Həmrəylik, birlik, tolerantlıq hamı tərəfindən qorunur

18:01 - 8 Fevral 2017 - KİVDF

Bütün dini etiqadlar qanun qarşısında bərabərdi


Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Dövlət-din münasibətlərini tənzimləyən kifayət qədər qanun var və bu qanunlara uyğun da dövlətin siyasəti, vətəndaşların hüququ təmin edilir. Bunun nəticəsidir ki, insanların dini azadlıq, müxtəlif dini konfessiyaların birgəyaşayışı mövcuddur. Vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib. Azərbaycan özünün dünyəvi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə həmişə sadiq qalıb, bərqərar olunmuş sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz və sağlam cəmiyyətdə yaşaması üçün zəruri tədbirlər görür. Bütün bunların fonunda həmrəylik, birlik, tolerantlıq və multikulturalizmin hamı tərəfindən qorunur. Bunların fonunda az da olsa bəzi neqativ hallara rast gəlinir. Bu da ilk növbədə xarıcı təsirlərlə bağlı olur. Unutmayaq ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Bunun əsas səbəblərindən biri də müsəlmanlar arasında sürətli parçalanmanın mövcud olmasıdır. Təəssüflə qeyd etməliyik ki, məzhəb ayrı-seçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Onların təsiri ölkəmizdə də hiss olunur. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov  bununla bağlı bildirib ki, bəzi qüvvələr din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlər göstərir. Vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri göstərirlər.  Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən  ardıcıl mübarizə aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət KDQİDK-nın əməkdaşı Tərxan Paşazadə
Isə qeyd edib ki, dövlət milli və ideoloji təhlükəsizliyi baxımından ölkədəki dini radikal qüvvələrə qarşı qanunvericilik çərçivəsində bütün lazımi tədbirləri mütəmadi həyata keçirir, problemin həlli istiqamətində müvafiq işlər gördüyü halda təəssüf ki, ənənəvi dindar kəsimin bir hissəsi məsələyə sanki biganə yanaşır. "Müşahidə və təcrübələr onu deməyə əsas verir ki, Azərbaycanda radikallarla mübarizədə həm Dövlət Komitəsinin, həm Qafqaz Müsəlmanları İdarəsinin, həm də hüquq-mühafizə orqanlarının adları daha çox çəkilir. Məscidlərdə qeydiyyatdan keçən və hüquqi status alan bəzi dini icmalar isə radikal qüvvələrə qarşı mübarizədə bir çox halda ya yaxalarını kənara çəkir, ya da heç bir adekvat iş görmədən problemin yalnız dövlət qurumları tərəfindən həllini gözləyirlər". 
Onun sözlərinə görə, buna qətiyyən yol verilməməlidir, çünki məsciddə qeydiyyatdan keçmiş icmalar təmsil etdikləri ərazinin həm dini, həm də icma kimi hüquqi məsuliyyətini daşıyırlar. Ümumi müşahidələr göstərir ki, radikal qruplar dini icmaların praktiki fəaliyyət göstərməyən, yaxud zəif fəaliyyət göstərən məscidləri ələ keçirməyə çalışırlar. Onlar nəzarətsiz, boş olan məscidlərdə qısa müddətdə öz icmalarını yaradır, hətta aralarından namaz qıldıracaq imamları seçib mütəşəkkil fəaliyyətə yönəlirlər. Bu baxımdan dini icmalar daha diqqətli olmalı, məscidləri nəzarətsiz qoymamalı, ibadətgahdakı daxili nizam-intizamın qorunmasına maksimum riayət etməlidirlər. " Təbii ki, məsələnin mənəvi məsuliyyətinin nə qədər ağır olduğunu dindarlar daha yaxşı anlayırlar. Ona görə də, dini icmalar radikal cərəyanlarla mübarizədə daha aktiv olmalı və önə çıxmalıdırlar. Bu halda təbii ki, başda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olmaqla digər müvafiq dövlət qurumları və Qafqaz Müsəlmanları İdarəsi öz növbəsində həmin icmaları yüksək şəkildə dəstəkləyəcəkdir.
İlk növbədə dini icmalar öz fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları, onların buraxdığı nöqsanlardan yararlanıb öz təbliğatlarını apara bilməsinlər",- o deyib. 
Onun fikrincə, əvvəlcə dini icma üzvləri özləri radikal dini qrupların ideoloji əsasları və mənfi təzahürləri barədə maariflənməli, sonra təmsil etdikləri ərazidəki insanlara həmin bilgilərin mütəmadi ötürülməsinə çalışmalıdırlar. "Marifləndirmə tədbirləri icmadaxili yığıncaqlarda geniş müzakirə olunmalı, sonrakı mərhələdə əhalinin sıx gəldiyi dini mərasimlərdə, yaxud yas məclislərində də aparılmalıdır. Lakin söhbətlər zamanı etik qaydalara maksimum diqqət edilməli, qarşı tərəfdən provokasiya olsa belə, buna gedilməməli və əxlaq prinsipləri maksimum qorunmalıdır. Dini icmalar öz hüquqlarından istifadə edərək yerli mətbuatda da müvafiq mövzularda maarifləndirici yazılarla çıxış edə bilərlər".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, digər sahələrdə olduğu kimi, dini sahədə də dövlətin həyata keçirdiyi siyasət uğurla davam edir. "Azərbaycanda din pərdəsi altında gizlənən qruplar da var. Onlar din adı altında öz məqsədlərinə çatmağa cəhd göstərir. Müxtəlif radikal-ekstremist dini qruplar mövcuddur. Lakin onların Azərbaycanda ictimai-sosial həyatda yeri və dayaqları yoxdur. Burada dini radikal qrupların apardığı təbliğat onların istədiyi nəticəni vermir. Ona görə vermir ki, Azərbaycan xalqı ənənəvi islami dəyərlərə və qaydalara əməl edir. Ölkəmizdə müxtəlif radikal dini qrupları təmsil edənlərin təbliğ və təşviqatı xalqın əksəriyyəti tərəfindən qəbul edilmir. Biz Komitə olaraq, bu sahədə geniş maarifləndirmə işləri aparırıq. Tədbirlər - konfranslar, seminar-treninqlər, dəyirmi masalar və s. görüşlər keçirir, kitablar nəşr edirik. Xüsusilə gənclərin maarifləndirilməsi sahəsində geniş iş aparırıq. Televiziyalar, mətbuat, o cümlədən, Dövlət Komitəsinin qəzeti, jurnalı  və saytı vasitəsi ilə təbliğat işi aparılır. Bu işlər müəyyən nəticələr verir. Təbliğat işində biz  Qafqaz Müsəlmanlarıİdarəsilə ilə eyni istiqamətdə fəaliyyət göstəririk. Burada heç bir fikir ayrılığı yoxdur. Dini ekstremizm və radikalizmə qarşı mübarizədə dövlətlə dini qurumlar birgədir. QMİ ilə Dövlət Komitəsi bu sahədə sıx əməkdaşlıq edir".
Komitə sədrinin sözlərinə görə, radikal dini qrupların Azərbaycanda ifşası istiqamətində çox böyük işlər görülür. "Məhkəmələr gedir. Burada məsələ elədir ki, həm qrup şəklində, həm də fərd olaraq müəyyən hadisələr törədilib. Bunların hamısı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hüquq-mühafizə orqanlarımız dinlə bağlı məsələlərə yalnız o zaman müdaxilə edir ki, o adamlar və ya qruplar qanunu kobud formada pozur. Ola bilər ki, kimsə yanlışlıqdan, kimsə bilməməzlikdən hansısa radikal qruplara qoşulur, hansısa radikal ədəbiyyatı yaymağa çalışır, yaxud radikal xarakterli hərəkətlərə yol verir".
Komitə sədri qeyd edib ki, biz ən çox inandırma metoduna üstünlük veririk. "Biz hüquq-mühafizə orqanları ilə keçirdiyimiz müşavirələrdə söyləyirik ki, daha çox ideoloji metoda üstünlük verək. Yəni biz çalışmalıyıq ki, gənclərimiz, ümumiyyətlə, vətəndaşlarımız hansısa radikal qrupların təsirinə düşməsin, onlara üzv olmasın. Çünki o şəxsin cinayət məsuliyyətinə cəlb olunması bizim üçün əlverişli deyil. Biz çalışmalıyıq ki, insanlarımız bu məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin tələbinə uyğun olaraq qanun pozuntusuna yol verdiyinə görə həbs olunmasın. Çalışmalıyıq ki, bunun qarşısını alaq. Bunun üçün isə daha çox inandırma, təbliğat işinə böyük diqqət yetirməliyik".

(ardı var)

Xəbər xətti