Bir sıra qeyri-ənənəvi dini təriqətlər ideologiyalarını ölkəmizdə yaymağa cəhd göstərir

18:11 - 3 Mart 2017 - KİVDF

Azərbaycanda dini radikalizmə qarşı ciddi mübarizə aparılır

Azərbaycanda müstəqillik illərində cəmiyyətin dini həyatında ciddi müsbət dəyişikliklər baş verib. Hər şeydən əvvəl, dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılıb, dövlət, sözün həqiqi mənasında, vicdan azadlığının təminatçısı olub. Azərbaycan dövləti dünyəvi bir dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu dövlətin siyası qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır, vətənə məhəbbət hissini gücləndirir. Dövlətin imanlı, əqidəli vətəndaşlara ehtiyacı var və dövlət mənəviyyatı milli sərvətin tərkib hissəsi kimi qiymətləndirir, ona qayğı qöstərir. Dövlətin dinə münasibətində də siyasətinin əsasını məhz bu amil təşkil edir. Digər tərəfdən, bu gün Azərbaycan xarici aləmə açıq cəmiyyətdir. Müstəqil Azərbaycanda xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, müxtəlif mədəniyyət mərkəzləri, humanitar yardım və xeyriyyə təşkilatları, ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət göstərir. Belə bir mühitdə Azərbaycanda ciddi işlər görülür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirir ki, Azərbaycanda vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyət davam etdirilir. Bununla belə son dövrlərədək əhalinin böyük əksəriyyətinin xəbəri olmayan müxtəlif yönümlü, Azərbaycan üçün xas olmayan dini əqidələr, qeyri-ənənəvi dini cərəyanlardan törənmiş sektalar cəmiyyətə nüfuz edir, müxtəlif yollarla insanların şüuruna və qəlbinə yol tapır. Bir sıra qeyri-ənənəvi dini təriqətlər ideologiyalarını ölkəmizdə yaymağa cəhd göstərərək müəyyən sayda ölkə vətəndaşlarını öz sıralarına cəlb etməyə nail olur. Bu isə digər sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də qətiyyətli, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini gündəmə gətirir. Hazırda dini durumla bağlı narahatlıq doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə çalışması və dindarlar arasında radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Siyasi mübarizədə din amilindən bəhrələnmək məqsədilə ictimai təşkilatlar, birliklər yaradır və əhalinin dindar təbəqəsini siyasi proseslərdə fəal iştiraka çağırırlar. Siyasi fikirlərini əsaslandırmaq, məqsədlərinə çatmaq üçün isə Quran ayələrinə və peyğəmbər hədislərinə istinad edirlər. Nardaran hadisələrini buna nümunə olaraq göstərmək olar. həmin hadısəni törədən radikalların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirmək idi. Vaxtında da onlara qarşı tədbirlər görüldü. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu hadisənin "respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi" kimi qiymətləndirdi. Hər iki qurumun verdiyi rəsmi məlumata görə, həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi» adlı hərəkat yaratmışlar, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı teror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Hər iki qurumun rəsmi məlumatına görə, həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü öldürülüb (daha bir nəfər hadisədən sonra Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib). Daha bir neçə nəfər yaralanıb. Toqquşma nəticəsində iki polis əməkdaş da öldürülüb. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb.
 Bu yaxınlarda isə Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da əsasən Bakı şəhərində yaşayıb, amma mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində qanunsuz dini fəaliyyətlə məşğul olub.
S.Heydərovun sözlərinə görə, S. Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib: “Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, o 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakültəsində təhsil alıb”.
Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı cümə məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib: “Bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.
Qüeyd edək ki, Cinayət Məcəlləsinə əlavə olunan 168-1-ci maddədə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərinin pozulması halları ilə əlaqədar cəzalar nəzərdə tutulub. Həmin maddəyə görə, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Bundan başqa, həmin əməllər təkrar, habelə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Siyavuş Heydərov bildirib ki, bununla yanaşı, dini ekstremizm və radikalizmlə mübarizə sahəsində də geniş tədbirlər həyata keçirilir. "Qeyd edim ki, dini radikalizmlə mübarizə sahəsində prioritetlərimiz əsasən üç istiqamət – ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması üzrə müəyyənləşdirilib və icrası sistemli formada həyata keçirilir. Biz o qənaətdəyik ki, dini radikal elementlərə qarşı mübarizədə əsas faktor real alternativ ənənəvi dini təbliğatın aparılmasının gücləndirilməsidir. Apardığımız müşahidələr göstərir ki, radikal, o cümlədən qeyri-ənənəvi təriqətlərin təbliğatı bir çox hallarda ölkədəki milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil etdiyi üçün cəmiyyətdə ciddi narahatlıq doğurur. Bildiyiniz kimi, qeyri-ənənəvi cərəyanlar özlərinə tərəf əsasən gəncləri çəkməyə “müvəffəq olurlar”. Bunun bir səbəbi onların dünyagörüşünün, dini savadının kifayət qədər olmamasıdırsa, digər səbəbi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən attestasiyadan keçməyən bəzi “mollalar”ın dini düzgün təqdim etməməsidir.
(ardı var)

 

Xəbər xətti