Azərbaycan idman ölkəsi və tolerantlıq məkanıdır

18:42 - 25 May 2017 - KİVDF

Deputat:" İslamiada islamın sülh dini olduğunu dünyaya bir daha sübut etdi"

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizə uğur gətirdi və bütün dünyaya islam dininin sülh, həmrəylik, dostluq dini olduğunu bir daha sübut etdi. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. Deputat hesab edir ki, Azərbaycanda keçirilən idman yarışları gələcəkdə ölkəmizə daha çox turistin gəlməsinə, ölkəmizin biznes, mədəni əlaqələrinin güclənməsinə, eyni zamanda Azərbaycanı dəstəkləyən insanların sayının artmasına səbəb olacaq: "Azərbaycan Prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə İslam Oyunlarına düzgün qiymət verərək bildirdi ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun, mədəniyyətimizin, qonaqpərvərliyimizin, ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir daha göstəricisi oldu. IV İslam Həmrəylik Oyunları Prezident İlham Əliyevin də söylədiyi kimi təkcə idman yarışı deyildi, eyni zamanda ölkəmizi, İslam dünyasını yenidən təqdim etmək mərasimi idi ki, Azərbaycan bunun öhdəsindən yüksək səviyyədə gəldi".
Azərbaycana gələn qonaqlar bir daha öz gözləri ilə ölkəmisdəki tolerant mühiti gördülər.  Bununla bağlı M.Quliyev qeyd edib ki, oyunlarda iştirak edən idmançılar, məşqçilər, onlara azarkeşlik edənlər, yarışlara baxmaq üçün turist kimi ölkəmizə gələnlər bu ərəfədə təkcə idmanla maraqlanmaqla kifayətlənmədilər: "Onlar eyni zamanda, ölkəmizin, şəhərimizin görməli yerlərində olub, mətbəximizlə, musiqimizlə tanış oldular. Müxtəlif millətlərin nümayəndələrinin mehriban, heç bir ayrı-seçkilik olmadan ölkənin maraqları, nüfuzu üçün çalışdıqlarının şahidi oldular. Azərbaycanı dostluq, tolerant və multikulturalizm məkanı olaraq tanıdılar. Bundan başqa, şəhərimizə gələn qonaqlar gələcəkdə özlərinin biznes layihələrini həyata keçirmək üçün Azərbaycandakı biznes mühiti ilə də tanış olmaq imkanı qazandılar". 
 Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin rahat bir ailə kimi yaşadığını görən İslam Oyunlarının iştirakçıları həm də Azərbaycan xalqının qonaqpərvərliyinin, tolerantlığının, qonaqlara olan hörmətinin bir daha şahidi oldular. "Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür", dövlət başçısı İlham Əliyev deyib.
İslamiadanın keçirildiyi 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması da göstərdi ki, ölkə rəhbərliyi bu Oyunlara indiyə qədər evsahibliyi etdiyimiz çoxsaylı beynəlxalq idman tədbirlərindən hər hansı biri kimi yox, dünyanın ən yeni tarixində İslam sivilizasiyasının əsas mərkəzlərindən olaraq Azərbaycanın üzərinə düşən əhəmiyyətli missiyanın vacib tərkib hissəsi kimi yanaşır. Danılmaz həqiqətdir ki, xalqımızın milli-mədəni özünəməxsusluğunun qorunmasında, tarixi proseslərdə hər hansı mədəni aşınmaların baş verməməsində milli-mənəvi dəyərlərimizin əsas mühafizlərindən biri kimi İslam dininin böyük rolu olub. Ölkəmizdə din-dövlət münasibətlərinin aydın bir müstəvidə qurulması, bu münasibətlərin sağlamlığı, cəmiyyətdə mövcud olan dini dözümlülük mühiti Azərbaycanın ən mühüm nailiyyətlərindən biri olduğunu İslam Oyunları bir daha göstərdı. Respublikada müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər dinlərə mənsub insanlar sıx dostluq, qardaşlıq şəraitində yaşaması, dövlətin diqqət və qayğısından yararlanması ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsidir ki, bunu qonaqlar çox yaxşı görür və təqdir edirdilər.
lV İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Bunu  isə millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, lV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi:"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına təkcə idman tədbiri kimi baxmamalıyıq. Bunu dövlət başçısı İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə çox incəliklə vurğuladı. Bu tədbir həm də millətlər, dövlətlər, xalqlar arasında yaxınlaşmadır, siyasi, iqtisadi və mədəni əməkdaşlıqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bütün hərəkətlərimiz, davranışımız, tədbirlərimizlə dünyaya sülh mesajı verməliyik, bizim həmrəyliyimiz nümunə olmalıdır. Bu gün İslam dünyasında münaqişələr, vətəndaş qarşıdurması və sair kimi xoşagəlməz hallar baş verir. Bunlara son qoyulmalıdır. Biz dünyaya nümayiş etdirməliyik ki, İslam dini humanizm, sülh, vətənpərvərlik dinidir. Biz sübut etməliyik ki İslam dini terror deyil. Bütün bunların qarşısını almaq üçün İslam ölkələri arasında həmrəylik, tərəfdaşlıq olmalıdır, sülh bərqərar olmalıdır. İnanıram ki, Azərbaycan bu sahəyə töhvə vermiş bir dövlətə çevriləcək".
Deputat qeyd edib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunlarının keçirilməsi bunu bir daha təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan nəinki Qərbdə bəzi təbəqələrin iddialı mentorluğuna ehtiyac duymur, hətta o özü elə həmin Avropaya çox şeyi öyrədə bilər.  Azərbaycan İslam Oyunlarından başqa bir çox beynəlxalq tədbirlərə də evsahibliyi edib, bundan sonra da edəcək. Bu tədbirlərdə də özünün sabit, tolerant. Inkişaf edən ölkə olduğunu göstərir və göstərəcək. Artıq dünya bunu bir sıra tədbirlərdə aydın görüb. Məsələn, multikulturalizmin perspektivsiz və hətta uğursuz olması barədə avropalı siyasətçilərin açıq bəyanatları fonunda Azərbaycan hər il Bakı Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi aktual tədbirlərə inamla ev sahibliyi edir. Bu tədbirlərin başlıca yekunu ondan ibarətdir ki, Azərbaycanda multikulturalizm yaşayır və sivilizasiyalararası dialoqun alternativi yoxdur. İslam dininin mütərəqqi, elm, mədəniyyət, sülh və mərhəmət dini olduğunu göstərir. Azərbaycanın tolerantlıq məkanı, xalqımızın multikultural ruhun daşıyıcısı olduğunu bir daha ortaya qoyur.. Bizi qarşıda Formula-1 Azərbaycan Qran-Pri turniri, qadınlar arasında voleybol üzrə Avropa çempionatı və futbol üzrə Avropa çempionatının oyunları gözləyir. 
Qeyd edək ki,  ölkəmiz bu gün qlobal miqyasda əsl islami dəyərlərə sahib çıxan, bu dəyərləri hər hansı siyasi məqsədlər üçün vasitəyə çevirmədən qorumağa, zamanın çağırışları ilə uzlaşdırmağa, dünyaya onun üstünlüklərini, bəşəriyyət üçün faydalı cəhətlərini göstərməyə çalışan çox az sayda müsəlman ölkələrindən biridir və bəlkə də birincisidir. Bu gün bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Şübhəsiz ki, İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən, qeyri-düzgün şərhindən irəli gəlir. İslam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq.
İslam Oyunları da bütün dünyaya bunu göstərdi.

 

Xəbər xətti