Qax-Zaqatala avtomobil yolu təmir edilir - VİDEO

12:22 - 8 İyun 2017 - ÖLKƏ İÇİ

“Azəravtoyol” ASC Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması işlərini davam etdirir. Qurumdan Ucnoqta.az-a verilən məlumata görə, uzunluğu 29,8 km olan yolun Qax rayonu ərazisindən keçən 8,4 km-lik hissəsində torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılır.

3-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 12 m, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m, çiyinlərin bərkidici zolaqla birgə eni 2,5 m-dir. Ümumilikdə yolun 320 min m2 sahəsinə 3 qat olmaqla və 22 sm qalınlınğnda asfalt-beton örtüyünün salınması nəzərdə tutulur.

Bundan başqa, layihə çərçivəsində 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub. Artıq sözügedən işlərdən Qum çayı üzərində uzunluğu 18 m və 1 aşırımlı körpünün tikintisi başa çatdırılıb. Süskənd çayı üzərində yerləşən 2 aşırımlı və uzunluğu 36 m olan avtomobil körpüsünün isə tikintisi davam etdirilir. Həmçinin 6 yerdə ümumi uzunluqları 90 m olan dəmir-beton suötürücü boruların da quraşdırılması yekunlaşdırılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 75 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işi aparılacaq.

Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 km-lik məsafə qısalaraq 36 km olacaq.

 

Xəbər xətti