Tolerantliq siyasətimiz səmimidir,ədalətlidir, prinsipialdır və cəsarətlidir

18:32 - 1 Mart 2017 - KİVDF

Dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunə və mühüm təcrübədir

"Biz iqtisadi çətinliklərlə, siyasi kataklizmlərlə, təbiət hadisələri ilə üz-üzə gələndə o qədər də əziyyət çəkmirik. Əksinə artıq son illərin, son onilliklərin nəticəsində yaranmış sivilizasiyalararası, dinlərarası münasibətlərdən, ziddiyyətlərdən daha çox əziyyət çəkirik”. Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Sədr müavini qeyd edib ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. " Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq". Onun sözlərinə görə, Prezident İlham Əliyev bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi vaxtında atılan sddımdır. "Bu qərarın verilməsini şərtləndirən bir sıra vacib məqamlar var. Bu məqamlar, əlbəttə ki, müasir dünyamızda bizi narahat edən bəşəriyyəti, insanlığı, dövlətləri, onlar arasındakı münasibətləri təhdid edən müxtəlif çağırışların meydana gəlməsidir. Bu çağırışlar istər ayrı-ayrı ölkələrin daxili vəziyyətini, istərsə də beynəlxalq aləmdəki durumunu getdikcə daha da çətinləşdirməkdədir".
Baş nazirin müavini Əli Əhmədov da bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək qiymətləndirib. Əli Əhmədov vurğulayıb ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən Baş nazirin müavini dövlətimizin İslamın dəyərlərinə və irsinə həssas münasibətindən və qayğısından söhbət açıb. O, Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etdiyini söyləyib. Əli Əhmədov bildirdi ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirir.
Bu məsələlərlə bağlı Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var”. Komitə sədri bildirib ki, bu gün islam dünyasında həmrəyliyə çox böyük ehtiyac var: “Bu gün islam dünyası müasir prosesdə çox böyük və vacib yer tutur. Ona görə də, islam dünyasınıda bu həmrəyliyi yaratmaq, müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsinə, mesajın verilməsinə böyük ehtiyac var idi. Azərbaycanda 4-cü İslam Oyunlarının keçirilməsi və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi islam dünyasında problem və çətinliklərin, ayrı-ayrı islam ölkələri arasındakı qarşıdurma və ziddiyətlərin aradan qaldırılması istiqamətində addımların atılması və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək”.
Komitə sədri vurğulayıb ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib: “Müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında əhəmiyyətli işlər görülüb”.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə qeyd edib ki, düşünülmüş və hərətəfli siyasətin real nəticəsidir ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. "Belə ki, bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. “İslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır. Həmçinin bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanımızın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.
Yuxarıda sadalananların məntiqi yekunu kimi, bir mühüm faktoru da əlavə etmək yerinə düşər. Tarixən İslam dünyasının bir parçası, mədəni və dini mərkəzlərindən biri olan Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz müxtəlif məsələlərlə əlaqədar müsəlman dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları var, ayrı-ayrı müsəlman ölkələri arasında da qarşıdurmalar mövcuddur. Bunlar bəzən təriqət, məzhəb fərqliliyi fonunda ortaya çıxır. Azərbaycan isə bütün müsəlman ölkələri ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir. Məhz buna görədir ki, Azərbaycan İslam dünyasında da özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunədir. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.
Beləliklə, getdikcə dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar daha tez-tez etiraf etməkdədilər ki, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunə və mühüm təcrübədir.

 

Xəbər xətti