaya çıxan problemlərin həllinə dair təkliflər verilib. Milli Məsləhətləşmələr çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı Birləşmiş Millətlər Təşkilatının Baş ofisinə təqdim olunub. Bunun nəticəsində həyata keçirilən fəaliyyət və nəticələri BMT-nin İnkişaf Proqramının yekun hesabatında öz əksini tapıb.

 

Xəbər xətti