Bahar Muradova: "Azərbaycanla hesablaşmayanların aqibəti Lapşinin aqibəti kimi ola bilər"

17:13 - 8 Fevral 2017 - Xəbər

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası ədalətin təntənəsidir. Bunu Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
A. Lapşinin ekstradisiyasını Azərbaycan dövlətinin siyasətin nəticəsi sayan B.Muradova qeyd edib ki, Azərbaycanla, onun qanunları ilə hesablaşmayanların aqibəti A.Lapşinin aqibəti kimi ola bilər.
MM sədrinin müavini əlavə edib ki, A.Lapşinin ekstradisiyası Azərbaycanı, onun qanunlarını nəzərə almadan ictimaiyyəti işğal olunmuş ərazilərə qanunsuz səfərlər etməyin mümkünlüyünə inandıran dairələrin iflasa uğramasıdır.
B.Muradovanın sözlərinə görə, bu addımın atılması Dağlıq Qarabağ seperatçı rejiminə, özünü “demokratik” ölkə kimi tanıtdırmaq istəyən Ermənistana və onu dəstəkləyən dairələrə, eyni zamanda A.Lapşin kimi hərəkətlər etmə barədə düşünənlərə bir mesajdır.
Ermənistanın Xarici İşlər Nazirliyinin A.Lapşinin ekstradisiyasının insan haqlarının, demokratiyasının pozulması kimi qiymətləndirməsinə münasibət bildirən B.Muradova əlavə edib ki, bu məsələlərlə bağlı danışmaq imkanı ən son halda Ermənistana verilə bilər.
MM sədrinin müavini hesab edir ki, A.Lapşinin ekstradisiyası beynəlxalq hüquqa - ölkələrarası ekstradiyaya dair müqavilələrə tam uyğundur:
“Hazırkı şəraitdə ölkələrin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını, beynəlxalq hüququn prinsipləri altında qorunmalı olan məsələlərin diqqətdən kənar qalmasını eyninə almayan, bu hüquqları pozmağı özü üçün qəhrəmanlıq sayan Lapşin kimi adamların mövcudluğu Ermənistanın və onun rəsmilərini bu şəkildə danışmağa vadar edir. Hesab edirəm ki, bu ekstradisiya ilk növbədə həm Azərbaycan, həm Belarus hökumətinin beynəlxalq hüquqa və ölkələrarası münasibətlərə, müqavilələrə sadiqliyinin və hüquqa söykənən münasibətinin göstəricisidir. Bunu da hər kəs qəbul etməlidir. Ermənistan isə artıq bu istiqamətdə bu günə qədər gördükləri işin iflasa uğramalarının fərqindədir. Ona görə də düşünürəm ki, onların narahatlıqları “anlaşılan”dır.”

Xəbər xətti